Cəmiyyət / Slayd (5-12-2014, 20:59)
Misir Mərdanovun qardaşının adı “milyonluq qalmaqal” da hallandı
Zərərçəkənin sözlərinə görə, sabiq nazirin qardaşı ona yardım edəcəyinə vəd verib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş hakim Həsən Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bugünki prosesdə digər zərərçəkən Əmiraslan Mustafayev ifadə verib. O, ifadəsində bildirib ki, mətbuatda təqsirləndirilən şəxs Elman Məmədovun həbsi ilə bağlı məlumatları oxuduqdan sonra zərərçəkən şəxs kimi müraciət edib.
Ə.Mustafayevin sözlərinə görə, “Xəzər” universitetində təhsil alan oğlunu Bakı Dövlət Universitetinə köçürmək məqsədilə E.Məmmədova müraciət edib. Qarşı tərəf ondan yardım adı ilə 6 min manat pul alıb, lakin işi həll edə bilməyib və pulu da qaytarmaqdan imtina edib. Zərərçəkən 20-ci polis bölməsinə müraciət etsə də araşdırma aparılmadan işə xitam verildiyini deyib. Bundan başqa, E.Məmmədovun onu sabiq təhsil naziri Misir Mərdanovun Rabitə və Yüksək Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Məmmədovla tanış etdiyini bildirib. O, İ.Məmmədovun yanına zərəçəkənin oğlu Tural Mustafayevlə gedib və onu öz bacısı oğlu kimi təqdim edib. Zərərçəkənin sözlərinə görə, sabiq nazirin qardaşı ona yardım edəcəyinə vəd verib.
Prosesdə təqsirləndirilən Həsən Əliyev də dindirilib. Sualları cavablandıran sabiq hakim Ramazan Səlimovdan pul almadığını və istintaqda ona təzyiq edildiyini və nüfuzundan ehtiyat etdiyi üçün 250 min manatı ödədiyini söyləyib.
Hazırda prosesdə fasilə elan edilib.
Qeyd edək ki, keçmiş hakim Həsən Əliyev iş adamını aldadaraq aldığı 600 min manat pulu mənimsəməkdə təqsirli bilinir.