Cəmiyyət (2-01-2017, 18:11)
Oliqarxların özəlləşdirmə sevdasına son: İstək var, imkan yoxdur
Nüsrət İbrahimli: “Bunun üçün böyük vəsait lazımdır”
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici iş adamlarını investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirmədə iştiraka dəvət edib. Komitədən verilən məlumatda bildirilir ki, şəxsi biznesə yatırılan investisiya qarşılığında hazır infrastrukturu, avadanlıqları və tikililəri olan dövlət müəssisəsinin yeni sahibinə çevrilmək mümkündür. Dövlətin əsas hədəfi özəl investisiyalar hesabına iqtisadi aktivliyin yüksəldilməsi, müəssisələrin fəaliyyətinin canlandırılması, yeni avadanlıq və texnologiyaların tətbiqi, habelə yeni iş yerlərinin açılmasından ibarətdir. İnvestisiyanın həcmindən və icra olunacaq layihənin xüsusiyyətindən asılı olaraq, dövlət büdcəsinə ediləcək ödənişlərə müəssisənin bazar dəyəri ilə müqayisədə böyük güzəştlərin tətbiqi nəzərdə tutulur.
Hər hansı müəssisənin özəlləşdirilməsinə maraq yaranarsa, təşkilatlararası müsabiqə komissiyası tərəfindən ən az 30 gün əvvəl satış şərtlərini özündə əks etdirən elan verilməklə bütün iddiaçılara bərabərhüquqlu şərait yaradan şəffaf müsabiqə proseduru icra ediləcək.
Bu dəvətdən aydın sezmək olur ki, Azərbaycanda özəlləşdirməyə maraq azalıb. Bəs buna səbəb olan amillər nədir?
Cebhe.info xəbər verir ki, “NBA” Konsaltinq şirkətinin prezidenti Nüsrət İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında özəlləşdirməyə marağın azalmadığını deyib:
“Sadəcə olaraq təklif edilən obyektlərin əksəriyyəti ya vaxtı ilə özəlləşdirilib, ya da ki, altında olan torpaq sahəsi özəlləşdirilməmiş olur. İndi istifadədə və ya icarədə olan müəssisələr, yaxud torpağı özəlləşdirilməyən müəssisələr özəlləşdirməyə çıxarılır. Bu obyektlər ilk növbədə icarəçilərə və istifadəçilərin özlərinə təklif olunur. Əgər torpaq özəl deyilsə, üzərindəki tikilini vaxtilə özəlləşdiriblərsə, təbii ki, orda əlavə tikili, rekonstruksiya aparmaq üçün müvafiq mülkiyyətçidən icazə alınmalıdır. Bunu özəlləşdirəndən sonra isə sahibkar artıq sərbəstdir, orda istədiyi yenidənqurmanı, istehsalı yenidən təşkil edə bilər. Bu, onun üstünlükləridir.Yaxud da müvəqqəti icarəyə götürülən obyektin mülkiyyətçisinə çevrilsə, təbii ki, o, bu zaman fəaliyyətini başqa cür quracaq. Yəni, həmin obyekti istədiyi kimi rekonstruksiya edib, fəaliyyətini genişləndirə bilər. Amma icarədə olanda o bilmir ki, gələn il icarə müqaviləsi uzadılacaq ya yox. Bu səbəbdən də orda istədiyi fəaliyyəti genişləndirə bilmir”.
Ekspert hesab edir ki, mövcud durumda insanlarda vəsait problemi var: “Kifayət qədər iri məbləğə satılan obyektlərin özəlləşdirlməsi üçün böyük vəsait cəlb etmək lazımdır. Bunun üçün də bank kreditləri lazımdır. Amma bu gün bank kreditləri əlçatan deyil. Burdan da bu qənaətə gəlmək olar ki, problem maliyyə cəhətdən var, amma insanların istəklərində azalma yoxdur”.
