Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-10-2014, 21:42)
Zibilliyə bürünmüş qaz kəmərləri - REPORTAJ, FOTO

Şüvəlandakı “Bağlar” massivinin sakinləri: “Virusları okeanın o tayında yox, bizim zibilxanalarda axtarmaq lazımdır”

Son zamanlar “Ebola” adlı virus bütün dünyanı təşvişə salıb. Artıq bu öldürücü virus qonşu ölkələrdə də təşviş yaratmaqla, Azərbaycanın dövlət sərhədlərinə yaxınlaşır. Bu virusla əlaqədar Azərbaycan gömrük orqanları tərəfindən nəzarət gücləndirildiyi bir vaxtda nədənsə paytaxtın təmizliyinə yüksək səviyyədə fikir verilmir. Küçələri süpürülmür, məişət tullantıları sakinlər tərəfindən hara gəldi atılır, aidiyyəti qurumlar tərəfindən tullantılar vaxtlı-vaxtında daşınmır. Eləcə də dolmuş zibil qutularından aşıb-daşan zibillər aylarla, bəlkə də illərlə küçədə, yolun kənarlarında ayaq altında qalır, ətrafa xəstəlik və natəmizlik əmələ gətirir. Bu natəmizlik isə öz növbəsində “Ebola” kimi mənşəyi bəşəriyyətə məlum olmayan virusların və yolxucu xəstəliklərin yaranmasına səbəb olur.

Paytaxtın belə ərazilərindən biri də Xəzər rayonunun Şüvələn qəsəbəsində “Şimal DRES” adlanan ərazidə salınmış “Bağlar” massividir. Yenicə salınmış bu yaşayış massivindən Xəzər rayon qəsəbələrinə, sanatoriya və müəssisələrinə paylanılan, eləcə də Abşeron-Maştağa yaşayış sahələrinə ixrac olunan yüksək təzyiqli qaz kəmərləri keçir. Qaz İxracı İdarəsi Abşeron-Maştağa Qaz Kəmərləri Sahəsi yerləşən binanın qarşı tərəfində, qaz kəmərləri keçən böyük bir ərazi sanki sahibsiz bir xarabalığı, zibil poliqonunu xatırladır.

“Həftə içi”nin əməkdaşı olaraq həmin ərazidə olduq. Müxtəlif diametrli qaz kəmərlərinin üstü məişət tullantıları ilə dolub. Belə ki, qaz xəttinin keçdiyi böyük bir ərazini zibillik cənginə alıb. Külək məişət tullantılarını ətraf ərazilərə, eləcə də yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətinə səpələyirdi. Həmin ərazidə bir dənə də olsun, zibil qablarına rast gəlmədik. Zibil qabları, eləcə də zibilxana yeri olmadığından sakinlər məişət tullantılarını hara gəldi atıblar.

Qaz kəmərlərinin dibindəki zibillik yansa…

Rövşən adlı sakin “Bağlar” massivində təxminən 2000-dən yuxarı əhalinin yaşadığını deyir. Onun sözlərinə görə, ərazidə zibil qabları olmadığından sakinlər məişət tullantılarını boş ərazilərə, qaz kəmərlərinin ətrafına atırlar: “Zibili daşıyan yoxdur. Ona görə də çox vaxt məişət tullantıları elə ərazidəcə yandırılır. “Bağlar” yaşayış sahəsi təzə salındığından illərlə məişət tullantıları atılmamış qalır. Bu illər ərzində burada cəmi bir neçə dəfə zibil daşınıb. Aylarla, illərlə üst-üstə yığılan zibillik əksər hallarda yerindəcə yandırılıb. Əgər qaz kəmərlərinin dibindəki zibil topalarına od düşsə, nələrin baş verəcəyini təsəvvür edirsinizmi? Bu, çox təhlükəlidir. Çünki zibilliyin içərisi tez yanan maddələrlə, partlayıcı plastik yağ qabları, “odekalon” və “dezodarant” qabları ilə doludur. Bu tullantılar yandıqda güclü partlayışlar baş verir. “Dezodarant” qabları partlayan zaman onun qəlpələri böyük təzyiqlə bir neçə metr ətrafa səpələnir. Bu isə yaxınlıqdan keçən adamlara, zibillikdə oynayan uşaqlara bədən xəsarəti yetirə bilər. Əgər iri diametrli qaz borularının üstündə tökülüb qalmış zibillik yandırılsa, bu, qaz kəmərinin partlayışına səbəb olar. Bu isə “Bağlar” massivində tikilmiş fərdi yaşayış evlərini təhlükə altına alır”.

“Virusları okeanın o tayında yox, bizim zibilxanalarda axtarmaq lazımdır”

Rəfail adlı digər sakin isə zibilliyin natəmizlik yaratmasından savayı məişət tullantılarının üfunətinin ətrafa yayılmasından, ərazinin həşərat yuvasına çevrilməsindən də şikayətlənir. Onun sözlərinə görə, ərazi zibil poliqonuna çevriləndən ətrafda milçəklərin, ağcaqanad və digər həşəratların, siçan və siçovulların əlindən tərpənmək olmur. Xüsusən də isti yay günlərində üfunət baş gicəlləndirir: “İndi havalar bir qədər soyuyub deyə zibillikdə həşəratlar əvvəlki kimi çox deyil. Amma yayda burada nəfəs almaq olmur, 5 dəqiqə bu ərazidə açıq havada oturmaq sanki cəhənnəm əzabıdır. Hər tərəf antisanitariya yuvasına çevrilib, siçan və siçovullar evlərimizə soxulur”.

Qəsəbə sakinləri aidiyyəti qurumların bu yaşayış massivinin sosial problemlərinə laqeyd münasibətindən də şikayətlənir. Onlar xüsusilə də Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzinin xidmətlərinin yox dərəcəsində olduğunu söyləyirlər. Sakibə Hüseynova bildirir ki, bu qurumun əraziyə baxan sanitar-həkimləri bir dəfə də olsun “Bağlar” massivindəki vəziyyətlə maraqlanmayıblar: “Rayon Gigiyena Epidemiologiya Mərkəzi səlahiyyətli bir qurum kimi bu haqda heç bir ölçü götürməyib. Azyaşlı uşaqlarımız zibilliklərin içində oynayırlar. Uşaqlar məktəbə və bağçaya həmin zibilxanaların arası ilə qaz kəmərlərinin üstündən keçib gedirlər. Çox acınacaqlı bir vəziyyət yaranıb. Aidiyyəti qurumların nümayəndələri okeanın o başında gedib virus axtarırlar, amma bizim yaşayış massivindən xəbərləri yoxdur. Bu boyda zibilxanaları görmürlər? Görənlər də özlərini görməməzliyə vurub gedirlər. Əgər bu antisanitariya yuvasını araşdırsalar nə qədər mikroblar, viruslar aşkarlanar. Ona görə də virusları okeanın o tayında yox, bizim zibilxanalarda axtarmaq lazımdır. Burada zibil ayaq tutub yeriyir, zibilxana düz evlərin bir-iki addımlığındadır”.

Aidiyyəti qurumlara xəbərdarlıq edilib

Qaz İxracı İdarəsi Abşeron-Maştağa qaz kəmərləri sahəsinin mühəndisi Vüqar Hətəmov qaz kəmərləri olan böyük bir ərazinin zibilxanaya çevrilməsinə təəssüflənir. O, “Həftə içi”nə açıqlamasında bildirir ki, məişət tullantılarını qaz kəmərlərinin üstünə və ətrafına atmaq cinayətdir. Onun sözlərinə görə, bu barədə də sakinlərə və aidiyyəti qurumlara dəfələrlə xəbərdarlıq olunsa da, nəticə dəyişmir: “Aidiyyəti qurumlara demişik ki, buranın zibilini təcili təmizləsinlər. Amma zibillərin daşınması ilə bağlı bir tədbir görən yoxdur. Zibilliyin içindən keçən və altında qalıb görünməz olan qaz kəmərləri iri diametrli borulardır. Əgər zibilliyi yandırsalar, həmin borularda partlayış hadisəsi baş verə bilər. Onda ətrafda sağlam bir şey qalmaz”.

Vüqar Hətəmov onu da bildirib ki, zibilliyə qərq olmuş müxtəlif diametrli qaz boruları vasitəsilə Xəzər rayon ərazisinə “mavi yanacaq” paylanılır. Ona görə də həmin qaz boruları olan ərazini zibilxanaya çevirmək olmaz: “Çünki bu, insan həyatı üçün təhlükəlidir”.

İcra nümayəndəsi: “Sakinlərlə müqaviləmiz yoxdur”

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbəsi üzrə icra nümayəndəsi Rauf Axundov isə “Həftə içi”nə bildirib ki, “Bağlar” yaşayış massivindən keçən qaz kəmərlərinin ətrafının zibil poliqonuna çevrilməsindən xəbərdardırlar. Ancaq onun sözlərinə görə, zibillərin daşınması ilə bağlı “Bağlar” massivinin sakinləri ilə icra nümayəndəliyi arasında müqaviləsi yoxdur. Elə bu səbəbdən də məişət tullantılarını sakinlər özləri daşımalı, ərazini özləri təmizləməlidirlər: “İki ay yay vaxtı fəhlə tutdum, texnika götürüb, həmin ərazilərin zibillərini daşıtdırdım. Orada təmizlik, səliqə-sahman yaratdıq. Sakinlərin özlərinə də xəbərdarlıq etdik ki, qaz boruları keçən əraziyə zibil atmasınlar. Mənim zibil atmağa nə işçi qüvvəm var, nə də texnikam. Təzə salınmış massivdir, əksər sakinlərin evi sənədləşməyib, zəhmət çəkib getsinlər Dövlət Əmlak Komitəsindən evlərinin sənədlərini düzəltsinlər. Bundan sonra icra nümayəndəliyi ilə müqavilə bağlasınlar ki, biz də zibillərin daşınmasını təmin edə bilək. “Bağlar” massivinə 9 ədəd zibil qutusu qoyduq. Lakin məişət tullantıları daşınmadığından həmin qutuları götürtdüm. Zibili əraziyə atanlar zəhmət çəkib özləri də daşısınlar. Baxmayaraq ki, “Bağlar” yaşayış sahəsi inzibati cəhətdən Şüvələnin ərazisinə daxil. Amma məişət tullantılarının daşınması ilə Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi məşğul olur. Qəsəbə nümayəndəliyinin heç cür imkanı yoxdur ki, həmin ərazidə yığılıb qalmış məişət tullantılarını daşıyıb atsın”.

Qələndər Xaçınçaylı

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025