Sosial (15-09-2014, 23:05)
Türkanda iməcilik keçirilib
Xəzər rayonunda yeni yaşıllıqların salınması, yeni ağacların əkilməsi və əkilmiş ağaclara qulluq edilməsi istiqamətində işlər davam etməkdədir.
“Həftə içi”nin məlumatına görə, növbəti genişmiqyaslı iməclik dünən rayonun Türkan qəsəbəsində keçirilib. İməclikdə Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları, təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələri iştirak edib. Tədbir zamanı Türkan qəsəbəsinin mərkəzi küçəsində yolun hər iki tərəfində yaşıllıqlar salınıb, qoruyucu taxta hasarlar çəkilib, yolun kənarlarındakı divarlar yenidən rənglənilib. Qəsəbədə fəaliyyət göstərən 119, 262, 256 saylı tam orta məktəb və sağlamlıq imkanları məhdud uşaqlar üçün yenicə əsaslı təmirdən çıxmış internat məktəbi ətraflarında təmizlik və abadılıq işləri görülüb. Mərkəzi yoldakı 1000 ədəddən çox ağaclar suvarılıb və ətraf ərazidə təmizlik işləri görülüb. Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib. Ətraf ərazidən məişət tullantılarından təmizlənərək, onun yerində abadlıq işləri aparılıb .
