Cəmiyyət / Karusel (7-04-2014, 21:35)
icra başçısının oğlu 4 nəfərin ölümünə səbəb olub? - ŞOK İDDİA
2012-ci ildə baş vermiş hadisənin üstü hələ də açılmayıb, Rafil Hüseynovun zərərçəkənlərin ailələrinə təhdid etdiyi iddiaları var
Masallının icra başçısı Rafil Hüseynovun oğlu Şəhriyar Hüseynlinin adı avtomobil qəzası törətməkdə hallanır. JAM.AZ yayılmış məlumatlara istinadən xəbər verir ki, həmin hadisə 22 sentyabr 2012-ci ildə baş verib. Olay nəticəsində isə 4 nəfərin öldüyü və 6 nəfərin yaralandığı deyilir.
Həmin məlumatlarda vurğulanır ki, sözügedən tarixdə gecə saat 00:30-da Ərkivan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzanın səbəbkarı isə Masallının icra başçısının oğlu Şəhriyar Hüseynli olub. Belə ki, onun 10 NH 808 dövlət nömrə nişanlı «Niva» markalı maşını sərxoş vəziyyətdə idarə etməsi nəticəsində Tağıyev Manaf Mehman oğlunun idarə etdiyi "VAZ-2107" markalı, 10-SJ-127 dövlət qeydiyyat nişanlı avtomobillə 1984-cü il təvəllüdlü İbadov Samir Böyükağa oğlunun idarə etdiyi "VAZ-21015" markalı və 90-MR-223 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü M.Tağıyev və həmin avtomobildə olan sərnişinlər, Masallı rayon sakinləri 1987-ci il təvəllüdlü Ramazanov Vüsal İxtiyar oğlu, 1988-ci il təvəllüdlü Rəhimov Amil Əliyar oğlu, habelə "VAZ-21015" markalı avtomobildə olan sərnişin 1984-cü təvəllüdlü Əliyev Naib Oqtay oğlu hadisə yerində ölüblər. Digər sürücü S.İbadov və sərnişinləri 1984-cü il təvəllüdlü İbadov Amin Böyükağa oğlu, Nəsirov Ziya Etibar oğlu, Yunusov Mahir Vəkil oğlu, habelə M.Tağıyevin sərnişinləri 1984-cü il təvəllüdlü Teymurov Teymur Səadət oğlu və 1986-cı il təvəllüdlü Məcidov Vüsal Məcid oğlu xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Xəbərdə deyilir ki, fakt DİN tərəfindən təsdiqlənib və nazirliyin rəsmi saytında verilən bilgilərdə vurğulanır ki, bu hadisə nəticəsində 4 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb. Lakin DİN-in məlumatında icra başçısının oğlunun adı qəti çəkilməyib.
Rayondakı mənbələrin dediyinə görə, hadisədən dərhal sonra əraziyə cəlb olunmuş DYP əməkdaşları Ş.Hüseynlini və onun idarə etdiyi «Niva»nı aradan çıxarıblar. Əzilmiş vəziyyətdə olan avtomobili və onu idarə edən icra başçısının oğlunu ondan sonra Masallıda görə də olmayıb. Və həmin hadisənin üzərindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Şəhriya Hüseynli heç bir məsuliyyətə cəlb edilməyib. Hətta zərərçəkənlərin qohumları bununla bağlı yerli polisə dəfələrlə şikayət etsələr də təsiri olmayıb. Əksinə, Masallı rayon Polis Şöbəsində işi aparan müstəntiqin baş vermiş cinayət hadisəsində icra başçısının oğlunun adının hallanmaması üçün əlindən gələni edir. Qeyd olunur ki, DİN başçısı Ramil Usubova da şikayət olunub və nazir əsl səbəbkarın tapılaraq, cəzalandırılması barədə tapşırıq verib. Lakin Masallıda nazirin göstərişinə də məhəl qoyan olmayıb.
Mətbuatin yazdiğindan belə başa düşülür ki, mərhumun yaxınlarının bir çoxu susdurulub. Daha doğrusu, məsələ ilə bağlı sözügedən ailələr açıq şəkildə təhdid belə edilib. Onlardan Rafil Hüseynovun oğlunun adını çəkməmələri tələb olunub. Əks təqdirdə, onların özünə problem yaradılacağı vurğulanır.
Qəribə olan odur ki, bu hadisədə yaralanan və ağır vəziyyətdə olan şəxslərə də heç bir köməklik göstərilməyib. Sadəcə, icra başçısı və adamları işi ört-basdırmaq üçün bütün vasitələrdən yararlanıblar.
Bu məlumatların nə dərəcədə həqiqət olub olmadığını demək çətindir. Amma indiyə qədər məmur övladlarının dəfələrlə belə hallar törətdiyini nəzərə alsaq, Masallının icra başçısının oğlunun da adının çəkildiyi olay istisna edilməyə bilər. Xatırladaq ki, bu yaxınlarda yüksək çinli məmurlardan birinin oğli idarə etdiyi “Galenwagen” markalı maşını ilə məşhur xalq artistinin iki ailə üzvünün ölümünə səbəb olan avtomobil qəzası törətmişdi.
Onu da xatırladaq ki, Prezident İlham Əliyev hələ bir müddət əvvəl keçirdiyi müşavirələrindən birində bununla bağlı sərt xəbərdarlıq etmişdi. Bəyan etmişdi ki, əgər məmur övladları hər hansı bir özbaşınalığa yol verərsə, onlarla yanaşı, vəzifə başında olan ataları da cəzalandırılacaq. Bunun analoji sübutları kimi, İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun, qardaşı Füzuli Ələkbərovun, Xəzər Dəniz Gəmiçilik İdarəsinin rəsi müavininin işdən çıxarılmasını göstərmək olar.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Hadisədə zərər çəkmiş və dünyasını dəyişmiş şəxslərin valideynləri ilə görüşərək, onlardan bununla bağlı geniş bilgi almağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.