Sosial (23-11-2015, 18:02)
AĞ QARA LƏKƏ GÖTÜRMÜR
Ceyhun Cəfərovun rəhərliyi altında həyata keçirilən işlər birmənalı olaraq Kürdəmir əhalisinin bütün zümrələrini qane edir
Tərəqqipərvər Kürdəmir vətəndaşları üçün 2015-ci ilin bəlkə də ən yaddaqalan hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr tarixdə Kürdəmir rayonuna uğurlu səfəri olmuşdur. Həmin səfər zamanı cənab Prezidentimiz Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzərək Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə yaxından tanış olmuşdur. Daha sonra Cənab Prezidentimiz əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş “Bayraq meydanı”nın və “Bayraq muzeyi”nin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasının, Tarix Diyarşünaslıq Muzeyinin, 624 şagir yerlik Atakişili kənd tam orta məktəbinin və Ağsu-Kürdəmir avtomobil yolunun açılışlarını həyata keçirmişdir. Cənab Prezident Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışı zamanı bir qrup rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirdi. Görüş zamanı yenidən Kürdəmirdə olduğundan çox məmnun olduğunu bildirərək rayonda görülmüş abadlıq-quruculuq işlərinə yüksək qiymət vermişdir. Bu isə həm də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərovun dövlətə, xalqa xidmətinə verilən yüksək qiymət idi.
Ceyhun Cəfərov məhz o kadrlardandır ki, həmişə ona etibar edilən vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə dövlət rəhbərliyinin mütləq etimadını qazanmışdır. Onun rəhbərliyi altında nailiyyətlərini bir-birinə calayan tərəqqipərvər insanlar uğurları artdıqca bir tərəfdən sevinir, digər yandan da ehtiyatlanırlar ki, yerli əhəmiyyətli məsələlər həll olununca, ölkə rəhbərliyi Ceyhun müəllimi başqa bölgəyə rəhbərə vəzifəyə təyin edəcək, onlardan aralanmalı olacaq.1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İki ali təhsili olan təcrübəli iqtisadçı 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışdığı dönəmlərdə rəhbərlik etdiyi kollektivlərin hörmət və rəğbətini qazanmış, qarşıya qoyulan məqsəd və vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən C. Cəfərov fəaliyyətə başlamasından ötən bu çox qısa zaman ərzində rayonun potensialını aşkara çıxarmağa, zəhmətsevər qüvvələri səfərbər edib inkişafa yönəltməyə nail olmuşdur.Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Ceyhun Cəfərov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Ceyhun Cəfərov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Rayon rəhbərliyi əhalinin məşğulluğunun təminatına ciddi diqqət yetirir
2015-ci ilin 9 ayında Kürdəmir rayonunda 463 nəfər işlə təmin olunmuşdur ki, bundan 393 nəfəri daimi, 70 nəfəri isə müvəqqəti və mövsümü işlə təmin olunmuşlar. Bu məqsədlə 2015-ci il 28 avqust tarixdə keçirilmiş əmək yarmarkasının da böyük rolu olmuşdur. Ənənəvi “Əmək Yarmarkası”nda 780 nəfərdən çox rayon əhalisi iştirak etmiş, rayonun 55 dövlət və qeyri dövlət təşkilatları tərəfindən 270 boş iş yeri çıxarılmış və 124 nəfər daimi işlə təmin olunmuş, 16 nəfər peşə hazırlığı kursuna, 19 nəfər isə haqqı ödənilən içtimai işlərə cəlb olunmuşdur.
2015-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 7,3 faiz artaraq 264897,1 min manat, ümumi məhsul buraxılışının sənaye sahəsi keçən illə müqayisədə 43,2 faiz artaraq 34523,0 min manat, kənd təsərrüfatı sahəsi 14,2 faiz artaraq 106410,0 min manat, nəqliyyat sahəsi 23,4 faiz artaraq 3125 min manat, rabitə sahəsi 3,7 faiz artaraq 384,1 min manat və ticarət sahəsi 6,7 faiz artaraq 61825 min manat olmuşdur.
Kənd təsərrüfatı işlərinin əsasən optimal müddətlərdə görülməsi mümkün olmuşdur
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafı sahəsində ardıcıl işlər aparılmışdır. 38788 hektarda əkilmiş taxıl sahələri 1.5 dəfə suvarılmış, 24 min hektardan çox sahəyə üzvü və mineral gübrələr verilmiş, 8 min hektarda ziyanvericilərə qarşı, 6 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır. Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuş, taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 136 kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.
Yüksək məhsul əldə etmək üçün vaxtında görülmüş aqrotexniki tədbirlər və havaların taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 28,1 sentner olmuşdur ki, buda ötən ildəkindən 12 sentner çoxdur.
Toxum istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilmişdir. Bu il 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir texnologiya ilə becərilməsi təşkil olunmuş, hələlik 1000 tonadək qarğıdalı dəni istehsal olunmuşdur və yığım davam etdirilir.
Bu il 13104 hektardan yonca, 1218 hektardan kartof, 2700 hektardan tərəvəz, 4098 hektardan bostan, 86 hektardan günəbaxan yığılmış, ötən ilə nisbətən 69 tondan çox kartof, 18 min tondan çox bostan, 50 tondan çox günəbaxan məhsulu götürülmüşdür.
Kürdəmir “Aqrotexservis” filialının maddi-texniki bazası bir qədər yaxşılaşdırılmış, filiala əlavə traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri və bu il 15 ədəd müasir kombaynlar verilmişdir.
İstehsalçılar 800 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr almışlar. Fiziki və hüquqi şəxslər tərəfindən 150 traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin əsasən optimal müddətlərdə görülməsi mümkün olmuşdur.
Suvarmada müasir metodlar tətbiq olunur
Rayonda suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülübdür. Valeh Qaraşovun rəhbərlik etdiyi Mollakənd mexaniki suvarma idarəsi 36 nasos stansiyası vasitəsilə mexaniki üsulla Kür çayından 30000 hektardan çox əkin sahəsini suvarır.Talıb Məmmədovun rəhbərlik etdiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi isə Bakı Şirvan kanalı ilə 33000 hektar sahənin suvarılmasını təmin edir. 11,5 kilometrlik Faxralı kanalı 3000 hektar sahəni suvarmaq gücündədir. 17 kilometrlik Axtaçı-Ərəbqubalı beton kanalı 6000 hektar sahənin suvarılmasını təmin edir. 33 kilometrlik Çərtiyəz-Muradxan beton kanalının tikintisi, habelə digər genişmiqyaslı işləri aparılması maddi-texniki bazanın gücləndirilməsi və müasir texnikalarla təmin olunması sayəsində mümkün olmuşdur.
Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi xidməti ərazidə süni suvarma üsullarını tətbiq edir. Həmçinin bağların suvarılması bitkilərin kök sistemini yeraltı borular vasitəsilə nəmləndirmə üsulları ilə aparılır ki, bu da suvarmada müasir metodlardan biri sayılır. Belə olduqda həm məhsuldarlıq yüksəlir. Həm də suvarma suyundan səmərəli istifadə edilməsinə imkan yaranır.
Paylayıcı və təsərrüfatlararası kanallarda vaxtaşırı təmir işləri görülür, lildəntəmizləmə tədbirləri həyata keçirilir.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Təcrübəli Maliyyə mütəxəssisi Ayaz Cəbrayılovun rəhbərlik etdiyi Kürdəmir rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir
Təcrübəli mütəxəssis Xalid Həsənovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan Kürdəmir vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər.
DSMF Kürdəmir rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.
Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır
2015-ci ilin ötən doqquz ayı ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.
Keçən aylar ərzində sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur
Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır. 2015-ci ilin 9 ayında rayonun elektirik enerjisi təminatının yaxşılaşdırılması sahəsində 35/10 kv-luq Axtaçı və Mollakənd yarımstansiyalarında təmir işləri aparılmışdır. Şəhər ərazisində 7 ədəd yeni transformator quraşdırılmış, 5 ədədi əsaslı, 11 ədədi cari təmir olunmuş, 10 kv-luq “Şəhər-2” hava xətti yenidən qurulmuşdur. Sığırlı, Şıxımlı kəndində və Qarabucaq qəsəbəsində 4 ədəd yeni transformator quraşdırılmışdır. 21.2 km 0.4 kv-luq SİP kabel xətti çəkilmiş, 1200 ədəd SMART kart tipli və 300 ədəd elektron tipli yeni sayğac quraşdırılmışdır.
Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması işləri yüksək sürətlə davam etdirilir.
Mədəniyyət müəssisələrinin fəaliyyətinin qənaətbəxş səviyyəsi təmin edilmişdir
İlin 9 ayı ərzində Tarix Diyarşünaslıq Muzeyində 577 m2 sahədə tavan və divar alçipan ilə üzlənmiş, döşəməsinə 342 m2 sahədə qranit üzlük materialı vurulmuşdur. Muzeydə 280 m2 sahədə suvaq işləri görülmüş, 1288 m2 sahə xama ilə hamarlanaraq emulsiya ilə rənglənmişdir. Muzeyin xarici divarları 360 m2 betoban lövhələrlə üzlənmişdir. Binanın yenidən qurulmasında 440 m2 metal şəbəkə, qarşı hissəsində 90 m2 cəbhə sistemi quraşdırılmışdır. Muzeyin sahəsi əlavə olaraq genişləndirilərək 400 m2-ə çatdırılmışdır. Tarix Diyarşünaslıq Muzeyində ilin 9 ayı ərzində 211.176 manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
Vaqif Alıyevin rəhbərlik etdiyi Kürdəmir rayon mədəniyyət və turizm şöbəsi rayonda turizmin inkişafı ilə bağlı bir sıra maraqlı təkliflər irəli sürmüşdür. Aran iqtisadi rayonuna daxil olan Kürdəmirin ərazisi yovşanlı və şoranlı yarımsəhradır. Qış aylarında 5 dərəcəyədək şaxta, yayda isə 35 – 40 dərəcəyədək isti olur. İlk baxışda rayon turizm üçün heç də əlverişli olmayan təbiətə və iqlim şəraitinə malikdir. Bununla belə, Kürdəmirin turizm üçün bir sıra imkanları vardır.
Kürdəmir şəhərinin mərkəzində “Heydər parkı”, “Heydər Əliyev Mərkəzi”, Dövlət Rəsm Qalereyası, tarix – diyarşünaslıq muzeyi, Mərkəzi şəhər kitabxanasında internet şəbəkəsinə qoşulmuş “İnformasiya Mərkəzi” və digər müasir sosial obyektlər fəaliyyət göstərir.
Rayonun ərazisindəki “Şəhərgah yaşayış yeri” adlı tarixi arxeoloji abidə də turistlərin marağına səbəb ola bilər. Bakı–Qazax magistral avtomobil yolundan 13 kilometr məsafədə, Ərəbqubalı kəndində yerləşən bu abidə qədim Şirvan şəhərin qalıqlarından ibarətdir. Sığırlı kəndindəki ilk orta əsrlərə aid olan Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq da maraq doğurur.
Kürdəmirin ərazisindən Kür çayı, Girdiman və Ağsu çayları axır. Kür çayının sahillərində nadir Tuğay meşələri mövcuddur. Mollakənd kəndində isə çay və balıqçılıq turizmini inkişaf etdirmək olar. Həmin kənddə, eyni zamanda radon və yod maddələri ilə zəngin mineral su mənbəyi vardır. Oradakı “Ulusu” sanatoriyasında 100-dək xəstəliyi müalicə etmək mümkündür.
Rabitə və nəqliyyat sektorunda texniki iqtisadi və maliyyə göstəricilər müsbət dinamikada artmışdır
2015-ci ilin 9 ayı ərzində Kürdəmir Telekommunikasiya Qovşağı üzrə texniki iqtisadi və maliyyə göstəricilər müsbət dinamikada artmışdır. Rayonun Carlı kəndində 160 nömrəlik DS-200 tipli EATS quraşdırılaraq istifadəyə verilmişdir. Qovşaq üzrə internet klublarının sayı 17 ədəd olmuşdur. Ümumilikdə internet istifadəçilərinin sayı 1750 abonentə çatmışdır. Bu da ötən dövrə nisbətən 921 abonent çoxdur.
Kürdəmir Poçt filialı tərəfindən cari ilin 9 ayında investisiya hesabına rayonun Qarabucaq qəsəbəsində, Qarasaqqal, Qocalı və Mehdili kəndlərində müasir tələblərə cavab verən yeni poçt binaları tikilərək istifadəyə verilmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 30 saylı Yol İstismarı idarəsi tərəfindən Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən şəhər küçələrinə fiziki göstəricisi 13632 m2 asfalt işi görülmüşdür. Heydər Əliyev prospektində, Bünyad Sərdarov küçəsində, H.Əliyev prospektinin Sabir küçəsi ilə birləşməsində və Həzi Aslanov küçəsində asfalt işləri görülmüşdür.
Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği rayon İcra Hakimiyyəti Başçısı Aparatının apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir. Fəalların və təbliğat qruplarının yaxından iştirakı ilə möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin təbliği ilə bağlı məqsədyönlü ictimai-siyasi tədbirlər həyata keçirilir. Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və dini qurumlarla daim əlaqə saxlanılır, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirlər. Rayonda “Dini etiqad azadlığı haqqında” qanunun tələbləri pozulmamış, dini durum nəzarətdə saxlanılmışdır. Dövlətçilik və müstəqillik mövqeyində dayanan rayonun hüquq-mühafizə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və ictimai-siyasi asayişin qorunması sahəsində ardıcıl olaraq iş aparmışlar.
2015-ci ilin 9 ayında rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 1168 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 977 nəfəri rayon İcra Hakimiyyəti Başçısının Aparatında, 191 nəfəri isə yerlərdə keçirilən səyyar əbullar zamanı fərdi qaydada qəbul edilmişdir. Müraciət etmiş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılmış, mümkün lazımi köməkliklər göstərilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə daxil olmuş müraciətlərin sayı xeyli azalmışdır.
Elin gözü tərəzidir
Kürdəmirdə müşahidə olunan tendensiyalar, rayon vətəndaşları arasında keçrilən sorğuların nəticələri belə qənaətə gəlməyə əsas verir ki, Ceyhun Cəfərovun rəhərliyi altında həyata keçirilən işlər birmənalı olaraq Kürdəmir əhalisinin bütün zümrələrini qane edir. Başqa rayon icra hakimlərindən fərqli olaraq, Ceyhun Cəfərov RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir. Di gəl, çox təssüflər olsun ki, Kürdəmirdə gedən inkişaf meyllərini gözü götürməyən, Ceyhun Cəfərovun uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı hansısa qohumunun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması (həbs olunması yox-red.) səbəbi ilə az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görüsnlər.
