Sosial / Slayd (6-09-2016, 11:17)
Tahir Kərimovun oğlunun gülənçilərlə, erməni iş adamı ilə sıx əlaqələri olub
Salyanın sabiq icra başçısı mənimsənilən 38 milyonun Həmzə Kərimova düşən hissəsini necə, hansı pulla ödəyib?
Mediatv.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun adı həm o, vəzifədə olduğu dönəmlərdə, həm də bu gün mətbuatın gündəmindən düşmür. Bunun bir sıra səbəblərlə bağlı olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada deyilir ki, onlardan da biri sabiq icra başçısının övladları ilə əlaqədardır. Belə ki, 18 fevral 2011-ci il tarixdən 4 mart 2016-cı ilədək Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Tahir Kərimovun oğlu, SOCAR-ın Rumıniyadakı nümayəndəliyinin rəhbəri olan Həmzə Kərimovun nurçularla əlaqələrinin olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Tahir Kərimov vəzifədə olduğu müddətdə oğlu haqda kütləvi informasiya vasitələrində yayılan məlumatların qarşısını bir sıra üsullarla almağa müvəffəq olurdu. Sabiq icra başçısının oğlunun adının qalmaqallı cinayət işinə qarışdığını iddia edən mənbənin sözlərinə görə, Həmzə Kərimov, o cümlədən Tahir Kərimovun baldızı oğlu Bayram adlı şəxs və daha 2 nəfər Rumıniya vətəndaşı SOCAR-la əlaqəli olan xarici şirkətlərlə əlaqəyə girərək maxinasiyalara imza atıblar: «Deyilənlərə görə, məhz bu əməliyyatın nəticəsində 38 milyon mənimsənilib. Mənimsəmə faktı ilə bağlı artıq bir aya yaxındır ki, istintaq gedir, araşdırma aparılır. Nəzərinizə çatdırım ki, sözügedən maxinasiya ilə bağlı artıq Rumıniyada 3 vətəndaş həbs olunub. Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Həmzə Kərimovun isə Azərbaycana qaçdığı qeyd olunur. Deyilənlərə görə, Tahir Kərimovun digər oğlu Tural Kərimov da bu yeyintidə ittiham olunaraq iyun ayının 28-də Rumıniya polisi tərəfindən həbs olunub». Keçmiş icra başçısının Rumıniyada vəkil tutaraq işin ört-basdır edilməsinə çalışdığını deyən məlumatlı şəxs bildirir ki, mənimsənilən pulun Həmzə Kərimova düşən hissəsi, yəni 19 milyondan çoxu artıq Tahir Kərimov tərəfindən ödənilib: «Deyilənlərə görə, sabiq icra başçısının oğlu mənimsənilən vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, onun xaricdən Azərbaycana dərman preparatları idxal etdiyi də yayılan məlumatlar arasındadır. Onu da vurğulamaq lazımdır ki, Tahir Kərimovun oğlunun ortaqlarından biri milliyyətcə erməni olan Eduard Nersesyan adlı şəxs olub. Deyilənlərə görə, əldə olunan gəlirlərin bir hissəsini Həmzə Kərimov İrəvanda biznes açmaq üçün erməni şərikinə verib». Bu arada, Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısının və övladlarının Qusar rayonunda üst-üstə 20 hektardan artıq alma-üzüm bağlarının, Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodunun, Xudatda balıq zavodunun olduğunu qeyd edən məlumatlı şəxsin sözlərinə görə, əgər SOCAR rəhbərliyi, o cümlədən digər müvafiq qurumlar tezliklə 38 milyonluq yeyintinin izinə düşsələr, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər: «Nəzərinizə çatdırım ki, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov 1979-cu ildə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində, 1981-1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib, 1989-1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 1991-1995-ci illərdə "Ümid" İstehsalat Assosiasiyasının prezidenti olub. 1995-2001-ci illərdə H.Z.Tağıyev adına balıqhisləmə zavodunun direktoru, 2001-2002-ci illərdə "Caspian Fish" LTD şirkətinin baş direktoru, 2003-2006-cı illərdə H.Z.Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri, 2006-2011-ci illərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Deyilənlərə görə, sabiq icra başçısı Tahir Kərimov həm vəzifədə olduğu dönəmlərdə, həm də bu gün kriminal aləmlə sıcaq ilişkilərə malikdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, keçmiş icra başçısının oğlu Həmzə Kərimov uzun müddət Şirvanda və Rumıniyada Gülən məktəblərinə himayədarlıq edib, gülənçilərə zəruri yardım göstərib. Odur ki, bütün bunlar aidiyyəti qurumlar tərəfindən dərhal araşdırılmalı və Tahir Kərimovun özü, o cümlədən övladları ilə bağlı müvafiq addımlar atılmalıdır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.