Sosial / Slayd (18-02-2016, 12:38)
Filiz oliqarxı təhlükədə: başçı qarışacaqmı?
Daşkəsən Filizsaflaşdırma Kombinatının direktorunun barəsindəki ittihamlar təftiş olunur.
Mediatv.az xəbər verir ki, tia.az-a daxil olan xəbərlərə görə, kombinat müdirinin haqda yazılan faktlar araşdırma mövzusu olub.
Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib. Əldə etdiyimiz xəbərə görə, mediada bu faktların ictimailəşməsi və tirajlanması, icra başçısı Əhəd Abıyevlə şərikli biznesdə adının hallanması ciddi narahatlıq doğurub.
Ə.Sadıqovun Ə.Abıyevin qəbuluna getdiyi deyilir. Direktor yazılanlardan sonra onun fəaliyyətinin araşdırılacağından təşvişə düşüb. İcra başçısının isə heç bir köməklik edə bilməyəcəyi bildirilib.
Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin rolu var. Ə.Sadıqov səkkiz ildir ki filiz yataqlarını alt-üst etməkdədir. Kombinat direktoru Ə.Sadıqov 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb.
Dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb. Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardan istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib.
Bu əməliyyat nəticəsində 100 milyondan çox vəsait əldə edilib ki, dövlət büdcəsinə bir qəpik də daxil olmadığı iddia edilir. Xəbərdə bildirilir ki, Ə.Sadıqov bununla yetmir, bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək alır.
Rayonda kitabxananı ləğv etdirib, binanı özəlləşdirir və ticarət mərkəzi açır. İddialara görə, komitə sədrinin istəklərini reallaşdıran kombinat direktoru oğlunu Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şöbəsində işə düzəltməyə müvəffəq olur. Bundan əlavə, Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqovun «Nord» zavodu ilə anlaşması olduğuna dair məlumatlar da var.
Ələddin Sadıqov Daşkəsəndəki dəmir yataqlarından çıxarılan metal qarışığı olan torpağı yerli zavodlardan birinə satır. Kombinatın müdiri tərkibində 10-20 faiz dəmir olan filizləri «NORD» Sement Zavoduna qum adı altında satır.