Sosial / Slayd (25-02-2016, 23:02)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində nələr baş verir?-ÖZƏL
Görəsən ETSN rəhbəri Hüseynqulu Bağırovun Xırdalan Meşə Tingliyi və Toxumçuluq Mərkəzinin
“Əlizaminsayağı” idarə olunmasından xəbəri varmı ?
Dünyada baş verən iqtisadi böhran artıq ölkəmizə də öz təsirini göstərmişdir. Aparılan məqsədyönlü tədbirlərlə böhranın fəsadlarını minimuma endirməyi dövlət öz qarşısına prioritet vəzifə olaraq qoymuşdur. Ölkə başçısının dəfələrlə israfçılığa, dövlət əmlakının talan olunmasına və korrupsiyaya son qoyulması barədə göstərişlər verməsinə baxmayaraq bəzi məmurlar bunu qulaqardına vururlar. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyin Xırdalan Meşə Tingliyi və Toxumçuluq Mərkəzinin direktoru Əlizamin bəy kimi.Mediatv.az-ın elektron poçtuna daxil olmuş məlumatlar bunu deməyə əsas verir. Belə ki, Əlizamin bəyin özünəməxsus idarəçilik metodu mövcuddur. Mərkəzdə çalışan 80-ə yaxın işçinin 60-a yaxınının məvacib kartı onun “cibində” olur. Tingçiliyin inkişafı üçün ayrılmış torpaqlari işçilərlə “dədə malı kimi bölüşdürə bilməyən” Əlizamin bəyin onlarla əlbəyaxa olması da vurğulanır. Mərkəzin balansında olan texnikalar üçün ayrılan vəsaitləri eləcə də meşəçilik təsərrüfatı üçün əkilən tinglərin suvarılmasına ayrılan vəsaitləri peşəkarcasına mənimsəməyi bacaran direktor təkcə bunlarla kifayətlənmir. Onun yaxınlıqdakı gölə gələn balıqçılardan haqq almağı barədə məlumatlar da qeyd olunur .
Daxil olmuş məlumatlarla əlaqədar əməkdaşımız sözügedən mərkəzə getmiş və türkürpədici mənzərələrin şahidi olmuşdur. Orada yüzlərlə qurumuş ting və istismara yararsız su maşınından başqa bir şey görə bilməmişdir. İlk baxışda uzun müddət müharibə şəraitində fəaliyyət göstərən bir təşkilatı xatırladan mərkəz ümumilikdə utanclıq hissi yaratmışdır. Burada böyük şair Səməd Vurğunun bir misrası yada düşür:
Tarix utanmazmı yaratdığından,
Dönüb keçmişinə baxmazmı insan.
Mediatv.az-a verilən məlumata görə mərkəzin direktoru çirkin əməllərini örtbasdır etmək üçün özünə nazirlikdə himayədar da tapmağa nail olmuşdur. O, “krişasını” əldə etdiyi vəsaitə şərik etməklə özünə cəlb edə bilmişdir. Eyni zamanda Milli Məclisdə mühüm post tutan şəxsin ona himayədarlıq etdiyi bildirilir. Əlizamin bəyin bu yolla əldə etdiyi mülk və obyektlərini araşdırmamızdan sonra təqdim edəcəyik.
Yaxın günlərdə bütün bunlar barədə daha ətraflı məlumat verməyə çalışacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
