Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-12-2022, 19:36)
Saxta diplomlarla bağlı kütləvi ixtisar?

 
Ölkədə diplomların tanınması ilə bağlı bir sıra problemlər var və bu, həm yerli, həm xarici ölkələrin ali təhsil müəssisələrinin diplomları ilə bağlıdır.

Qeyd edək ki, bugünlərdə Dövlət Gömrük Komitəsində (DGK) diplomlarla bağlı araşdırma aparılması barədə məlumat yayılıb. DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov bununla bağlı göstəriş verib. Artıq ilkin nəticələr də məlum olub. Belə ki, gömrük sahəsində çalışan xeyli sayda vəzifəli və rütbəli şəxsin diplomunun təsdiqlənməməsi faktı aşkarlanıb. O da aydın olub ki, DGK-nın bəzi rütbəli şəxsləri xarici ölkələrdəki ali məktəblərə adlarını yazdırsalar da, həmin ölkələrə getmədən “təhsil” alıblar. Bu kimi hallar müəyyən edilən şəxslər işdən azad olunurlar və bəzilərinin barəsində araşdırma aparılır.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının ölkə ərazisində tanınması prosesi Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib ki, quruma diplomların tanınması ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi Qərb dövlətlərindən olur:

“Tanınmada üç əsas məsələ nəzərə alınır. Bunlardan biri kimi namizəd tələbə təhsil almaq niyyətində olduğu ali təhsil müəssisəsinin həmin ölkədə akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir formalaşır ki, namizədin seçdiyi universitet Fransa və ya İsveçrədədirsə, araşdırma aparmağa ehtiyac yoxdur. Belə yanaşma kökündən yanlışdır. Avropa ölkələrində də akkreditasiyadan keçmədən fəaliyyət göstərən universitetlər var”.

Burada mövcud problemlərdən biri saxta xarici diplomların ölkəyə necə gətirilməsi ilə bağlıdır. Onu da vurğulayaq ki, problem təkcə xaricdən alınan diplomlarda deyil. Bir çox qurumlarda bəzi əməkdaşların saxta diplomla işləməsinə dair zaman-zaman məlumatlar yayılıb. Hətta bugünlərdə vəzifəsindən istefa vermiş Vasif Talıbovun da diplomunun saxta olması barədə xəbərlər var.

Bu da bir faktdır ki, müxtəlif qurumlarda çalışan şəxslərin saxta diplomla bağlı işdən azad edilməsi də digər problemə yol aça bilər. Yəni proses kütləvi xarakter alarsa, həmin şəxslərin işsiz qalması ilə nəticələnəcək.

Ekspertlər bu istiqamətdə problemin həllini nədə görürlər?

"Mediatv.az"_ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, ümumiyyətlə, “saxta diplom” ifadəsi kifayət qədər ciddidir və bunun qarşılığı əslində “dövlət nümunəli olmayan” diplomdur:

“Hesab edirəm ki, hüquqi baxımdan bu termini işlətsək, həmin şəxslərin hüquqlarına hörmət etmiş olarıq. Təcrübədə diplomların dövlət nümunəli olmaması iki formada baş verir. Birincisi, həmin diplom barədə hər hansı bir rəsmi qurumun məlumat bazasında informasiya olmur. Azərbaycanda diplomların elektron sistemə daxil edilməsi daha çox 2003-cü ildən sonra baş verib. Dövlət nümunəli diplomların olmaması problemini daha çox 2003-cü ildən əvvəl görə bilirik. Azərbaycanda “Ali təhsil haqqında” Qanun 2009-cu ildə qəbul edilib. 2005-ci ilə qədər isə 1992-ci ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunun tələblərinə görə, ali təhsil müəssisələri öz daxili imtahanları ilə tələbə qəbulunu həyata keçirə bilərdilər. Bu gün problem iki formada ortaya çıxır.

Birincisi, yerli ali təhsil müəssisələrinin məzunlarının dövlət nüminəli olmaması, ikincisi isə xarici ölkələrdə alınmış diplomların leqallaşmamasıdır. 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı qanun qəbul edilib. Xarici ölkələrdə 2001-ci ilə qədər təhsil almış şəxslərin diplomlarının tanınmasına heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, diplomların tanınması ilə bağlı proses əvvəllər Təhsil Nazirliyində daha neqativ həyata keçirilirdi. Həmin şəxslər xarici ölkəyə ümumiyyətlə getmir, hansısa diplomu əldə edib burada tanıda bilirdilər. İndi isə bu yoxlama prosesi mərkəzləşmiş qaydada, şəffaf olaraq həyata keçirilir”.

Yerli ali təhsil müəssisələrinə gəldikdə isə problem daha çox Müəllimlər İnstitutunun Gəncə və Qazax filialı ilə bağlı baş verib:

“Çox təəssüf ki, həmin vaxtlarda istənilən şəxs qeyri-qanuni yolla qəbul edilib, yaxud universitetlərə Dağıstan, Dərbənd, Rusiyadan köçürmələrlə diplom verilib. Həmin ali təhsil müəssislərinə qəbul prosesi yalnız DİM tərəfindən həyata keçirlir. Hətta ozamankı TQDK sədri Məleykə Abbaszadə qeyd etmişdi ki, 20 mindən çox diplom var və onlarla bağlı bizdə məlumat yoxdur. Bu insanlar magistratura pilləsinə, dövlət qulluğuna qəbul zamanı həmin diplomlardan istifadə edirlər və onlar ali təhsil müəssisələrinə DİM tərəfindən qəbul edilməyiblər. Məsələ odur ki, bir çox saxta adlandırdığımız diplomların verilməsində rəsmi şəxslərin özləri iştirak ediblər. Tələbələrə deyiblər ki, siz qəbul olursunuz. Onlar 4 il pul ödəyiblər”.

Ekspertin sözlərinə görə, burada diplomlar iki formadadır:

“Birincisi, universitetə getməyiblər, digərləri isə 4 il oxuyur, təhsil haqqı ödəyir, imtahanlarda iştirak edirlər. Vaxtilə ABU , Müəllimlər İnstitutu var idi ki, onların məzunlarının diplomları ilə bağlı problem var. Məsələ ondadır ki, doğrudur, həmin şəxslər qaydanı pozublar, hansısa pul müqabilində onların qəbulu həyata keçirilib, onların yaşı indi kifayət qədər çoxdur. Biz problemi bilirik, bu şəxslərin diplomları dövlət nümunəli deyil, ancaq onlar dövlət qurumlarında çalışırlar. Bundan sonra onların ən az 2-3 illik qiyabi təhsilə cəlb etməliyik ki, onların karyeralarına mənfi təsir göstərməyək. Müxtəlif sahələrdə bu problemlər var.

Təkcə orta ümumtəhsil məktəblərində 8 min müəllimin diplomu dövlət nümunəvi deyil. İstənilən qurumun özündə yoxlama həyata keçirilsə, bu cür problemi görmək olar. Biz həmin şəxlərin iş imkanlarını məhdudlaşdırmamalıyıq, düşünməməliyik ki, o insanları çıxarıb, digər şəxsləri qəbul edək. Bu, doğru yanaşma tərzi deyil. Onlar bu diplom vasitəsilə işə qəbul ediliblər. Bundan sonra onları təhsilə cəlb etməliyik. Onların diplomlarının dövlət nümunəli olması üçün hüquqi prosedur həyata keçirilməlidir. Ən azından 2-3 il oxusunlar, təhsil haqqı ödəsinlər. Sonra alacaqları diplom hüquqi qüvvə daşısın. Dövlət Gömrük Komitəsi bilir ki, onların işçiləri daha çox Ukrayna, Rusiya, Gürcüstandan diplom almış şəxslərdir. Hətta onların tərcümeyi-halında da biz bunu görürük. Onlar gəlib hansısa yolla bu diplomu tanıtdırıblar. Yaxud digər problem odur ki, kimsə hansısa şəxsdən pul alır və deyir ki, mən sənin xarici ölkədəki diplomunu tanıtdıracağam. Əvəzində isə nazirliyə saxta şəhadətnamələr verirlər”.

Ekspert deyir ki, bu gün saxta diplomu olan “A”nı işdən çıxarsaq, əvəzinə “B” qəbul ediləcək:

“Məsələ odur ki, “A” adlanan şəxsin bundan sonrakı həyatını problem üzərində qura bilərik. Mahiyyət odur ki, işdən çıxarmaq məsələnin həlli deyil. Hətta Təhsil Nazirliyi diplomları dövlət nümunəli olmayanları işdən çıxarmadı. Onlara minimum dərs saatı verdi və onlar dərslərə cəlb edildilər. Məsələ onların diplomları ilə bağlı məsələnin həlli olmalıdır. Yoxsa islahat adı ilə kimisə işdən çıxarmaq, yaxud qəbul etmək nəzərdə tutulub.

Bu məsələyə fərqli yanaşılsa daha yaxşı olardı. Çünki məsələn, DGK xüsusi sahədir, onlar mütəxəssislərdir. Hətta cənab Prezident İlham Əliyev BDU-nun 100 illiyi ilə bağlı tədbirdə bildirmişdi ki, diplom önəmli deyil, şəxsi bacarıqlar daha çox vacib olmalıdır: “Müasir dövlət trendinə görə, sizin ola bilər ki, kompüter üzrə biliyiniz olmasın, ancaq kompüteri şəxsi, yaxud kursda yaxşı öyrənmisiz”. Ümumiyyətlə, mövcud problemlə bağlı müxtəlif yanaşma var, bu məsələdə də fərdi yanaşılsa, daha yaxşı olar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024