Dünya (7-05-2015, 11:59)
Dünyanın ən kövrək anları - VİDEO
"Bu video məni ağlatdı", "Baxdım və anladım ki, anamın yanımda olması ən böyük bəxtəvərliyimdir", "Dərhal anama zəng vurdum, onunla danışdım və onu nə qədər sevdiyimi dedim"...
"Huggies Brazil" şirkətinin yeni reklam kampaniyası çərçivəsində hazırladığı "Meeting Murilo" ("Murilonu qarşılayın") adlı video sosial şəbəkələrdə rekord vurur.
Video görmə qabiliyyəti olmayan gənc hamilə qadının ultrasəs müayinəsinin (USM) nəticələri ilə tanış olmasından bəhs edir.
USM zamanı bətnində oğlu olduğunu bilən, oğluna Murilo adını verdiyini deyən gələcək ana görə bilmir. Onun görmə qabiliyyəti yoxdur. Lakin ilk müayinədə qadına dünyaya gələcəyi oğlunu duymaq, "görmək" imkanı yaradılır.
Müayinə zamanı Tatyana gülərək deyirdi: "Koram, görmürəm. Bətnimdəki oğlumun da ultrasəslə çəkilmiş şəklini görməyəcəyəm. Amma onu təsəvvür edirəm. Oğlumun balaca kartof təki burnu, gözəl siması, zərif qolları var".
Hafta.az ABC-yə istinadən bildirir ki, USM nəticəsində qadının bətnindəki körpənin görüntüsü 3D printer vasitəsilə çap olunur və qadına verilir.
Daha doğrusu, müayinədən sonra əldə olunmuş rəqəmsal görüntü 3D printerə ötürülür və 15 dəqiqə sonra nəticə əldə olunur.
Çap edilmiş əksdə Brayl əlifbası ilə "Salam, ana! Mən Muriloyam, sənin oğlun..." da yazılmışdı.
Braziliyada gerçəkləşdirilmiş bu müayinə və çəkilişdə 30 yaşlı Tatyana Querra kor orlmasına rəğmən, oğlunu "görür".
O, bətnindəki oğlunun siması və qolunun 3D printerdə çap edilmiş rəqəmsal görüntüsündə barmaqlarını gəzdirir, kövrəlir və ağlayır.
"#CountingTheDays" heşteqi ilə sosial şəbəkələrdə yayılan bu videonun sloqanı belədir:"Hər kəsin ana bağrına basılma hüququ var..."