Sosial / Slayd (11-12-2014, 17:30)
Döyülən icra başçısı ilə bağlı açıqlama- “Bir qrup dəllal...”
“Onların hər biri dövlət qulluqçusuna qarşı belə mövqe nümayiş etdirdiyinə və əhalinin təxribata çəkdiyinə görə cəzasını alacaq”
“Hazırda başçının səhhəti yaxşıdır. O, həkim nəzarəti altındadır. Yaxın günlərdə xəstəxanadan təxliyə olunacaq”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Gəncə Şəhər İcra hakimiyyətinin başçısının müavini Naqif Həmzəyev Nizami rayonun icra başçısının döyülməsinə münasibət bildirərkən deyib.
N. Həmzəyev bildirib ki, hadisədən bir gün əvvəl Gəncə rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirakı ilə həmin qəsəbədə Kəlbəcər sakinləri ilə görüş keçirilib:” Sakinlər görüşdən və həmin qəsəbədə infrastruktur layihələrinin həyata keçiriləcəyindən razı qalmışdılar. Belə ki, qəsəbədə xüsusi küçələr müəyyənləşdirilməlidir. Bir müddət əvvəl orada bir qrup dəllal tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də necə gəldi orada ev tikiblər. Görüş zamanı da bildirildi ki, kim ki, uzun müddət orada yaşayırsa, biz onların evlərini sənədlə təmin edəcəyik. Kim yaşamırsa, torpaqları öz hesabına özəlləşdiribsə, həmin insanlara da şərait yaradacağıq ki, problemləri olmasın. Amma gecəylə bir qrup dəllal planlaşdırıb ki, burada səhər kim işləməyə gəlsə, onları daşlayaq. Hətta gecəylə onlar bir neçə nəfəri də bilərəkdən döyüb xəstəxanaya yerləşdiriblər. Burada məqsədləri o olub ki, guya onlar icra hakimiyyəti və polis tərəfindən döyülüblər. Bizdə həmin insanların iç üzünü bildik. Halbuki həmin dəllalara dövlət tərəfindən torpaq verilib. Bu ərazini isə sənədsiz, qeyri-qanuni hasara alıblar.
Bir qrup dəllal Nizami rayon icra başçısına və polis əməkdaşlarına, bir neçə iş adamına xəsarət yetiriblər. Onlar barəsində cinayət işi açılıb və artıq həbs ediliblər. Onların hər biri dövlət qulluqçusuna qarşı belə mövqe nümayiş etdirdiyinə və əhalinin təxribata çəkdiyinə görə cəzasını alacaq”.