Sosial (30-09-2014, 18:46)
Azərbaycanın fövqəladə hallar naziri İran Gömrük İdarəsinin rəhbərini qəbul edib
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Mediatv.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə məlumat verilib. Nazir Kəmaləddin Heydərov bildirib ki, son zamanlar Azərbaycan ilə İran arasında əlaqələr iki ölkənin prezidentlərinin görüşlərindən sonra yeni impuls qazanıb: “Bizim əsas vəzifəmiz dövlət başçılarının qarşıya qoyduqları məsələləri uğurla həyata keçirməkdir”.
M.Kərbasiyan səmimi qəbula görə təşəkkürünü bildirib, iki dost və qonşu ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
