Sosial (23-10-2014, 20:29)
Nazir müavini ana və uşaq ölümündən danışdı
Elsevər Ağayev: “Analara vaxtında həkimə getməlidir, hamiləlik zamanı daim həkim nəzarətində olmalıdırlar”
«Azərbaycanda ana və uşaq ölümünün ildən-ilə azalması tendensiyası gedir. Amma hər bir ana və körpə ölümü Səhiyyə Nazirliyini də, cəmiyyəti də narahat edir”.
“Həftə içi”nin məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev «Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər” adlı konfransda çıxışı zamanı bildirib. Ana və uşaq ölümünün dünyanın bütün ölkələrində baş verdiyini söyləyən Elsevər Ağayev qeyd edib ki, nazirlik analara vaxtında həkimə getməyin vacibliyi barədə vaxtaşırı müraciət edir: “Həkimə gec müraciət etdikdə, hamiləlik zamanı həkim nəzarətində olmadıqda, sonda belə problemlər ortaya çıxa bilər. Bu da tək-tək hallarda baş verir. Hər bir ana və uşaq ölümü Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyası tərəfindən araşdırılır və günahkarlar cəzalandırılır. Bundan əlavə, regionlarda da metodik tövsiyə xarakterli tədbirlər keçirilir və ginekoloqlar bu sahədə maarifləndirilir”.
Konfransda çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva isə ötən 10 il ərzində səhiyyə sahəsində əldə olunan statistik göstəricilərə toxunaraq deyib ki, xəstəxana çarpayılarının məşğulluq göstəricisi son 10 il ərzində 3 dəfə yüksəlib. Aparat rəhbəri qeyd edib ki, ilkin səhiyyə xidməti müəssisələrində ailə həkimi praktikasının tətbiqinə başlanıb. Nazirlik təmsilçisi bu gün minə qədər ailə həkiminin Azərbaycanın regionlarında, kənd xəstəxanalarında və digər ilkin səhiyyə müəssisələrində çalışdığını açıqlayıb: “Son 10 il ərzində Azərbaycanda ölüm göstəricisi dinamik olaraq azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlib. Ölkədə orta ömür uzunluğu bu illər ərzində artaraq 2000-ci ildə 71,8 yaşdan 2013-cü ildə 74,2 yaşadək yüksəlib. Son illər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu sahədə göstəricilərin yaxşılaşmasına gətirib çıxarıb. Ana ölümü 61 faiz, körpə ölümü 34 faiz azalıb”.
Zəkiyyə Mustafayeva qeyd edib ki, ötən 10 il ərzində ölkədə 500-dən artıq yeni tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz olunub. Bu müəssisələrin 32 faizi Bakının, 68 faizi isə ölkənin digər regionlarının payına düşür: “Azərbaycanda səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən və özünü doğrultmayan tibb müəssisələrinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması strukturunun optimallaşdırılması sahəsində islahatlar aparılıb, “Milli Səmərələşdirmə Planı”nın tətbiqi başa çatdırılıb. Nəticədə respublika üzrə çarpayı fondu orta heabla 50 faiz ixtisar edilib və iqtisadi baxımdan səmərəli hesab edilməyən 40 faizə yaxın stasionar müəssiə bağlanıb, əvəzində isə yeni ilkin səhiyyə müəssisələri yaradılıb».
Aparat rəhbəri onu da vurğulayıb ki, bu günə qədər Azərbaycanda 1 milyona yaxın yenidoğulmuş uşağa Elektron Sağlamlıq Kartı verilib. Zəkiyyə Mustafayevanın sözlərinə görə, “Elektron Azərbaycan” Dövlət Proqramına uyğun olaraq 12 istiqamət üzrə tibbi elektron registr, vətəndaşlara “Elektron Sağlamlıq Kartı” sistemi və vahid səhiyyə sistemi yaradılıb: “Hazırda respublika üzrə minə yaxın işçi yeri sistemə qoşulub və müvafiq işçi heyətinə təlimlər keçirilib. Səhiyyə Nazirliyi üzrə 28 elektron xidmət hazırlanaraq istifadəyə verilib və 27 elektron xidmət “Elektron hökumət” portalına qoşulub. Dərman təchizatının yaxşılaşdırılması məqsədilə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb. Bu ildən ölkə üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanıb. İldən-ilə dövlət büdcəsindən səhiyyəyə daha çox vəsait ayrılır. Belə ki, 2005-ci illə müqayisədə 2014-cü ildə bu vəsait 6 dəfədən çox artaraq 725.0 milyon manat təşkil edib. Ötən illər ərzində 10-dan artıq dövlət proqramı həyata keçirilib. Müxtəlif xəstəliklər üzrə 80-dən çox klinik protokol hazırlanıb”.
Nazirlik rəsmisi həmçinin bu ildən etibarən ölkə üzrə dərmanların mərkəzləşdirilmiş qaydada təchizatına başlanıldığını da bildirib. Onun sözlərinə görə, dərman təchizatının yaxşılaşdırılması məqsədilə stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların sayı 60-dan 166-ya çatdırılıb».
Sevinc
