Sosial / Slayd (29-08-2016, 22:09)
İcra başçısıyla şəhid ailələri arasında növbəti qalmaqal - “Mən problem həll edənəm?”
Bir müddət bundan öncə bir qrup Qarabağ əlili və şəhid ailəsi ilə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev arasında problem yarandığı haqqında məlumat vermişdik.
Bildirmişdik ki, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri problemlərini həll etmək üçün icra başçısının qəbuluna yollansa da, Qarabağ əlili və şəhid ailələri başçının göstərişi ilə binadan çıxarılıb. Başçı onlara “Sizi qəbul etmirəm. Hara gedirsiniz, gedin”, - deyə qapı göstərmişdi.
Qaynarinfo.Az xəbər verir ki, aznews.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında sözügedən binanın sakinləri yenidən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna yollanıb. Bu dəfə İ. Mehdiyev Qarabağ əlili və şəhid ailələrini qəbul otağında qoyub və oranı tərk edib. Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 31 A ünvanının sakinləri faktı təsdiq edib: “Bu gün icra başçısının qəbul günü idi. Biz 18 nəfər yenidən İ. Mehdiyevin qəbuluna getdik. O, bizi qəbul etmirdi. Güclə qəbul otağına girdik, başladıq problemlərimizi deməyə. İbrahim müəllim bizi təhqir etdi, dedi ki, siz kimsiniz? “Buranı tövləyə döndərmisiniz. Mən burada problem həll edənəm? Gedin özünüz həll edin. Dövlət sizə pensiya verir””.
Sakinlər qeyd edib ki, icra başçısı onarın ünvanına ağır ifadələr işlədib və otaqdan çıxıb: “Bundan sonra isə polslər gəlib bizi binadan çıxardı”.
Qeyd edək ki, Qarabağ əlilləri və şəhid ailələri yaşadıqları binada saysız-hesabsız problemlərin olduğunu, liftin işləmədiyini, içərisinin təmirinin sökülüb-dağıldığını, üzlüyünün yararsız vəziyyətdə olduğundan şikayətçidir