Dünya / Slayd (16-06-2015, 13:05)
Bərzani müstəqil Kürdüstanı elan edəcəyi tarixi açıqladı
İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin yenidən bu vəzifəyə seçilərsə, 2 il içində Kürdüstanın müstəqilliyini elan edəcəyi iddia edilib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Rudaw” internet saytına danışan və adının açıqlanmasını istəməyən İraqın kürd muxtariyyətinin səlahiyyətlilərindən biri Məsud Bərzaninin yenidən rəhbər seçiləcəyi təqdirdə ilk 2 il içərisində Kürdüstanın müstəqilliyini elan edəcəyini söyləyib. Bərzani bu il avqustun 20-də keçiriləcək seçkilərdə yenidən namizəd olacaq.
İraqın şimalındakı digər Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) isə rəhbərlik seçkisinin avqustun 20-nə qədər təxirə salındığından xəbərsiz olduqlarını bildirərək Məsud Bərzanini tənqid edib. KYB-nin sözçüsü İmad Əhməd deyib: “Bərzaninin seçki tarixi ilə bağlı qərarı bizim üçün gözlənilməzdir”.
Məsud Bərzani 2005-ci ildə xalq tərəfindən, 2009-cu ildə isə millət vəkillərinin səsləri ilə İraqın kürd muxtariyyətinin rəhbəri seçilib. Bərzaninin 2013-cü ildə vəzifə müddəti başa çatıb, ancaq muxtariyyətin parlamenti onun vəzifə müddətini 2015-ci il avqustun 20-nə qədər uzatdıb.