Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-10-2022, 08:41)
İranın "erməni ovu": Kremllə Tehran qarşı-qarşıya - NƏ BAŞ VERİR?

İranın "erməni ovu": Kremllə Tehran qarşı-qarşıya
Ukraynada baş verən müharibənin təsirləri Cənubi Qafqazda geosiyasi rəqabətin artması ilə müşahidə olunur.

DİA.AZ bildirir ki, son vaxtlar regionda Avropa İttifaqının, Fransanın, ATƏT-nin müşahidə və qiymətləndirmə missiyalarının Ermənistana səfərləri, İranın Azərbaycanla sərhəddə hərbi təlimlərə keçirməsi, həmçinin rəsmi Tehranın Qafan şəhərində Baş konsulluq açması, ABŞ konqresmenlərinin İrəvana səfəri, həmçinin Qərb siyasi dairələrində Azərbaycan qarşı sərt qətnamə layihələrinin hazırlanması, Türkiyə Prezidentinin Zəngilan hava limanının açılması məqsədilə Şərqi Zəngəzura səfəri bölgədə geosiyasi münasibətlərin gərgin mərhələyə daxil olduğunu göstərir.

Bu maraqlar toqquşmasında İranın mövqeyi xüsusilə diqqəti cəlb edir. Hərbi və diplomatik fəallığını artıran İran rejimi Cənubi Qafqazda təsirini artırmaq üçün Azərbycana və Türkiyəyə qarşı güc nümayiş etdirir, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqları qəbul etmədiyini açıq mətnlə bəyan edir. İran regionda mövqeyini möhkəmlətmək üçün özünü Ermənstanın təhlükəsizliyinin təminatçısı kimi qələmə verməyə çalışır. Məqsəd isə Azərbaycanın və Türkiyənin artan geosiyasi təsirinin qarşısı almaq və bu iki ölkə arasında birbaşa quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. İranın aktivləşməsinin digər səbəbi Ukraynadakı müharibə fonunda çətin vəziyyətə düşən Rusiyanın son zamanlar Cənubi Qafqazda zəifləməsi ilə izah olunur. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Qərbin diplomatik təşəbbüslərinin Rusiyanı üstələdiyi açıq hiss olunur.

Bir il əvvəlki ilə müqayisədə artıq Rusiya Qərbin müşahidə missiyasının Ermənistanın Azərbaycanla və ya Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının sərhədlərinə gəlişinin qarşısını ala bilmir. Ukrayna ordusunun həm Donbasda, həm də Xerson istiqamətində irəliləməsi və Rusiyanın öz sərhədlərinə geri çəkilməsi yeni dünya düzəninin formalaşması ilə nəticələnə bilər. Bu zaman Rusiyanın yalnız Ukraynadan deyil, həmçinin Moldova, Suriya, Cənubi Qafqaz və Mərkəzi Asiyadan çıxacağı proqnozlaşdırılır. Cənubi Qafqazda artan rəqabət də məhz bununla izah olunur. Yəni Rusiya kimi böyük güc mərkəzinin bölgədən çıxması geosiyasi boşluq yaradacaq. Ona görə də İran, Avropa İttifaqı, Fransa, ABŞ və Türkiyə Cənubi Qafqazda Rusiyanı əvəz etmək uğrunda hərəkətə keçib. İranın əvvəl Araz çayı sahilində, sonra Türkiyə ilə sərhəddə hərbi təlimlər keçirməsi, eləcə də Qafanda baş konsulluq açması məhz bu prosesə hesablanmış addımlar kimi qiymətləndirilir.

Rusiyanın Cənubi Qafqazı tərk etməsi dedikdə ilk növbədə, silahlı qüvvələrinin Ermənistan, Azərbaycan və Gürcüstandan çıxarılması baş verə bilər.

Rusiyanın Azərbaycan ərazisində hərbi bazası yoxdur və yalnız Qarabağda müvəqqəti sülhməramlı kontingenti var. Ona görə də sülhməramlı qüvvələrin çıxması Azərbaycanın müdafiə və təhlükəsizlik sistemində heç bir boşluq yaratmayacaq. Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiyadan çəkilməsi NATO-nun sürətlə Cənubi Qafqaza daxil olması ilə nəticələnə bilər. Bu isə Gürcüstanın NATO-ya daxil olması deməkdir. Bölgədə Rusiyanın əsas təsir dairəsinə daxil olan ölkə Ermənistandır.

Rusiyanın Gümrüdən 102-ci hərbi bazasını çıxartması ilə ən böyük boşluq Ermənistanda yarana bilər. Ona görə də ən böyük perspektivdə artacağı gözlənilən rəqabətin məhz Ermənistan uğrunda getdiyini söyləmək olar. Bu baxımdan, İranın hərbi təlimlərinin əsl hədəfinin Azərbaycan deyil, Ermənistan olduğunu görmək olar. Qafan şəhirndə baş konsulluq açılması da İranın Zəngəzura olan ərazi iddiasından xəbər verir. Çünki iran bu bölgəni özünün təsir zonası hesab edir və bəri başdan özünü Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi təqdim etməklə Rusiyadan sonra bu ölkədə hərbi mövqe tutmaq niyyətini nümayiş etdirir. Bununla da İran Zəngəzur dəhlizinin açılmasının və Türkiyənin bölgədə artan nüfuzunun qarşısını güc yolu ilə alacağına dair fantastik planlar qurur. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın son açıqlamaları da rəsmi Tehranın Cənubi Qafqazda öz silahlı qüvvələrini yerləşdirmək niyyətini əks etdirir.

Nazir bildirib ki, İran xarici qüvvələrin həm Ermənistan, həm də Azərbaycan sərhəddinə gəlməsinin əleyhinədir. Onun sözlərinə görə, İran missiyanın "3+3" formatında təmsil olunan ölkələrin daxili qüvvələrindən təşkil olunmasının tərəfdarıdır. Bununla da Abdullahian İran hərbi missiyasının həm Azərbaycan, həm də Ermənistan tərəfdən yerləşdirilmək istəyini göstərib.

İranın Qafandakı baş konsulu Mürtəza Abedin Varaminin mesajları da rəsmi Tehranın Ermənistana ərazi iddiasını təsdiq edir. "Mən erməniləri İranın erməni vətəndaşları kimi təsəvvür edirəm", "Mən də qafanlıyam" açıqlamaları əslində, İranın Zəngəzura iddiasından xəbər verir.

Baş verən prosesləri Cebhe.info-ya şərh edən politoloq Xaqani Cəfərli bildirib ki, İran Rusiyanı əvəz etməyə çalışsa da, Cənubi Qafqazda güc mərkəzi olmaq imkanlarına malik deyil.

"1813-cü il və və 1828-ci il sülh müqavilələrindən sonra Cənubi Qafqaz sərhəddi Araz çayı olmaqla Rusiya və İran arasında bölünüb. O vaxtdan bəri İran bu regionu Rusiyanın əraziləri kimi qəbul edib və heç vaxt Cənubi Qafqaza müdaxilə etməyib.

Hətta 1917-ci ildə Rusiya İmperiyası dağılanda belə, İran yenə müdaxiləyə yol verməyib. 1918-ci ilin may ayında Cənubi Qafqazda üç respublika elan olunana qədər İran bu bölgəyə ərazi iddiası irəli sürmədi. Çünki İran bu bölgəni Rusiyanın ərazisi hesab edirdi. Biz 1991-ci ildə də bunun şahidi olmuşuq. Sovet İttifaqı dağıldı və Cənubi Qafqazda zəif, müstəqil respublikalar yarandı. Amma İran bu regionu Rusiyanın təsir zonası hesab etdiyinə görə müdaxilə etmədi. Hətta İran güman edirdi ki, Rusiya güclənəcək və öz torpaqlarına qayıdacaq.

Ancaq son zamanlar, xüsusilə də Rusiyanın Ukraynadakı müharibədə üzləşdiyi fəlakətdən sonra anlayırlar ki, Moskva bu coğrafiyada təsir imkanlarını itirir.

Ola bilsin ki, İran Moskvanın razılığı ilə bu regionda fəallaşmağa başlayıb. Onu da unutmaq olmaz ki, İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycan sərhədləri yaxınlığında dörd dəfə hərbi təlim keçirib. Bununla da İran bizi hədələməyə çalışır. Son zamanlar İranın bölgəyə yönəlik siyasətində radikallıq daha da artıb.

Burada həm Azərbaycana, həm də Ermənistana mesajlar verilir. Artıq İran Rusiyanın bu coğrafiyadan çıxdığını və geri qayıda bilməyəcəyini anlayır. Ona görə də öz mövqelərini gücləndirmək və təsirini genişləndirmək istəyir. Amma bu İranın imkanları xaricindədir.

Düzdür, İran Yaxın Şərqdə buna nail olub. Suriya, İraq, Yəmən və Livanda bu siyasətini təmin edə bilib. Ancaq Azərbaycanda və Ermənistanda bunu etmək çətindir. Çünki hər iki ölkə dünyəvi dövlətdir. Burada dini qruplar yaratmaq və onları silahlandırmaq demək olar ki, mümkün deyil. İran Azərbaycanda buna bir neçə dəfə cəhd etsə də, uğursuzluğa düçar olub. Ermənistan dövlətinin düşdüyü vəziyyətdə İrana meyillənməsi diqqətdən yayındırıla bilməz. Bunun ağır nəticələri ola bilər. Ermənistan hakimiyyətində bununla bağlı tərəddüdlər var.

Rəsmi İrəvan İrandan gələn çağırışlara elə adekvat reaksiya vermək istəyir ki, bu, Qərbdə narazılıq doğurmasın.

Çünki İran və Rusiya Qərbdə eyni qüvvə kimi təsvir edilir. Bu baxımdan, Ermənistan bu sırada yer almaqdan çəkinir. Qeyd edilən səbəbdən İranın bəyanatlarına Ermənistan "isti" cavab verə bilməz. Bunun Ermənistan üçün nəticələri yaxşı olmaz. İranın yeganə yol kimi Azərbaycanı hədələməklə və özünü Ermənistana himayədar göstərməklə mövqelərini möhkəmləndirməyə çalışır. Amma bunların heç biri reallaşa bilməz. Birincisi, bu İranın imkanları xaricindədir. İkincisi, bölgədə qüvvələr nisbəti artıq Rusiya-İran cütlüyünün əleyhinə dəyişib".

Qeyd edək ki, bir müddət öncə Ermənistanın sabiq prezidenti Robert Köçəryan yeni hərbi əməkdaşlıq formatının yaradılmasını təklif etmişdi. O, Ermənistan, Fransa və İranın iştirakı ilə yeni hərbi blokun qurulmasının vaciblyini bildirib. Bu isə bölgədə Rusiyanın hərbi iştirakının İran və Fransa ilə əvəz edilməsi deməkdir. Artıq Fransanın mülki missiyası Ermənistan Azərbayacn sərhəddinə yerləşib. Gələcəkdə hərbi missiyanın da sərhəddə gətirilməsi Ermənistan hakimiyyətinin planları daxilindədir. Bu baxımdan, İranın bölgədə hərbi fəallığını artırması sözügedən alyansın yaranması ilə bağlı sualı yenidən aktuallaşdırır.

Xaqani Cəfərli hesab edir ki, Ermənistan cırtdan dövlətdir və böyük ölkələri bir araya gətirmək iqtidarında deyil.

Ekspertin sözlərinə görə, Köçəryan prezident olsa belə, bu formulu reallaşdıra bilməz:

"İranla Fransanın bir ittifaqda olması qeyri-mümkündür. Onlar ayrı-ayrı siyasi qütblərdə yer alana, qarşı-qarşıya olan dövlətlərdir. Bu təkliflər Ermənistanın çıxılmaz durumda olması ilə bağlıdır. Ermənistan nə Qərb blokunda yer ala bilmir, nə də Şərq blokundan qopa bilir. Hazırda Ermənistan Rusiyanın blokunda ilişib qalıb. Ona görə də belə qeyri-ciddi fikirlər səsləndirilər".

Politoloq bildirdi ki, bölgədə müşahidə olunan rəqabətin müharibəyə gətirib çıxaracağı inandırıcı görünmür.

Çünki İran ABŞ və NATO ilə müharibəyə girməz. Digər tərəfdən, Rusiya bölgədən çəkildikdən sonra Avropa Birliyi və NATO istisna olmaqla bölgədə geniş təsir imkanlarına malik başqa böyük güc qalmır:

"Təsir imkanlarını yaratmaq üçün bir sıra komponent lazımdır. Rusiya Cənubi Qafqaz üzərində təsirini saxlamaq üçün bütün imkanlara malik deyildi. Rusiyanın hərbi və müəyyən iqtisadi gücü olsa da, digər ölkələr üçün cəlbedici deyildi.

İranın da hərbi gücü və iqtisadiyyatı Rusiyadan zəifdir. Ona görə də İran bölgə ölkələri üçün Rusiyadan daha az cəlbedicidir. Türkiyə Azərbaycan, qismən də Gürcüstan üzərindən bölgədə təsir imkanlarını təmin edir.

Amma Türkiyənin iqtisadi imkanları məhduddur. Bu səbəbdən, Türkiyə bölgədə fəal iştirakını təmin edə bilmir.

Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrdən daha çoxdur.

Azərbaycan və Gürcüstan üçün daha çox sərnmayə yatırmağa imkanı olan, daha müasir texnologiyara, siyasi və hərbi malik ölkələr cəlbedici ola bilər. Həmin dövlətlər regionda təhlükəsizliyin təminatçısı ola bilər. Fikrimcə, Rusiyanın Cənubi Qafqazdan çəkilməsindən NATO və Avropa Birliyi bölgədə daha da genişləcək. Ola bilsin ki, yaxın illərdə Gürcüstan NATO-nun üzvü olsun. İran bunun qarşısını almaq istəsə, bu onun faciəsinə gətirib çıxaracaq".
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024