Sosial / Slayd (2-09-2016, 20:17)
Onun qara biznesi var...
Mediatv.az: - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları son günlərdə 4 fakt üzrə, aksiz markası ilə markalanmayan, ümumilikdə 41 min 200 ədəd siqaret aşkar ediblər. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumatına görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə tütün məmulatlarının qanunsuz yolla Bakı şəhərinə gətirilməsi barədə daxil olmuş məlumatlara əsasən, Naxçıvan-Bakı aviareysilə ayrı-ayrı vaxtlarda gələn Azərbaycanın üç vətəndaşı nəzarətə götürülüb. Həmin şəxslər gömrük əməkdaşları tərəfindən saxlanılaraq onlara məxsus yüklər yoxlanılıb.
Yoxlama zamanı, sözügedən vətəndaşlardan ümumilikdə 3600 ədəd “Marlboro Filter Plus”, 8800 ədəd “Parliament Super Slims”, 10.000 ədəd “Kent Nanotek 2.0” və 12.400 ədəd “Parliament Aqua Blue” markalı siqaretlər aşkar olunub.
Eyni məlumat əsasında, Azərbaycanın daha bir vətəndaşı isə sərnişinləri qarşılayarkən nəzarətə götürülüb. Həmin şəxs Naxçıvan-Bakı aviareysilə gələn sərnişinlərdən malları qəbul edib hava limanının dayanacağındakı taksi avtomobilinə yığarkən, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı, avtomobilin yük yerindəki iki ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 6400 ədəd “Parliament Aqua Blue” markalı siqaret aşkar olunub.
DİA.AZ bildirir ki, dünən də, srağagün də... ümumiyyətlə, hər gün bu tipli informasiyalara rast gəlmək olar. Yəni qəhrəman gömrükçülərimiz neçə minsə qutu siqaret qaçaqmalçılığının qabağını alıblar. ALIBLAR...
Daha gerisindən, prosesin davamından informasiya verilmir. Bu qalaq-qalaq siqaretlər hara gedir. Təbii ki, hər kəs hara getdiyini yaxşı bilir. Ən azından Yasamal bazarı ilə üzbəüz dükanı tanıyanlar bunu yaxşı bilir. Həmin dükanın satıcısı deyir ki, hamının haqqını verir və gömrükdən müsadirə olunan siqaretləri satır. Hardan alır? Onu demir...
Bu barədə danışan mənbə isə bildirir ki, həmin qaçaqmal siqaretlər elə Gömrük Komitəsinin sədri Aydın Əliyevin adamları tərəfindən satışa çıxarılır. Ucuz da yox ha... Bu barədə danışan mənbə iddia edir ki, heç bir pul sərf etmədən böyük qazanc götürən DGK sədrindən bu vaxta qədər müsadirə olunan siqaretlərin aqibətini soruçan da olmayıb.
Yəqin ki, bundan sonra soruşarlar...