Cəmiyyət (12-02-2014, 13:28)
Nəqliyyatda kart sistemindən daha bir yenilik
Nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlı yeni layihələr həyata keçiriləcək. "Bakısərnişinnəqliyyat" Departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədovun Movqe.az-a verdiyi məlumata görə, kart sisteminin işə düşməsi ilə əlaqədar marşurut sahibləri Holdinq yaradacaqlar: "Hələki kart vasitəsilə ödənişlərdən sahibkarlara çatacaq məbləğ bank vasitəsilə sahibkarların bank hesabına köçürülür.
Amma yeni layihəyə görə, bir neçə sahibkar birləşərək yeni Holdinq yaratmalı, kart vasitəsilə gediş haqlarından sahibkarlara çatacaq məbləğ həmin Holdinqlərin hesabına köçürüləcək".
E. Əzməmmədov hələki 30 marşurutda kart sisteminin tətbiq edildiyini, prosesin davam etdiyini söyləyib.
Movqe.az məsələ ilə bağlı sahibkarlarla da əlaqə saxlayıb. 133, 13, 88 və bir neçə marşurut xətinin sahibkarı Etibar Manafov Movqe.az-a açıqlamasında kart sisteminin tətbiqi ilə əlaqədar onlara çatacaq vəsaitin "Bank Of Azerbaijan"dakı bank hesablarına köçürüldüyünü söyləyib: "Hələki bizə Holdinq yaratmaq barədə məlumat verilməyib. Gediş haqqının kartla ödənilməsinə gəlincə, onsuz da sərnişinlərin çoxu gediş haqqını nağd şəkildə ödəyir. Bizim 88 və 13 saylı marşurutlarda kartla gediş-gəliş mümkündür. Amma cəmi gün ərzində kartla 1-2 manat gediş haqqı ödənilir".