Sosial (5-12-2014, 21:48)
Azərbaycanda məktəb direktorunun rüşvət görüntüləri yayıldı - Video
Hacıqabul rayon Talış kənd tam orta məktəbinin müəllimləri həmin təhsil müəssisəsinin rəhbəri ilə bağlı Publika.az-a müraciət ediblər.
Müəllimlərin sözlərinə görə, məktəbin 71 yaşlı direktoru Mirsaleh Mirabbas oğlu Məmmədov dövlətə məxsus məktəbi öz mülkü hesab edərək vəzifəsindən sui-istifadə edir. Onun məktəbə məxsus maddi-texniki vasitələri mənimsədiyi, məktəbin texniki işçilərinin əksəriyyətinin maaş kartlarını alıb uzun müddət özündə saxladığı, ayda bir neçə dəfə işə çıxmaq və ya ümumiyyətlə, gəlməmək şərti ilə onlara cüzi miqdarda pul verdiyi bildirilir. İddia olunur ki, hətta bu fakt Hacıqabul Rayon Maliyyə İdarəsindən gələn yoxlama tərəfindən aşkarlanaraq, maaş kartları öz sahiblərinə qaytarılıb. Buna baxmayaraq, həmin xoşagəlməz əməl cəzasız qalıb.
Qeyd olunur ki, direktor digər texniki vəzifələrə öz yaxın qohumlarının adlarını yazdırıb, müvafiq dövlət sənədlərini (tabel cədvəlini-red) saxtalaşdıraraq uzun müddətdir işə gəlmədikləri halda, onların adına olan maaşları mənimsəyir. Bir zamanlar hətta məktəbə aid elektrik enerjisindən evinə gizli xətt çəkdirib, uzun müddət qanunsuz olaraq istifadə edirdi. Gənc müəllimlərin narazılığı sayəsində bu xətt ləğv edilib.
Həmçinin dərs bölgüsü zamanı dərslər müəyyən məbləğ müqabilində qeyri-ixtisas müəllimlərinə verilir (ixtisas müəllimi olduğu halda-red).
“Digər hallarda biz ona problem olduğumuz, həmçinin hər ay yaşlı müəllimlər kimi pul vermədiyimiz üçün müxtəlif bəhanələrlə gənc müəllimlərin öz işini görməsinə maneçilik törədir. Nəzərinizə çatdırırıq ki, bizdən əvvəl işləyən müəllimlər hər ay müəyyən miqdarda guya məktəbin "qonaq"larını yola salmaq üçün haqq verirdilər. Qalan texniki işçilərin isə adı ya işdə gedir, ya da ayda nəyinsə qarşılığında bir neçə dəfə işə gəlməklə "işləyirlər" deyə şikayətdə vurğulanır.
Sakinlər bildirirlər ki, direktorun yaxın qohumu olan səkkiz müəllimin maaş kartı Mirsaleh müəllimdədir. Onlar məktəbdə işləməsələr də, adları müəllim kimi qeyd olunub. Bundan başqa, gənc müəllimlərin məzuniyyəti faktiki 56 gün hesablandığı halda, 42 gün məzuniyyət pulu hesablanıb.
Şikayətçilər Mirsaleh Mirabbas oğlu Məmmədovun əməlləri ilə bağlı əyani fakt kimi video faylları da əməkdaşımıza göndəriblər. Həmin görüntülərdə ibtidai sinif müəllimələrindən ikisinin dərs saatlarına görə hər ay direktor M.Məmmədova 40 azn verməsi, həmçinin xadimə Əliyeva Hafizə Etibar qızının hər ay maaş əvəzi 40 azn alması və maaş kartının direktorda olması, habelə tarix müəllimlərindən birindən hər ay 30-40 azn istəməsi əks olunur.
Müəllimlər qeyd etdilər ki, dəfələrlə Hacıqabul Rayon Təhsil Şöbəsinə müraciətlərin, şikayətlərin daxil olmasına baxmayaraq, bu problemlə bağlı heç bir nəticə olmayıb: “Ona görə Hacıqabul Rayon Təhsil Şöbəsində bu şikayətə baxılmasını istəmirik, çünki bilirik ki, direktorun əməlləri ört-basdır ediləcək”.
Talış kənd tam orta məktəbinin müəllimləri əlavə etdilər ki, yaxın günlərdə təhsil naziri Mikayıl Cabbarova müraciət edəcəklər.
Sözügedən orta məktəbin direktoru Publika.az-a barəsində deyilənləri təkzib edib: “Müəllimlərin maaşı məndə nə gəzir? Hər kəs qol çəkərək maaşı özü alır. Mən sizi tanımıram, siz də məni. Tələbkar, işgüzar adamam. Müəllimlərin hamısı məktəbdədir. Nə xadimə? Məktəbi məgər mən silib-süpürürəm? Mən təmizləyirəm? Mən açıq söhbət edənəm. Müəllimlərin bir qəpik də pulu məndə deyil. Onları çubuqla çırpsan da, bir qəpik verən deyillər. Heç onları qəzetə abunə də yazdırmaq mümkün deyil. Pul vermək söhbəti ola bilməz. Maaş kartları da məndə deyil. Müəllimin maaş kartı məndədirsə, o, dərsə gələr? Belə çıxır ki, o, evdə oturub. Mən özbaşına işdən qalanların maaşlarını tuturam. Bir müəllim bir neçə gün işdən qalıb. Üç günün pulunu tutmuşam, ona görə də bunu ediblər. Bir gənc müəllim də 6 gün işdən qalıb. Onun 3 gün maaşını tutmuşam. Axı özbaşına buraxmaq olmaz”.
Hacıqabul Rayon Təhsil Şöbəsi müdirinin müavini Balaxanım Ələsgərova isə direktordan şöbəyə şikayət daxil olmadığını bildirdi:
“Həmin orta məktəbdən bizə şikayət daxil olmayıb. Mümkünsə, şikayətçi müəllimlərin adlarını açıqlayın”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024