Təhsil (24-05-2018, 13:07)
Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
23 may 2018-ci il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
Açılış mərasimində “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov, 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, "Odlar Yurdu" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Səftər Ağayev və 50 nəfər fəal gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan "Odlar Yurdu" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Səftər Ağayev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.
Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. Eyni zamanda P.Mustafayev qeyd etdi ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı.
Daha sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihə iştirkaçılarını və qonaqları salamladı və bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayaraq, gəncləri narkotik maddələrdən, o cümlədən digər zərərli vərdişlərdən uzaq tərbiyə etməyin vacibliyi qeyd etdi. Eyni zamanda ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləndi.
Mövzu ətrafında çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov bu kimi tədbirlərin həm gənc nəslin bu sagə üzrə maarifləndirilməsindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir. R.Rüstəmov bildirmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.Narkomaniya insanın şüurlu olaraq özü-özünü ölümə məhkum etməsidir. Narkomaniya insanın daxili orqanlarının yavaş-yavaş itirilməsi deməkdir. Narkomaniya şəkərli diabet, hepatit və ən nəhayət, QİÇS kimi təhlükəli bir xəstəliyin yaranması deməkdir.
Bütün bunlarla yanaşı, narkomaniya bu bəlaya düçar olan insanların yaxınları, ətrafındakıları ilə problemlərinin yaranması, psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməsi deməkdir. Və ən dəhşətlisi isə narkomaniya dünyaya qüsurlu övladların gətirilməsi deməkdir.
Son çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova bildirdi ki, “narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə adlandırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Tiryəkli preparatlar orta əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Sonda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılmışlar.