Dünya (15-07-2015, 15:34)
1 saatı 4 milyon dollara başa gələn müharibə
ABŞ tərəfindən Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatın hər saatı ölkəyə təxminən 4 milyon dollara başa gəlir.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu, “National Priorities Project” təşkilatının araşdırmasında bildirilir.
“Press Tv” kanalının məlumatına əsasən, Pentaqonun Əfqanıstanda hərbi əməliyyat aparılmasına çəkdiyi xərclər ötən ilin sonunda ABŞ qoşunlarının əsas hissəsinin regiondan çıxarılmasına baxmayaraq, nəzərəçarpacaq olaraq qalmaqda davam edir.
2001-ci ildən indiyədək ABŞ 2015-ci ilin əvvəlindən etibarən xərclənən 35 milyard dollar da daxil olmaqla, Əfqanıstandakı hərbi əməliyyatların keçirilməsinə təxminən 715 milyard dollar xərcləyib.
Araşdırma nəticələrinə görə, sözügedən məbləğə gələcək xərclər, o cümlədən əməliyyat zamanı yaralanan əsgərlərin müalicəsi və reabilitasiyasının dəyəri daxil edilməyib.
Telekanaldan, həmçinin bildirilib ki, Əfqanıstana bir əsgərin bir il müddətinə göndərilməsi təxminən bir milyon dollara başa gəlir ki, bu da 2006-cı ildə çəkilən xərclər barədə məqalədə göstərilən rəqəmi iki dəfədən çox üstələyir.
Harvard Universitetindən olan iqtisadçı Linda Bilms İraq və Əfqanıstandakı müharibələri “ABŞ tarixində ən bahalı” müharibə adlandırıb.