Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-02-2014, 19:07)
İranda şəfa axtarışı...

 

İrandan reportaj yazan həmkarlarımızın sırasına "Movqe.az" saytında çalışan Zülfiyyə Quliyeva da qatılıb. Həmkarımızın maraqlı reportajını təqdim edirik:
***
Astara sərhəd-keçid məntəqəsində "bağlama”tələsi
İran-Astara sərhəd keçid məntəqəsinə çatanda əllərində bağlamalar başımıza "qarğa-quzğun”kimi tökülən insanların nə istədiyini əvvəlcə anlamasam da, bizə bələdçilik edən taksi sürücüsü vəziyyətdən bizi halı edir. Taksi sürücüsü və bizə yük aparmağı təklif edən insanlarla söhbət zamanı bəlli olur ki, yük deyəndə İran tərəfə geri qaytarılan geyim əşyaları nəzərdə tutulur. Əllərində bağlamalar olan şəxslər isə həmin malların İrana qaytarılmasına vasitəçilik edən şəxslərdir: "Bu bağlamalardakı malları bizə veriblər ki, sərhədi keçirək. Burada onlarla insan mal keçirməkdən qazanc götürür. Sahibkarlar bizə verirlər ki, bu "vozvrat” malları o tərəfə keçirək. Təbii ki, haqqı ilə. Biz də sizin kimi, sərhədi keçənlərə veririk ki, həmin bağlamaları o taya keçirsin. Əvəzində isə sizə yükün həcminə, çəkisinə görə, pul veririk”.
Maşallah adlı şəxslə söhbət zamanı məlum olur ki, bağlamaları İran tərəfdə sərhəd-keçid məntəqəsinin çıxışında lazımi şəxslər qəbul edir: "Onlar o tərəfdə sizi gözləyirlər. Biz sizin adınızı onlara deyirik, həmin şəxslər isə sizin adınızı soruşaraq bağlamaların üstündəki adlara baxıb malı sizdən təhvil alırlar. Və haqqınızı ödəyirlər. Sizin bircə köməyiniz o olur ki, həmin bağlamalar keçiddə sizin təqdim etdiyiniz pasportla adınıza qeyd edilir. İndi deyin görək götürürsünüz bağlamalardan ya yox?” 
Bizə bələdçilik edən taksi sürücüsünün işarəsi ilə avtodayanacaqdan arxamıza düşüb keçid məntəqəsinədək bizə dil tökən bu şəxsə yox cavabı veririk. Astara keçid məntəqəsində növbə tutub gözləyərkən taksi sürücüsü bizə başa salır ki, əslində yük deyib sərhədi keçənlərə israrla bağlama götürməyi təklif edənlərin yağlı dilinə aldanıb sərhədi keçmədən həbsə düşənlər çox olub: "Bunların yük adı ilə sərhədi keçənlərə təklif etdikləri bağlamalardan çox vaxt geyim əşyaları yox, narkotik maddə çıxır. Sərhədi keçən neçə insan bunların toruna düşərək narkotik vasitə keçirdiyinə görə həbs olunub. İndi gəl keçid məntəqəsində əlindəki bağlamanın sənə aid olmadığını başa sal. Bu mümkün deyil. Əgər bağlama sənin əlindədirsə, deməli içindəkinə də sən cavabdehsən”.
Bazarlığa görə səhrədi keçənlər...
Taksi sürücüsü ilə söhbət edə-edə Astara sərhəd-keçid məntəqəsinə yaxınlaşırıq. Özümüzlə götürdüyümüz əl çantalarını, üstümüzü yoxladıqdan sonra pasportlara baxıb qeydiyyat aparan orta yaşlı bir kişiyə 1 manat ödəyirik. Bu pulun hansı məqsədlə alındığını soruşduqda bizə bunun daxili qayda olduğunu gülərək söyləməklə kifayətlənirlər. Burada da növbəyə dayanırıq. Qarşımda dayanan orta yaşlı qadınla söhbətləşib İrana nə məqsədlə getdiyini soruşuram. Cavabı isə qısa olur: "Evə bazarlığa”. Bazarlıq etmək üçün sərhədi o taya keçdiyinə təəccübləndiyimi görən qadın Astaradan hər gün yüzlərlə insanın bazarlıq üçün İrana getdiyini söyləyir: "Biz bazarlığımızı Azərbaycan Astarasından yox, İran Astarasından edirik. Evə yuyucu tozdan tutmuş göyərtiyə, soğan kartofa qədər İrandan alıb gətiririk. Bizim pulla 50 manata bir aylıq bazarlığımızı edirik. Çünki o tərəfdə çox ucuzluqdur. Hələ ordan satmağa göyərti də gətiririk. Göyərtini orda kilo ilə satırlar. Amma birdən bilməyib banan, toyuq, kivi, yağ, çay, düyü gətirərsiz. Bilin ki, bizim sərhəd keçid məntəqəsindən buraxmırlar. Səbəb də göstərmirlər. Eləcə deyirlər bu məhsulları Azərbaycana gətirmək olmaz. Çünki gətirən var”.  
Xəstələr İrana axışır
Qadınla söhbətə yekun vurub arxada dayanan təxminən yaşı 70-i keçən qadınla həmsöhbət oluruq. Məlum olur ki, onu sərhədi keçməyə vadar edən səbəb xəstəliyidir: "Xeyli vaxtdır ki, xəstəyəm. Sabirabadda həkimdən keçmişəm. Ürək bulanmamın səbəbini tapan yoxdur. Deyirlər ürəyində problem var. İndi İrana həkimə gedirəm. Deyirlər gedənlərin çoxu şəfa tapıb. Görək mən necə oluram”.
Növbəmiz çatdığından pasportlarımıza möhür vurdurduqdan sonra, İran-Azərbaycan sərhədini keçirik. Burada da bizi uzun növbə gözləyir. Qapının kəndarınadək növbəyə duran insanlar İran tərəfin sərhədi keçənləri ləng yoxladığınan şikayətlənirlər: "Səhər saat 9: 15-dən burda gözləyirik. Bir adamı yarım saata  dəqiqəyə yola salırlar. Çarəmiz yoxdu gözləyirik”.
Sərhəddə valyutadəyişmə fırıldağı
2 saatdan çox növbədə dayandıqdan sonra İran sərhəd-keçid məntəqəsində pasportumuza möhür vurulduqdan sonra səhrədi keçirik. Burda da bizi cənubi Azərbaycandan olan həmyerlilərimiz qarşılayır. "Sizə bağlama veriblər” deyə sərhədi keçənləri sorğu-suala tutan həmyerlilərimizdən yenicə aralaşmışdıq ki, yenidən bizi əhatəyə alırlar. Valyuta dəyişməyi təklif edən kim, taksi xidməti təklif edən kim. Biri-birini hər vəchlə bizdən uzaqlaşdırmağa çalışanların çoxunun əslində sərhədi keçənləri aldatdıqlarını öyrənirik. Burada biz qarşılayan tanışımız İran İslam Respublikasına gələnlərin bu ölkədə valyutanın məzənnəsindən bixəbər olmasından istifadə edərək vətəndaşların çoxunun aldadıldığını söyləyir. 
Yollarda polis gözə dəymir
Birbaşa taksi ilə Ərdəbilə yollanırıq. Şamaxı və Ağsu aşırımlarını  xatırladan aşırımları keçdikcə yol boyu nə qədər qəribə görünsə də gözümüzə nə yollara quraşdırılmış kameralar, nə dəki yol polisləri dəyir. Taksi sürücüsü olan Sübhan dayı təəcübləndiyimizi görüb burda yol polislərinin kol-kos dalında, daldalanacaq yerlərdə gizlənmədiyini, sürücü mədəniyyəti olduğunu söyləyir: "Burda sürücülər sürət həddinə, yol hərəkəti qaydalarına özləri riayət edirlər. Yol polisləri isə gizlənib sürücünün qəza törətməsini gözləmir”. 
Işıqforsuz şəhərin döymə qaşlı qadınları  
Ərdəbildə daha bir marağımıza səbəb olan bu şəhərdə işıqforların olmaması idi. Piyadalara və biri-birinə yol verən nəzakətli sürücülərlə bu şəhərdə addımbaşı rastlaşırsan. Qara uzun örpəkli, çarşablı qadınlarla yanaşı Ərdəbildə müasir baş örtüyündə, cins şalvarda olan qadınlara da rast gəlmək olur. Ərdəbil xanımlarının baxımlı olduqları da diqqətimizdən yayınmadı. İslam dininin bütün tələblərinə qeyri-şərtsiz əməl edilən bu ölkədə qaşları döyməli qadınlarla demək olar ki, addımbaşı rast gəlmək olur. 
Ərdəbil xəstəxanaları azərbaycanlılarla dolu
Ərdəbil xəstəxanalarında isə yerli camaatdan çox Azərbaycan vətəndaşları ilə qarşılaşırıq. Özlərinin dili ilə desək biri Şəmkirdən gəlib, o biri Sabirabaddan. Amma bura gələnlərin hər birini bir inam birləşdirir. Buradan şəfa tapıb vətənə qayıtmaq. Azərbaycanda səhiyyə sistemi son illər daha çox inkişaf etsə də, müayinə və müalicə üçün İrana üz tutanların sayının artması təəccüb doğuran məqamdır. İrana müayinə və müalicə üçün gələn Azərbaycan vətəndaşları isə  iddia edirlər ki, bu ölkənin tibb müəssisələrində xəstələrə daha düzgün diaqnoz qoyulur. Sara Nuriyeva adlı xəstə deyir ki, Bakıda bir çox tibb müəssissələrində olsa da, öd kisəsində daş olduğunu ona deməyiblər: "Burda yoxlayan kimi dedilər ki, sənə ağrı verən öd kisəndə daşın olmasıdır. Üstəlik öd kisəm çirk edib. Burada əməliyyat olunandan sonra şəfa tapmışam. İndi isə təkrar müayinə üçün gəlmişəm”.
Həkimə gələnlər, diqqətli olun!
Amma xəstələrlə söhbət zamanı öyrəndik ki, İrana həkimə gəlib şəfa tapmayanalar da az olmur. Nəcibə adlı xanım İranda da həkimlərin hamısının bilikli olmadığını söyləyir: "Burada da gərək uzun illər təcrübəsi olan, bunların dili ilə desək, "ixtisasi” həkimlərin qəbuluna düşəsən. İndi İranda daha savadlı və təcrübəli həkimlər artıq dövlətə işləmir. Onların çoxu xüsusi klinikalar açaraq xəstə qəbul edir”.
Azərbaycandan axın İranda səhiyyə qiymətlərini artırıb
Azərbaycandan gələn xəstələr bizim ölkədən İrana xəstə axınının burada da qiymətlərə təsirsiz ötüşmədiyini söylədi: "Ötən ilin əvvəlində mən bura həkimə gələndə təkcə həkimin qəbuluna bizim pulla 8 manat ödəyirdim. İndi xüsusi klinikalarda ixtisaslı həkimlərin qəbulu 15 manatdır”.
Dərmanlar su qiymətinə
Ərdəbildə diqqətimizi çəkən daha bir məqam dərmanların qiymətinin ucuzluğu oldu. Xəstələr də İranda dərmanların qiymətinin sərfəli olduğunu təsdiqlədilər. Azərbaycanlı xəstə Məlahət üç nəfərin dərmanına 50 AZN xərci çıxdığını deyir: "Hərəmizə 7-8 qutu dərman yazıblar. Üç nəfərin dərmanı bizim pulla 50 manatdan az tutdu”.
Taksi 50 qəpiyə
Amma İranda qiyməti ucuz olan təkcə dərmanlar deyil. Ərdəbildə şəhərinin  daxilində taksi xidmətinin qiymətini öyrəndikdə isə təəccübümüzü gizlədə bilmədik. Burada şəhər daxilində taksi ilə mənzil başına getmək cəmi-cümlətani 50 qəpikdir. Ərdəbildə əhalinin çoxu məhz bu səbəbdən ictimai nəqliyyat vasitəsi kimi avtobuslardan yox, taksilərdən istifadə edir.
Yemək, mehmanxana xərci cəmi 10 manat 
Ərdəbil Azərbaycandan İrana gələnlər üçün ən ucuz alış-veriş məkanı hesab edilir. Burada topdansatış obyektlərindən mal alıb Azərbaycanda satışa çıxartmaq daha sərfəli hesab edilir. Ərdəbilə gələnlər İranın restoranlarından da narazı qayıtmır. Burada restoranlarda plov, lülə kabab, kələm salatı və qatıq bir nəfər üçün Azərbaycan manatı ilə cəmi 2 manata başa gəlir. Ərdəbildə qonaqlar üçün otel qiymətləri baha olduğundan, əsasən Azərbaycandan gələnlər İran Astarasında gecələyirlər. Burada oteldə bir gecə qalmağın qiyməti əlavə xidmətlər istisna olmaqla Azərbaycan manatı ilə 8 manat 20 qəpikdir.
Şimalı Azərbaycan Cənubi Azərbaycanın "çörək ağacına” çevrilib
İran Astarası Azərbaycanın cənubunda yaşayanların, eləcədə ticarətçilərin ən çox alış-veriş etdiyi məkandır. Burada alış-veriş əsasən Azərbaycan manatı ilə aparılır. 1 kiloqramlıq kişmiş paketləri 2 manata, şirniyyatların qiyməti isə 1 AZN, 2 AZN arasında dəyişir. Yuyucu tozların 3 kiloqramlıq paketləri isə 1 manat 50 qəpiyə təklif edilir. Buraya cehiz almaq üçün üz tutan azərbaycanlılar da az deyil. Sənaye mallarının qiyməti Azərbaycanla müqayisədə kəskin fərqlənir. Ucuzluq isə hər gün daha çox Azərbaycanlını alış-veriş üçün sərhədi bu tərəfə keçməyə həvəsləndirir. Cənubi azərbaycanlıların dili ilə desək Azərbaycanın bu tayı onlar üçün əsl "çörək ağacına” çevrilib. Ərzaq, sənaye, kənd təssərrüfatı məhsullarının, xidmət sahələrində qiymətlərin ucuz olması Azərbaycandan İrana axını sürətləndirir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024