Sosial / Karusel (13-04-2014, 10:54)
İlham Mirzəyevin arxasında duran məmurlar kimdir?
Vətəndaşların şikayəti əsasında həbs olunan teleaparıcı İlham Mirzəyev aprelin 12-də məhkəməyə gətirilib. Teleqraf.com-un xəbərinə görə, İ.Mirzəyev məhkəməyə gətirilən zaman qolları qandallı olub.
Aparıcı barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün müstəntiq Nərimanov rayon Məhkəməsinə təqdimat ünvanlayıb. Həmin təqdimat əsasında qapalı məhkəmə prosesi başlayıb, prosesdə müstəntiq və İ.Mirzəyevin vəkilləri iştirak ediblər.
Teleaparıcının həbsinin isə bəzi təfərrüatları və ehtimalları üzə çıxıb. Məlum olub ki, hələ bir müddət əvvəl facebookda yaradılan “İlham Mirzəyevin yalanları” adlı səhifədə onun əməlləri ifşa olunmağa başlanıb.
Adıçəkilən səhifədə aparıcının şərləyərək həbs etdirdiyi dayısının kürəkəni Asif Əliyev haqda xəbərlər ictimailəşdirilib. A.Əliyevin anası Lyudmila Əliyeva isə bir neçə ay öncə “Yeni Müsavat”a demişdi ki, oğlunun həbsini İ.Mirzəyev sifariş verib. Onun sözlərinə görə, İ.Mirzəyev oğlunu onu bıçaqlamaqda ittiham edərək tutdurub: “Guya dayısı qızı bizə gəlin gəldiyi gündən ailədə ona qarşı hücumlar olub, qıza ”gün verib, işıq verməmişik". İlham da nikah müqaviləsini ləğv etdirmək istəyirdi. Bu məsələ çox böyüdü, İlham Mirzəyev ailənin işinə qarışdı. Hadisə “baş verən” gün oğlum evdə olub. Həmin axşam evdə bizimlə bərabər İlhamın “Etibar edin” proqramını izləyirdi. Efirdə baxırdım, boynunda bir yara izi, xəsarət yox idi. Sonra özəl klinikadan saxta rəy aldı. Vəkil bunu aşkar edəndə boğazına sarğı salaraq ailəsini götürüb Bakı-Antalya reysi ilə istirahətə getdi. Telman İsmayılovun “Mardan Palace” hotelində dincəlirdi".
Yasamal Rayon Məhkəməsində keçirilən son prosesdə A.Əliyev deyib: “Möhtərəm hakim, məni xuliqanlıqda və dələduzluqda ittiham edən İlham Mirzəyev özü dələduzluq maddəsi ilə həbs edilib. Ona görə də haqqımda obyektivə və ədalətli qərar verəcəyinizə inanıram”. Bunu təsdiqləyən açıqlama aparıcının yaxın dostlarından birindən gəlib. Adını açıqlamayan dostu aznews.az-a bildirib ki, İ.Mirzəyevin həbsi dayısının keçmiş kürəkəni ilə bağlıdır.
Maraqlıdır ki, İ.Mirzəyevin həbsindən az öncə rəsmi dövlət nəşri olan “Xalq qəzeti” də onun AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqələrindən bəhs edib.
Müəllif yazıb ki, İ.Mirzəyevi yerində saxlayan adamlardan biri ötənilki prezident seçkilərindən əvvəl Moskvadan İstanbula gələrək, Azərbaycandakı siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib. Prezident seçkilərindən öncə İlham Mirzəyev Antalya və İstanbulda dincəlib, “AST Telman”dan qiymətli hədiyyələr alıb.
İ.Mirzəyev özü də “Mardan Palace”da dincəldiyini təsdiqləyib. Aparıcı ilə “AST Telman” arasında yüksək münasibətlərin olduğunu təsdiqləyən digər fakt isə ona qızıl və gümüşlə işlənmiş əl işi olan "Quran" kitabı və “Mardan Palace”ın leyblı qızıl əqrəb bağışlanmasıdır.
“Xalq Qəzeti” astroloqun sabiq rektor, deputatlığa namizəd olmuş Elşad Abdullayevin seçki kampaniyasında yaxından iştirak etdiyini də yazıb.
Geniş həcmli məqalədə aparıcının “İlhaMed” klinikasındakı qanunsuzluqlara, falçılığına və insanları aldatmasına toxunulub. Qəzet onun həbsinin səbəbləri sırasında klinikadakı qanunsuz fəaliyyətindən əlavə, A.Əliyevi tutdurmasına “AST Telman” və Abbas Abbasovla əlaqələrinin olmasına işarə edib.
Sitat: “Falçılıqdan əldə etdiyi qazanc hesabına dəyəri milyon manatdan artıq olan restoran tikdirmiş, avadanlığının hər biri 150-250 min manata başa gələn ”İlhaMed" adlı özəl klinika açmış və başqa “layihələr” reallaşdırmışdır. Doğrudur, bəzi ekspertlərin fikrincə, bu qədər vəsaiti hansısa falçılıq və ya ekstrasensliklə əldə etmək mümkün deyil. Ancaq məhz həmin ekspertlər əlavə edirlər ki, həmin vəsait mütləq hansısa çirkli mənbədən qaynayır".
Müəllif eyham vurub ki, onu himayə edən qüvvələr bu günə qədər həbsinin reallaşmasına imkan verməyib. Ümumiyyətlə, İ.Mirzəyevin himayədarları onun “Space” efirindən də kənarlaşdırılmasına mane olublar.
Bu barədə “Yeni Müsavat”a mötəbər qaynaqdan verilən xəbərdə iddia edilir ki, aparıcı “Space”də arzulanan şəxs olmayıb, amma kanal rəhbərliyi onu efirdən uzaqlaşdıra bilməyib. İndi aparıcının arxasındakı dayaqların da kimliyi təftiş edilir.
Ötən gün “Space”dən “Yeni Müsavat”a bildirilib ki, İ.Mirzəyevin həbsi barədə incəlikləri bilmirlər: “Sadəcə, ictimaiyyət bu barədə nə qədər bilirsə, mediada nə yazılırsa biz də o qədər məlumatlıyıq. Saytlardan oxuduğumuz xəbərlərlə kifayətlənirik. Mirzəyevin həbsinin ”Space"dəki fəaliyyəti ilə əlaqəsi ola bilməz. Rəsmi orqanların aparıcının hər hansı cinayətdə iştirakı ilə bağlı açıqlaması olarsa, televiziya rəhbərliyi onun verilişinin taleyi ilə bağlı qərar verəcək".
Axar.az saytı isə yazıb ki, aparıcının Xırdalan şəhəri, Heydər Əliyev prospektindəki “Tale yolları” şadlıq sarayı da yoxlanılıb. Polis əməkdaşları restorana gəlib yoxlama aparıblar, obyekt hələlik bağlanmayıb. Şadlıq sarayının inzibatçısı isə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən idarəyə aparılıb, izahatı alındıqdan sonra sərbəst buraxılıb.
İ.Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. İstintaq gedir.
Hüquq-mühafizə orqanlarından “Axar.az”a daxil olan məlumata görə, Nərimanov Rayon Məhkəməsində hakim Rəşad Abdulovun rəhbərliyi altında bu gün keçirilən məhkəmə prosesində İlham Mirzəyev barəsində 178.2.3 və 178.2.4 maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ittiham tərəflərinin şikayətini təmin edib və İlham Mirzəyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
İ.Mirzəyevin həbsinə siyasi amillərin səbəb olduğu xeyli inandırıcıdır. Belə olmasaydı bir teleaparıcının bu şəkildə həbsi hakimiyyətin nəyinə lazım idi? Guya hüquq-mühafizə orqanları onun klinikasının lisenziyasız fəaliyyət göstərdiyini, özünün isə illərdir dələduzluqla məşğul olduğunu bilmirdi? Əlbəttə bilirdi. Sadəcə olaraq görünür İ.Mirzəyev qırmızı xətti keçib, siyasi yanlışa yol verib, hakimiyyətin sevmədiyi şəxslərlə əlaqə yaradıb və bu da onu iqtidarın qəzəbinə gətirib. Bunun belə olduğu “Xaql Qəzti”nin məlum yazısından da görünür.
Yəqin ki, bu qalmaqallı həbsin səbəbləri haqda yaxın günlərdə daha detallı bilgilər yayılacaq.