Sosial / Slayd (11-12-2014, 17:43)
Nazirlə şirkətlər arasında ixtilaf yaranıb
İctimai nəqliyyatda, daha doğrusu kart sisteminə keçidlə bağlı uzun müddətdir ki, işlər görüldüyü bildirilir. Amma aparılan müşahidələr göstərir ki, paytaxtda bəzi avtobuslarda tətbiq olunan kart sistemi o qədər uğurlu olmadı.
Belə ki, 3 manat verib kart alanlar bundan avtobuslarda gediş haqqını ödəmək üçün istifadə edə bimədilər. Çünki avtobuslarda bu sistem keçərli olmadı, başqa sözlə kart işləmədi. Nəqliyyat Nazirliyindən verilən açıqlamada bunu kartı ərsəyə gətirməli olan "Bank of Baku"nun gecikdirdiyini dedilər.
İlkin mərhələdə avtobuslarda kartla ödəniş sisteminə keçmək üçün ən azı 500 minədək kartın dövriyyəyə buraxılması gözlənilirdi və bank 2013-cü il iyulun 1-dək bu kartları dövriyyəyə buraxmalı idi. Lakin bank bu öhdəliyi yerinə yetirə bilmədiyindən avtobuslarda kartla ödəniş sisteminin tətbiqi qeyri-müəyyən müddətə təxirə salındı. Son məlumata görə isə mart ayından guya avtobuslarda kart sistemi işləyəcək.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, artıq 2 ildir ictimai nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlı söhbətlərin getməsinə baxmayaraq, bu müddət ərzində elektron ödəmə sisteminə keçməməyin səbəbini bir sıra amillərlə izah edir: "Qətiyyətlə deyirlər ki, mart ayından avtobuslarda tamamilə kart sisteminə keçiriləcək. Gediş kartlarına keçidin gecikməsinə səbəb kimi müxtəlif daşıyıcı şirkətlər arasında razılığın olmamasını göstərirlər. Nəqliyyat marşurutlarında çalışan şirkətlər bildirirdilər ki, hər bir marşrutun öz kartı olsun. Bu mücərrəd bir məsələdir. Təsəvvür edin ki, 30 şirkət var və hər şirkətin bir kartı olsa, sərnişin cibində bir torba kart gəzdirməlidir. Avtobusdan düşəndə axtarmalıdır ki, görsün bu avtobusun kartı hansıdır? Belə gülməli situasiya yarana bilərdi. Digər tərəfdən, marta 3 aydan az vaxt qalıb. Bu müddət ərzində bütün məsələlərin həyata keçiriləcəyinə heç də inanmıram. Qeyd edim ki, qara əməllər törətmək istəyənlər daha yaradıcı olurlar. Bir də gördünüz ki, alternativ nəsə düşündülər."
Ekspertin sözlərinə görə əslində yığılan pulların taleyi, daşıyıcı şirkətləri narahat edir: "Razılığa gəlinməməsində də aydın məsələdir ki, maddi maraq var idi. Sərnişin daşıyan şirkətləri hələ də aydınlaşdıra bilmirlər ki, yığılan pulların taleyi necə olacaq. Çox böyük ehtimalla vergidən yayınma halları da var. Heç bir hesabat, uçot aparılmır."
Ə. Hüseynov qeyd edib ki, ictimai nəqliyyatda kart sistemi tam tətbiq olunandan sonra vergidən yayınma hallarının qarşısı alınacaq: "Bütün edilən ödənişlər qeydiyyata düşəcək. Deyilənə görə prinsipial razılıq əldə olunub ki, bütün avtobuslar üçün vahid kart sistemi tətbiq edilsin." Ekspert bu sistemin bir sıra müsbət cəhətlərini də vurğuladı: "Bu sistem tam tətbiq olunarsa, sürücülərin 20 qəpik qovması minimuma enəcək. Bütün dünyada bu sistem var. Kart sistemi olduqda sürücü konkret olaraq əmək haqqı alır. Əmək müqaviləsi olur, tələblər, iş rejimi müəyyən olunur. Əgər normal şəkildə tətbiq olunsa, müsbətə doğru dəyişikliklər gözləmək olar."
Digər mənbələr də Ziya Məmmədovun nazirliyinin üç ay sonra tamamilə kart sisteminə keçiləcəyi barədə açıqlamalarını real saymırlar. Onlar da hesab edirlər ki, haqqında iki ildir danışılan prosesin yubanmasının əsas səbəbi maraqlar mübarizəsidir. Görünən odur ki, sərnişindaşıma şirkətləri ilə Məmmədovun nazirliyi arasında bu məsələ ilə bağlı dərin etimadsızlıq hökm sürür.