Sosial / Slayd (19-08-2016, 15:32)
NIYAZI BAYRAMOVUN DAĞITDIĞI MİNGƏÇEVİR - TƏFSILAT
Başı eyş-işrətə qarışmış icra başçısı ən kiçik işlərdən belə özünə qazanc yaradıb
Mediatv.az xəbər verir ki, ötən günlərdə mətbuatda Mingəçevir şəhərinin icra başçısı Niyazi Bayramovla bağlı çeşidli informasiyalar yayılmışdı. Hətta bir informasiyada onun xidməti maşınında qadınlarla birlikdə əyləndiyindən bəhs olunurdu. Üstəlik, bu hadisənin görüntüləri də yayımlanmışdı. Politika.Az xəbər verir ki, Niyazi Bayramovun daha bir qalmaqalı üzə çıxıb. Bu dəfə şəhərə ayrılmış pulların necə və hansı şəkildə sərf olunduğu, habelə rəqəmlərin şişirdildiyi, o cümlədən israfçılıq və yeyintiyə yol verildiyi faktları üzə çıxıb. Qeyd edək ki, dövlət büdcəsindən hər bir rayon və şəhərin abadlaşdırılması, yenidən qurulması, habelə digər tələbatların önədilməsi üçün milyonlarla manat pul ayrılır. Mingəçevir şəhəri də bu pul ayrılmalarından kənarda qalmayıb. Əksinə, şəhərə külli miqdarda pul yatırımı edilib. Təbii ki, sənəd üzərində. Və bu işləri sənəd üzərində yoluna qoyan da elə Niyazi Bayramov olub. Ərzaq korrupsiyası İlk öncə icra başçısının ərzaq məhsulları adı altında həyata keçirdiyi korrupsiyadan bəhs edək. Politika.az xəbər verir ki, Niyazi Bayramov bu məsələdə sözün həqiqi mənasında «zilə» qalxıb. Belə ki, Mingəçevir İcra Hakimiyyəti ət və ət məhsullarının alınmasına 126 min manat, ərzaq məhsullarının alınmasına isə 562 min manat pul xərclədiyini sənədləşdirib. Ardından çörəyin alınmasına da 70 min manat sərf etdiyini qeyd edib. Maraqlı məqam odur ki, bu qədər ərzaq nə və kim üçün alınıb. Sualın cavabı elə də qəliz deyil. Rəsmi sənədlərdə bu məhsullar uşaq bağçaları və imkansız ailələrin təmin edilməsi üçün alınıb. Əslində isə Mingəçevirdəki bağçalarda uşaqlara verilən yeməyin özü də, keyfiyyəti də bərbaddır. Valideynlər hətta uşanları üçün nahar yeməyi belə qoyurlar ki, övladları ac qalmasınlar. İmkansız ailələrə yardımların edilməsinə gəldikdə isə Niyazi Bayramovun onlarla sonuncu dəfə nə zaman görüşdüyünü nə bilən var, nə də görən. Təmir korrupsiyası Mingəçevir İcra Hakimiyyətinin əliylə həyata keçirilən bir başqa korrupsiya isə təmirlə bağlıdır. Niyazi Bayramovun icra başçısı olduğu dönəmdə bu qədər işlərin müqabilində milyonlarla manat vəsaitin silindiyini bilməyən yoxdur. Politika.Az xəbər verir ki, təkcə ötən il təmir işləri adı altında külli miqdarda pullar silinib. Məsələn, şəhərdə uşaq bağçalarının cari təmirinə sənəd üzərində 13158,5 manat, bağçaların əsaslı təmirinə 22101,3 manat sərf olunub. Tibb işçiləri parkında fəvvarənin quraşdırılması və ətrafında abadlıq işlərinə isə 40900 manat pul silinsə də, ortada heç 15 min manatlıq nəticə yoxdur. Bir digər misal olaraq, Mingəçevir şəhərində çimərlik yolu ətrafında abadlıq işlərinin satın alınmasını göstərmək olar. 114918 manat sərf olunduğu qeyd olunan bu işlərin hansı səviyyədə həyata keçirildiyi göz qabağındadır. F.Abdullayev küçəsinin sağ tərəfi boyunca metal hasarın çəkilişi də az pul «yeməyib». Rəsmi sənədlərə görə, bu işlər İcra Hakimiyyətinə 114965,5 manata başa gəlib. Binaların fasad hissələrinin üzlənməsi və dam örtüklərinin təmir olunmasına isə ayrılan vəsait təqribən 3 milyon manata yaxındır. Birinci dəfə bu məqsədlə 1,56 milyon manat ayrılıb. H.Əliyev prospektindəki binalar üçün analoji işlərin reallaşdırılmasına isə 700 min manat sərf olunduğu sənədləşdirilib. Niyazi Bayramov sonuncu «nöqtə»ni isə «Palıdlı» MMC-nin əliylə qoyub və bu zaman 399758,1 manat xərcləndiyinə dair akt tərtib ediblər. Abadlıq korrupsiyası Niyazi Bayramovun abadlıq korrupsiyası bir başqadır. Bu zaman da xeyli miqdarda dövlət vəsaiti mənimsənildiyi şübhəsi var. Ona görə ki, ayrılmış pulların sərf olunduğu sahələrə diqqət yetirdikdə işin keyfiyyətsizliyi nəzərə çarpır. Məsələn, Füzuli parkında və ətrafında abadlıq işlərinin aparılması üçün büdcədən 3 milyon manat ayrılsa da, bu qədər vəsaitin həqiqətən ayrıldığını görmək mümkün olmur. Və ya şəhərdəki "Günəşli"-"Bağlar" yolunun yenidən qurulması üçün 5 milyon manatın sərf olunduğunu qəbul etmək ən azından yanlışlıq olardı. Buraya işıqlandırma işləri üçün ayrılmış 217877,56 manat, abadlıq işləri üçün əlavə 500 min manat, şəhərin prospekt, küçələrin, məhəllədaxili yolların və səkilərin asfalt örtüyünün əsaslı təmiri üçün ayrılmış 2,7 milyon manatı da əlavə edərsək, durumun hansı səviyyədə vahiməli olduğunu görə bilərik. Biz hələ, prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması üçün əlavə olaraq daha 231700 manatı yazmırıq. Çünki bütün bunlar işin hansı səviyyədə olduğunun göstəricisidir. Məktəb korrupsiyası Niyazi Bayramov pul qazanmaq üçün bütün vasitələrdən yararlanıb. O cümlədən məktəb tikintisindən də. Politika.Az xəbər verir ki, İcra Hakimiyyəti şəhərdə 1 saylı orta məktəbi tikmək üçün 1 milyon manat pul «xərcləyib». 7 saylı orta məktəbin əsaslı təmirinə 1 milyon manat, 9 saylı orta məktəbin təmirinə isə yenə 1 milyon pul xərclənib ki, bu rəqəm də də qəti real deyil. Çünki həmin məktəblərdə yalnız kosmetik işlər reallaşdırılıb. İcra başçısının xırda xərcləri Mingəçevirin icra başçısının xırda xərcləri də var ki, onları qarşılamaq üçün daha optimal yollar tapılıb. Məsələn, digər maşın və avadanlıqların alınması adı altında. Təkcə bu işlər üzrə iki mərhələdə 29 min manat pul ayrılıb. İdarə xərcləri 21 min manat təşkil edib ki, bu rəqəmlər də elə böyük olmadığından onları özlərinə götürüblər. Amma bərk inventarların alınmasına birinci dəfə 9250, ikininci dəfə isə 43 min manatın, digər maşın və avadanlıqların ikinci dəfə alınmasına 5200 manat, avadanlıqların satın alınmasına 37185 manat, yumşaq inventarların satın alınmasına 40160 manat sərf olunduğunu sənədləşdirmək isə reallıqdan çox uzaqdır. Ona görə ki, bu pulların hamısı icra başçısının cibinə axır və onun cib xərcliyi sırasındadır. Kommunal korrupsiya Mingəçevirin icra başçısı Niyazi Bayramovun bir digər gəlir yeri də Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. İcra başçısı ötən bu birlik üçün mal və materialların alınmasına 100 min manat, maşın-mexanizmlərin alınmasına 79800 manat, liftlərin təmirinə 42650 manat, yenidən mal və materialların alınmasına 19900 manat, kommunikasiya xərcləri 8747 manat, kommunal texnikaların satın alınmasına isə 1440000 manat pul «sərf edib». Lakin bu işlərin heç birində vəziyyət yaxşı deyil. Əksəriyyət də şikayətçidir.