Sosial / Slayd (1-06-2016, 12:29)
Pensiya islahatları hansı narazılıqlara səbəb olacaq?
Azərbaycanda pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb.
Mediatv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. “Prezidentin təsdiq etdiyi pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır ki, hər bir kəs qazandığı vəsaitlərə müvafiq olaraq pensiya ala bilsin”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, qanun layihəsində ciddi narazılığa səbəb olan məqamlar da var. “Azadlıq” qəzeti hələ ötən il məlumat yaymışdı ki, hökumət hüquq-mühafizə orqanları, Milli Ordu, Sərhəd və Daxili qoşunlarda xidmətkeçmə müddətini artırmaq niyyətindədir. Məlumatda deyilirdi ki, xidmətkeçmə müddətinin 5-10 il civarında artırılması düşünülür. Bu prosesə 2016-cı il yanvarın 1-dən start verilib. Yeni qanun layihəsində də bu nəzərə alınıb. Beləliklə, xidmətkeçmə müddətinin bitməsinə sayılı günlər qalan yüzlərlə polis, zabit təqaüdə çıxa bilməyəcək. Onlar minimum 5 il də işləməlidirlər.
Maraqlıdır, “qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı hesabına formalaşdırılmasıdır” deyən nazir ölkədə 100 minlərlə insanın konkret iş yerinin olmadığını, bu üzdən də pensiya kapitalı formalaşdırmadığınıl bilmirmi? Bu insanların taleyi necə olacaq? Yoxsa dollar krediti olanlara deyildiyi kimi onlara da “gedin başınızın çarəsinə baxın” deyiləcək?
Nazirin bu məsələnin üzərindən sükutla keçməsi belə bir planın olduğundan xəbər verir. Ancaq heç şübhəsiz bu ölkədə ciddi narazılıqlara səbəb olacaq.
AzPolitika.info