Sosial (11-01-2015, 18:14)
“Astara gömrüyündə dövlət içərisində dövlət qurulub” - Şikayət
Astara gömrük-keçid məntəqəsindəki özbaşınalıqdan vətəndaşların narazılığı artır. Belə ki, xırda ticarətlə məşğul olan Astara və ətraf rayonların sakinlərinə heç bir əsası olmadan cərimələr tətbiq edilir. Sahibkarlara olunan cərimələrin qəbzi verilmir.
“Mediatv.az” xəbər verir ki, bu barədə musavat.com-a Astara rayon sakini Asən Həşimli məlumat verib.
Onun sözlərin görə, Astara gömrük məntəqəsində heç bir qanuna və məntiqə sığmayan cərimələr tətbiq olunur: “Yanvarın 9-da yüngülvari bazarlıq etmək üçün İrana getmişdim. Çünki orada ərzaq nisbətən ucuzdur. Qayıdarkən İranın gömrük məmurları gətirdiyim ərzaqlara heç bir söz demədilər. Amma Astara gömrük məntəqəsində ciddi problemlə üzləşdim. Gömrüyün Vüqar Əsədov adlı məmuru tərəfindən 18 manat cərimə olundum. Üstümdə pul olmadığına görə çox xahiş-minnət etdim. Ancaq açıqca mənə dedilər ki, pulu gətir, sonra əşyalarını apar. Yaxşı ki, məhəllə qonşum Zabit Ağayev yanımda idi. O, cəriməni ödədi. Mən qəbz tələb etdim. Əvvəlcə verməyə razı olmasalar da, sonradan israrlı olduğumu görüb, razılaşdılar. Qəbz gözlədiyim 10 dəqiqə müddətində görünməmiş özbaşınalıqların şahidi oldum. Açıqca gömrük məntəqəsini rüşvət bazarına döndəriblər. Qəbzi gözlədiyim zaman bir qadının Vüqar Əsədova 60 manat pul verdiyini gördüm. Bu hallar neçə dəfə təkrar olundu. Heç birində pul ödəyən insanlara qəbz verilmədi. Təbii ki, mən qəbzi gözlədiyim üçün bu cür halların şahidi oldum.
Bunları yazmaya da bilərdim. Amma artıq insanlar beziblər. Bu özbaşınalığa son veriləcəkmi? Mənə qəbz yazan məmurun nə qədər əziyyət çəkdiyinin şahidi oldum. Bir çeki belə, yaza bilmirdi. Qəbzi götürəndən sonra məni dəhşət bürüdü. 22 kiloqram “peçenye”yə görə 18 manat cərimə olunduğum yazılmışdı. Hansı ki, mən heç “peçenye” almamışdım. Astara gömrüyündə dövlət içərisində dövlət qurulub. Gömrüklə bağlı problemlər çoxdur. İranın gömrük məmurları bizimkilərlə müqayisədə “toya getməli”dirlər. Astara gömrüyündə olan problemlər uzun illərdir ki, əhalinin dolanışığına ciddi problemlər yaradır. Aidiyyatı orqanları bu barədə tədbir görməyə çağırırıq”.
