Sosial / Slayd (11-06-2014, 11:28)
Yardımlı rayonu sürətli inkişaf mərhələsində
Ölkəmizdə vüsət alan tərəqqiyönlü proseslərdən Yardımlı rayonuna da əhəmiyyətli pay düşmüşdür. Ötən il və bu ilin 5 ayı ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri və eyni zamanda digər infrastruktur layihələri daha da sürətlə həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev, Ünəc, Daşkənd, Nizami, Füzuli, Məharət Mirzəyev, Vəli Məmmədov küçələrində tikinti-abadlıq və yol təmiri işləri, Çayüzü kəndində küçə işıqlarının quraşdırılması həyata keçirilmişdir.
Yardımlılar ötən il «səs verib prezident seçdikləri cənab İlham Əliyevin 4 sentyabr 2013-cü il tarixdə rayona tarixi səfərini xoş təəssüratlarla xatırlayırlar. Səfər zamanı YAP Yardımlı rayon təşkilatının inzibati binası, Ümumilli lider Heydər Əliyevin adını daşıyan Mərkəz və Park, Gənclər Parkı, Yardımlı-Deman-Arvana avtomobil yolu məhz möhtərəm prezidentin xeyir-duası ilə istifadəyə verilmişdir. Rayon ictimaiyyəti ilə görüş zamanı cənab prezident görülmüş işləri yüksək qiymətləndirmiş və yaxın gələcəkdə rayondan yeni infrastruktur layihələrinin həyata keçiriləcəyini bildirmişdi. Bunları nəzərə alan ölkə başçısı 10 sentyabr 2013-cü il tarixli sərəncamı ilə on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, həmin tarixlə Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayırmışdır. Bütün bunlardan faydalanan Yardımlı rayonunun tərəqqipərvər sakinləri Prezidentin rayona göstərdiyi qayğını yüksək qiymətləndirirlər. Bu qayğılı münasibəti Yardımlı vətəndaşlarına ötürmək vəzifəsinin öhdəsindən layiqincə gələn cənab Sevindik Hatəmovun başçılıq etdiyi Rayon İcra Hakimiyyəti hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır, ilk növbədə, müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirilir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq RİH-də qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır.
Maliyyə vəsaitləri təyinatı üzrə və səmərəli istifadə edilir
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli iqtisadçı Malik Abışovun rəhbərlik etdiyi Yardımlı rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir
Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuş, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödəniş plastik kartlarla keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən
müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir.
Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilmişdir. Bu qəbildən olan insanlar daim RİH və aidiyyati təşkilatların diqqətindədir.
Dövlət Sosial Müdafiə Fondu rayon Şöbəsində Zamin Əliyevin rəhbərliyi altında proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.
Onu da qeyd edək ki, DSMF Yardımlı rayon Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır. Belə ki, aprelin 29-da Yardımlıdan olan vətəndaşlar Şöbənin təşkilatçılığı ilə «DSMF-nin elektron xidmətləri» adlı regional təqdimat mərasimində iştirak etmək üçün Lənkərana göndərilmişlər.
DSMF Yardımlı rayon şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF rayon Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
Təhsilə diqqət əsas prioritetlərdən hesab olunur
Yardımlı İcra Hakimiyyətinin rəsmi internet saytında yerləşdirilmiş məlumata görə rayonda 80 ümumtəhsil məktəb, o cümlədən 42-si tam orta, 22-si ümumi orta, 16-sı ibtidai məktəb, 3 məktəbəqədər, 5 məktəbdənkənar müəssisələr fəaliyyət göstərir. Bundan əlavə olaraq rayonda 1 texniki peşə məktəbi fəaliyyət göstərir ki, burada 3 qrup üzrə rayon ümumtəhsil məktəblərində 9 minə yaxın şagirdin təlim-tərbiyəsi ilə minə yaxın pedaqoq məşğul olur. Əlavə olaraq rayonda S.İbişov adına Yardımlı peşə məktəbi fəaliyyət göstərir. Bu məktəbdə 6 qrupda (elektrik-qaz qaynaqçısı, geniş profili traktorçu-maşinist, kəndin elektrikləşməsi və rabitə üzrə elektrik montyoru, avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər, heyvandarlıq kompleksi üçün ferma operatoru və arıçılıq peşəsi) 160 şagirdin təhsili ilə 16 pedaqoji işçi məşğul olur. Müəllimlər arasında elmlər namizədi, əməkdar müəllimlər, «Tərəqqi» medalı laureatları, «Qabaqcıl təhsil işçisi» fəxri adı daşıyanlar vardır.
Hökumətin və Heydər Əliyev Fondunun hesabına məktəb və uşaq bağçalarının tikintisi vüsət almışdır. Bu işlər indi də davam etməkdədir. 14 may 2014-cü il tarixdə 360 şagird yerlik Zövün kənd tam orta məktəbinin açılış tədbiri keçirildi. İki mərtəbəli, 18 otaqlı və digər xidmət sahələrindən ibarət məktəbin müasir idman zalı inşa olunub istilik sistemi quraşdırılmışdır. Məktəbin tikintisinə 2012-ci ilin oktyabr ayında başlanmış, müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuşdur.
Əlbəttə, Yardımlıda təhsilin inkişafına göstərilən bunca qayğılı münasibət təsirsiz ötüşmür. Təhsilin bütün komponentləri üzrə inkişaf meylləri son illər müsbət tendensiya kimi müşahidə olunmaqdadır. Təcrübəli pedaqoq Manaf Balışovun rəhbərlik etdiyi Rayon Təhsil Şöbəsinin fəaliyyəti təqdirəlayiq hesab olunur.
Ali təhsil müəssisələrinə qəbul istiqamətində 2013-cü il rayon təhsil şöbəsi üçün uğurlu il olmuşdur. Belə ki, ötən tədris ilində 108 nəfər məzun ali məktəblərə qəbul olunmuşdur. Onlardan 16 nəfəri qızlardır ki, bu da əvvəlki illə müqayisədə 4 nəfər çoxdur. Ali təhsil müəssisələrinə qəbul zamanı 5 nəfər 600-dən yuxarı, 10 nəfər isə 500-dən yuxarı bal toplamışlar. İnanırıq ki, başa çatmış 2013-
2014-cü tədris ilinin yekun göstəriciləri Yardımlı təhsili üçün uğurlu olacaqdır.
Yardımlıda mədəniyyət və turizm potensialı yüksəkdir
Ayaz Əliyevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Şöbəsi illik iş planına və hazırlanmış tədbirlər planına uyğun olaraq müəssisələrin fəaliyyətinə nəzarəti artırmış, əmək və icra intizamının, keçirilən yerli və respublika əhəmiyyətli tədbirlərin səmərəliliyinə daha çox diqqət yetirmişdir. İlin əvvəlindən ötən dövrdə rayon mərkəzi və müxtəlif kəndlərdə tədbirlər təşkil olunmuş, konsert proqramları, sərgilər, müzakirələr təşkil olunaraq keçirilmişdir.
Məlumat üçün qeyd edək ki, rayonda 89 mədəniyyət obyektləri - 1 Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 uşaq musiqi məktəbi, 1 şəhər və 1 kənd mədəniyyət evi, 1 rayon kinoteatrı, 2 şəhər və 24 kənd klubu, 1 rayon mərkəzi kitabxana və 57 kənd kitabxanası fəaliyyət göstərir. 2005-ci ildə Heydər Əliyev Mərkəzi, 2007-ci ildə Tarix-Diyarşünaslıq Muzeyi tikilmiş, 2011-ci ilin sentyabrında 150 yerlik rayon uşaq musiqi məktəbi tikilib istifadəyə verilmişdir.
Yardımlının turizm potensialı da böyükdür. Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşən Təkdam şəlaləsi Yardımlının vizit kartı sayılır. 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. Təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətraf möhtəşəm panoram açılır. Möhtəşəm yüksək dağ və meşə mənzərəsinə sahib olan tarixi Deman düzü dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə yerləşir. Buradan eyniadlı istirahət mərkəzində ayaq saxlayıb bir az dincəlmək, gecələmək və yaxud geniş ərazidə piknik təşkil etmək imkanı var. Turizm potensialı yüksək olsa da, Yardımlıda bu istiqamətdə infrastrukturun inkişaf etdirilməsinə ehtiyac var.
Rayonun mədəniyyət işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mədəni və mənəvi irsə qayğılı münasibətini yüksək qiymətləndirir, son on il ərzində ölkə başçısı tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı imzaladığı 5 Dövlət proqramını və 500-dən çox fərman və sərəncamın əhəmiyyətini vurğulayırlar. Yardımlının mədəniyyət müəssisələrində də maddi-texniki bazanın yaxşılaşdırılması, milli-mənəvi və mədəni irsin qorunması, təbliği və gələcək nəslə ötürülməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, əhalinin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində olmuşdur.
***
Bütün müşahidələr belə deməyə əsas verir ki, ilin əvvəlindən ötən dövr ərzində respublikanın bir çox rayonları kimi Yardımlı da sürətlə inkişaf etmiş, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılmışdır. Rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinin miqyası və görülən işlərin bənzərsiziyi rayon sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır, qonaqların gözünü oxşayır. İnanmağa dəyər ki, yaxın gələcəkdə Yardımlı, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaqdır.