Mediatv.az xəbər verir ki, bu haqda istiqlal.az-a intihar edəcəyini bildirən İlqar Budaq oğlu Məmmədov məlumat verib. Onun sözlərinə görə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində idman saglamlıq və iaşə kompleksinə sahibdir. Bu gün səhər onun obyektinə gələn mülki geyimli şəxslər Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adamları olduqlarını deyiblər. Sahibkardan tələb ediblər ki, obyekti söküb dağıtsın.
“Açıq-aşkar reketlik edirlər. Gələnlər Xaləddin İsgəndərovun qoçuları idi. Onlara obyektə aid səbədləri göstərdim, qanuni mülkümün sökülməsinin cinayət olduğunu dedim. Onlar da dedilər ki, bu, Xaləddin İsgəndərovun göstərişidir, gedirik, saat 2-də gələcəyik. Özün sökməsən, traktor gətirib başına uçuracağıq” - deyə sahibkar bildirib.
O, saat 2-də obyektinin söküləcəyinə cəhd ediləcəyi halda özünü kompleksin damından asacağını söyləyib: “Mənə başqa çıxış yolu qoymayıblar. Özümü asacağam, qoy hamı bilsin ki, mənim intiharımda günahkar Xaləddin İsgəndərovdur”.