Dünya (26-04-2015, 14:36)
Çernobıl faciəsinin ildönümüdür
Bu gün Çernobıl faciəsindən 29 il keçir.
“Mediatv.az” xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə Çernobıl faciəsi qurbanlarının xatirəsi anılıb. Xatirə memorial abidə önünə əklillər və gül dəstələri qoyulub.
Qeyd edək ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Ümumilikdə faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır.
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Onların 2000 nəfəri şüalanmadan vəfat edib.