Sosial / Slayd (23-12-2014, 19:36)
Aydın Bəşirov narahatlıq içindədir
Son günlər artıq ləğv edilmiş və bazasında qapalı səhmdar cəmiyyətin yaradıldığı Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) keçmiş rəisi Aydın Bəşirovun adı gözlənilmədən KİV-in gündəminə gəldi. Görəvdən alındıqdan sonra haqqında korrupsiya və həbs iddialarının gündəmə gətirildiyi Bəşirov bir müddət sonra mətbuat tərəfindən unudulmuşdu.
Amma axır iki həftədə onunla bağlı yeni iddialar gündəmə gəldi. Bəzi saytlar Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə, Azərbaycanı tərk etdiyini yazdılar. Həmin məlumatlarda sabiq rəisin müalicə üçün Almaniyaya getdiyi iddia olunur. “Bəzi iddialara görə, vəzifəsindən istefaya göndərildikdən bu yana A.Bəşirov səhhətindəki problemlərlə məşğuldur. Onun ölkəyə nə vaxt qayıdacağı açıqlanmayıb” - yayılan xəbərlərdə belə deyilirdi.
Aydın Bəşirov isə müalicə üçün xaricə getməsi barədə yayılan məlumatlara çox keçmədən münasibət bildirmiş, demişdi ki, yayılan məlumatlar tamamilə yalandır: “Hazırda evimdəyəm və sizinlə danışıram. Görürsünüz ki, vəziyyətim də yaxşıdır. Mənə nə olub ki, müalicə olunum? Yalandan nə gəldi yazırlar. Mən ölkədən də heç yerə getməmişəm. Azərbaycan mənim vətənimdir. Vətənimdən nə üçün getməliyəm?”
Bu mövzuda başqa bir açıqlamasında isə Bəşirov daha maraqlı fikirlər səsləndirmişdi: ““Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Qələt eləyir onu yazanlar. Mən oturub Bakıda çay içib çörək yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdir hamısı”.
Həmin açıqlamasında Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Bunların işi-gücü yoxdur?! Camaat özündən söz çıxarır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadır, qəssab nə hayda?! Mən Bakıda oturub kefimlə, istirahətimlə məşğulam. Mən prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O, məni ölümdən qurtarıb. İşləmirəm - özü bilər, işləyərəm - özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq”.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Aydın Bəşirov haqqında bu cür iddiaların ortaya atılmasından narahat olub. Sabiq “gəmiçilik şefi”nin narahatlığının səbəbi çox sadədir: o, vəzifədən kənarlaşdıqdan bir müddət sonra adının yenidən bu şəkildə gündəmə gətirilməsindən məmnun deyil. O əndişələnir ki, həmin məlumatlar “vurulmasında” mühüm rol oynamış iqtidar daxili çevrələrin hansısa planından xəbər verir.
Söhbət xüsusilə Aydın Bəşirov “vurulduqdan” sonra onun fəaliyyəti dövründə baş verən korrupsiya faktlarının yenidən araşdırılma ehtimalından gedir. Postundan uzaqlaşdırıldıqdan sonra sabiq “gəmiçilik şefi” bu məsələ ilə bağlı çətin günlər yaşamış, hətta onun ortaya çıxan yeyintilərlə əlaqədar ölkədən çıxışının yasaqlanmasından tutmuş həbsinə hazırlıq getdiyinə dair müxtəlif məlumatlar yayılmışdı.
Amma Bəşirov həmin çətin situasiyadan çıxmağı bacardı. Rəhbərlik etdiyi qurumdakı kadrlarının, xüsusilə vəzifəli qohumlarının “vurulmasının” qarşısını ala bilməsə də, hər halda özünün sərt şəkildə cəzalandırılmasına mane olmağı bacardı.
Amma aradan xeyli müddət keçdikdən sonra adı ətrafında yeni spekulyasiyaların ortaya çıxması sabiq “gəmiçilik şefi”ndə müəyyən şübhələrə yol açıb. Bəşirov istisna etmir ki, bu xəbərlər onun “vurulmasında” maraqlı olmuş müəyyən hakimiyyətdaxili dairələrin maraqlarına uyğundur. Mümkündür ki, onlar keçmiş XDGİ rəisinin adını gündəmə gətirməklə onunla bağlı məlum prosesləri yenidən canlandırmaq istəyirlər.
Məhz bu səbəbdən Bəşirovun narahatlıq keçirdiyi, yayılan xəbərləri də elə bu səbəbdən dərhal təkzib etdiyi deyilir. Halbuki istər vəzifədə olarkən, istərsə də postundan kənarlaşdırıldıqdan sonrakı ilk dövrdə sabiq “gəmiçilik şefi” haqqında ən sərt ittihamları belə cavabsız buraxır, mətbuatda barəsində yazılanlara demək olar ki, heç bir həssaslıq nümayiş etdirmirdi.
Amma indi onun fərqli davranması da adı ətrafında müəyyən iddiaların səsləndirilməsindən narahatlıq keçirdiyinin bir işarəsi sayıla bilər. Onun yenidən gündəmə gətirilməsinin davamlı olub-olmayacağını isə zaman göstərəcək. Əgər keçmiş XDGİ rəisi barədə iddialar yayılmağa davam edərsə, bunun təsadüfi olmadığına heç bir şübhə qalmayacaq.
Xatırladaq ki, sabiq “gəmiçilik şefi” 1994-cü ilin avqustundan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə rəhbərlik edib. O, ötən ilin oktyabrında gözlənilmədən vəzifəsindən kənarlaşdırılıb. Əksər mətbuat orqanları onun dövründə rəhbərlik etdiyi qurumun korrupsiya bataqlığına çevrildiyini yazırlar.