Təhsil (1-02-2018, 19:20)
BSU tələbələri Prezidentə müraciət qəbul edib
Bakı Slavyan Universitetində “Gənclər günü”nə həsr olunmuş elmi konfrans keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
BSU-nun rektoru professor N.Əliyeva tədbiri açaraq “Gənclər Gününün yaranması tarixi barədə qısa məlumat vermiş və bu günün tarixi bayram kimi qeyd edilməsinin artıq ölkəmizdə ənənəvi hal aldığını bildirmişdir. Rektor qeyd etmişdir ki, Ümummilli Lderi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi prinsiplər onun layiqli davamçısı olan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində həyati reallığa çevrilmişdir. O, bu gün Azərbaycan dövlətinin gənclərə daha böyük diqqət və qayğısı göstərdiyini bildirmişdir. O, Gənclər Gününün bayram edilməsini də bu diqqət və qayğının təzahürü kimi dəyərləndirmişdir. N.Əliyeva ölkə gəncliyinin öz fəaliyyəti ilə bu etimadı hər an doğrultduğunu və Prezidenti İlham Əliyevi daim dəstəklədiyini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandığını vurğulamışdır. N.Əliyeva daha sonra son illərdə Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, respublikamızın regionun lider dövlətə çevrilməsindən söz açmışdır. O, hər bir gəncin bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyduğunu bildirmişdir. N.Əliyeva müstəqilliyin böyük nemət olduğunu və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yeirməyə çağırıb.
Daha sonra Beynəlxalq Münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov “XXI əsrin çağırışları və Azərbaycan gəncliyi”, Magistratura şöbəsinin II kurs tələbəsi Natiq Nəsirov “Azərbaycan Dövlətinin Gənclər Siyasəti”, BSU Tələbə Gənclər Təşkilatı Emin Şeydayev “Gənclər Bizim Gələcəyimizdir”, BSU Tələbə Gənclər Təşkilatının sədr müavini Vaqif Yəhyalı “BSU-nun Gənclər Siyasətinə Verdiyi Töhfələr ” mövzusunda çıxış etmişlər.
Belorusiyada keçirilən “53- cü Beynəlxalq Ulduz yürüşü” ndə iştirak etmiş Bakı Slavyan Universitetinin BM və regionşünaslıq fakültəsinin tələbələrinin hesabatı dinlənilmişdir.
Tədbirin sonunda BSU Tələbə Həmkarlar şurasının Sədri Könül Abbaszadə Bakı Slavyan Universiteti tələbələrinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciətini səsləndirmişdir. Müraciətətin sonunda deylir: “Biz Bakı Slavyan Universitetinin tələbələri adından əminliklə vurğulayırıq ki, hər birimiz hər an Vətən yolunda canımızı fəda etməyə hazırıq! Biz bir nəfər kimi Sizin yüksək amal və məqsədlərinizlə apardığınız nadir siyasətə bütün varlığımızla dəstək veririk. Bakı Slavyan Universitetinin tələbələri adından gənclərə göstərdiyiniz böyük diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!
Sizə Azərbaycan dövlətinin ərazi bütövlüyü və Vətənimizin dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız çətin, şərəfli mübarizədə sonsuz uğurlar diləyirik! “
Aşağıda müraciətin bütöv mətnini təqdim edirik.
BSU tələbələrinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciəti
Əziz, möhtərəm Prezidentimiz!
Müasir dövrdə o gənc ölkəsində özünü xoşbəxt, bəxtiyar hesab edir ki, onun istinadgahı, inamı öz dövlətinə, onun müdrik siyasətinə, böyük düha sahibi olan rəhbərinə bağlı olsun! Bakı Slavyan Universitetində təhsil alan hər bir gəncin adından əminliklə deyə bilərik ki, biz özümüzü doğma Vətənimizdə rahat və xoşbəxt hiss edirik. Çünki pənahımızda “Mən hər bir azərbaycanlının prezidentiyəm!”-söyləyən əziz, möhtərəm prezidentimiz, nadir siyasəti ilə dünya xalqlarının, dövlətlərinin diqqətini öz ölkəsinə cəlb edən, onu dünya birliyinə üzüağ, alnıaçıq çıxardan, millətinin, vətəndaşlarının xoşbəxt, əmin-aman, sabit həyatını nizama salan liderimiz var!
Bu gün - 2018-ci ildə, Azərbaycanda yaşayan hər bir gənc özünü həm də ona görə xoşbəxt hesab edir ki, o, hər addımda Vətənin quruculuq islahatlarının, yeniləşmə və inkişaf siyasətinin şahidi olur. Doğma Bakımız, dilbər guşələrimiz gündən-günə çiçəklənir, insanların güzəranı, həyat səviyyəsi yüksəlir! Potensialımızı təqdim etmək üçün qarşımızda geniş üfüqlər açılır!
Cənab Prezident! Aprel hadisələri zamanı hünərlə düşmənin əlindən aldığımız Cocuğ Mərcanlı kəndinin qısa zamanda abad bir guşəyə çevrildiyini görməmək, burada məskunlaşan ailələrin səadətini hiss etməmək mümkün deyil. Gündən-günə yeniləşən, abadlaşan şəhərlərimiz, biz gənclər üçün yaradılan münbit şərait, ən müasir maddi-texniki bazaya malik olan universitetlərimiz, səhiyyə müəssisələrimiz, dünyanın müxtəlif dövlətlərindən gələn saysız-hesabsız qonaqları qəbul etməyə, ən yüksək səviyyəli iqtisadi layihələri həyata keçirməyə qadir, peşəkar mütəxəssislər ölkəsi olan Azərbaycan Sizin iradə və əzmkarlıqla idarə etdiyiniz Dövlətin qürur yaradan məziyyətləridir. Bütün bunlar xoşbəxt, firavan, rifah dolu gələcəkdən, intibahdan müjdə verən dəyərli əlamətlərdir.
Möhtərəm Prezidentimiz! Biz XXI əsrin xoşbəxt gəncləriyik. Bu gün Azərbaycan gənclərinin, bütövlükdə xalqımızın bir ağrılı yarası var: Qarabağ! Bütün Azərbaycan gəncləri kimi - Bakı Slavyan Universitetinin tələbələri də Sizin sülhməramlı siyasətinizi ürəkdən dəstəkləyir. Və Sizi əmin etmək istəyirik ki, hər birimiz Sizin yanınızdayıq! Ali Baş komandanın bir əmri yetər ki, torpaqlarımız, Vətənimiz, Prezidentimiz, xalqımız, bayrağımız uğrunda mübarizə meydanına atılaq! Cəbhələrə gedək, düşmənlə üz-üzə duraq, silah qaldıraq, qələbə çalaq! Bu məhəbbəti, bu qüdrəti, bu cəsarəti bizə müqəddəs dövlətimizin ali siyasəti, nadir siyasəti, qadir siyasəti verir!
Əziz Prezidentimiz! Siz məşhur 2016-cı ilin 4 aprel döyüşlərində ölkəmizin I Vitse-Prezidenti, xanım Mehriban Əliyeva ilə cəbhə xəttinə gedərkən bizə bir daha aydın oldu ki, bu rəşadət ulu öndər Heydər Əliyevin nümunəsi, təcrübəsi, tərbiyəsi və məsləkindən qaynaqlanan qeyri-adi vətənpərvərlik missiyasıdır! Yüksək, heyrətamiz mövqeyinizə görə artıq uzun illərdir ki, Azərbaycan xalqı Sizə olan inam və etibarını nümayiş etdirməkdədir. Növbəti seçkilərdə də Azərbaycan xalqının və hər bir Azərbaycan gəncinin Sizə dərin etimad nümayiş etdirəcəyini əminliklə deyə bilərik. Çünki bu inam 15 ildir ki, Sizin ədaləli dövlətçilik siyasətinizlə xalqımızın qəlbinə hakim olub! Bu gün Azərbaycan gəncləri yüksək reytinqli dünya universitetlərinin tələbələri, şərəfli ordumuzun əsgərləri, fərəh, qürur gətirən peşəkar mütəxəssisləri, nəhayət, öz Vətəninin təəssübünü çəkən Yeni Azərbaycan Partiyasının qədirbilən gəncləri olaraq Sizin ardınızca getməyi həyat qayəsi hesab edirlər!
Bəli, biz inamla, məhəbbətlə uğurlu sərkərdəmizin ardınca gedərək intibaha doğru uzanan yolların yorulmaz yolçularıyıq. Bu yolun biz gəncləri ucalıq, tərəqqi, yüksəliş məbədinə apardığına böyük inam bəsləyirik! Bu yol öz qüdrətini 2 fevral 1996-cı ildə Ulu öndər Heydər Əliyevin böyük dühasından alıb. Onun tarixi vəzifəsi Vətən övladlarının kamil, zəkalı vətəndaşlar olaraq dünya birliyində ləyaqətli mövqe tutmalarına istiqamətlənib.
Çox hörmətli Cənab Prezident! Azərbaycanın dövlətçilik ənənələrinin kökü çox qədimlərə gedib çıxır. Tariximizin şanlı səhifələri, qürurgətirən şəxsiyyətləri ölkəmizin qədim bir diyar olması, Azərbaycan kişisinin mərdliyi, Azərbaycan anasının sədaqəti, fədakarlığı bizə örnəkdir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti isə bu şanlı səhifələr sırasında özünəməxsus şərəfli bir yer tutur. Sizin siyasi xəttinizdə xalqımızın tarixi keçmişinə və bugününə diqqət və qayğı mühüm mənalar kəsb edir. 2018-ci ilin 10 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması Sizin əsl rəhbər, əsl azərbaycanlı olduğunuzu bir daha sübut etdi! Biz Bakı Slavyan Universitetinin gəncləri Sizi əmin edirik ki, bu sərəncamla bağlı lazım olan bütün tədbirlərin həyata keçirilməsində dövlətimizin siyasətinə dəstək olmaq, öz töhfələrimizi vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Şanlı tariximiz olan Azərbaycan Xalq Cümhuriyyəti və onun fədakar qurucularının fəaliyyətinin gələcək nəsillərə daha yaxşı tanıdılması üçün var gücümüzlə çalışacağıq. Sizin sərəncamınız milli dövlətçilik təfəkkürümüzün möhkəmləndirilməsinə istiqamət verəcək!
Biz bu gün Bakı Slavyan Universitetində fəaliyyət göstərən Türkiyənin, Rusiyanın, Belorusiyanın, Ukraynanın, Bolqarıstanın, Yunanıstanın, Polşanın, Çexiyanın tədris və mədəniyyət mərkəzlərində Slavyan ölkələri mədəniyyətlərini, dillərini mənimsəməklə dünya birliyində Azərbaycan gəncliyinin yüksək amal və məqsədlərini təqdim edir, tələbə, müəllim mübadilələrini gücləndirməklə mütərəqqi beynəlxalq əlaqələri genişləndirir, dünya universitetləri ilə dostluq münasibətlərimizi möhkəmləndiririk.
Möhtərəm Cənab Prezident!
Biz həm də Sizin və xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizin ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, “IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” , “İslam Həmrəyliyi Oyunları” “Formula-I” yarışları və bu kimi saysız-hesabsız beynəlxalq tədbirlərin hər birində Bakı Slavyan Universitetinin tələbələri olaraq yaxından iştirak etmiş və sertifikatlara sahib olmuşuq. Qürur hissi ilə vurğulamaq istərdik ki, Bakı Slavyan Universiteti təkcə ölkəmiz üçün savadlı, peşəkar mütəxəssislər hazırlamaq vəzifəsi ilə kifayətlənmir! Bu gün gənc həmyaşıdlarımız arasında kifayət qədər qəhramanlar, vətənpərvər gənclər var. Tələbə yoldaşımız Mübariz Əhmədov 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid oldu. 2016-cı ildə aprel hadisələri zamanı tələbə yoldaşımız Vüqar Süleymanov Vətən yolunda canını fəda etdi! Hər iki gənc Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Onların xatirəsi heç bir zaman unudulmayacaq!
Avroviziya mahnı müsabiqəsində ölkəmizə birincilik gətirən Eldar Qasımov, cüdo üzrə dünya çempionu Mikayıl İslamov, kickboxing üzrə dörd dəfə dünya çempionu, karate üzrə Avropa çempionu Vüsalə Zeynalova, bədii gimnastika üzrə Avropa çempionu Nigar Musazadə və onlarla universitetimizə şərəf verən gənclərimiz məhz bizim universitetin yetirməsi olduqları üçün qürur duyuruq.
Biz Bakı Slavyan Universitetinin tələbələri adından əminliklə vurğulayırıq ki, hər birimiz hər an Vətən yolunda canımızı fəda etməyə hazırıq! Biz bir nəfər kimi Sizin yüksək amal və məqsədlərinizlə apardığınız nadir siyasətə bütün varlığımızla dəstək veririk. Bakı Slavyan Universitetinin tələbələri adından gənclərə göstərdiyiniz böyük diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!
Sizə Azərbaycan dövlətinin ərazi bütövlüyü və Vətənimizin dünyada qüdrətli bir dövlətə çevrilməsi uğrunda apardığınız çətin, şərəfli mübarizədə sonsuz uğurlar diləyirik!
Möhtərəm Prezidentimiz!
Bu gün Doğma Azərbaycanımızdan bütün dünyaya yollar çəkilir. Bu yollar Vətənimizin, onun Prezidentinin, fədakar gəncliyinin böyük amallarını, bəşəriyyətə sülh, barış, əminamanlıq, həmrəylik arzularını çatdıran müqəddəs yollardır! Əminik ki, bu yollar xoşməramlı xalqımızın müqəddəs istəklərini, diləklərini bumeranq kimi onun özünə qaytaracaq! Qoy bu bumeranq bizim uğur simvolumuza çevrilsin! Yaxşı əməllərimiz öz bəhrələrini versin!
Tanrı Azərbaycanı qorusun! Tanrı Sizi qorusun, möhtərəm Prezidentimiz!
Bütün fəaliyyətinizdə Sizə sonsuz uğurlar arzusu ilə,
Dərin hörmət və ehtiramla
Bakı Slavyan Universitetinin tələbə
ordusunun üzvləri
01.02.2018