Sosial (21-10-2015, 17:16)
Tibb Universiteti həkimləri ana bətnində ikən bədəninə maye yığılan uşağı həyatda saxladılar
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ana
bətnində ikən plevra və perikard boşluğuna maye yığılan uşaq doğulub.
Klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə
görə, həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti
hazırda qənaətbxəşdir.
Mediatv.az xəbər verir ki, T. Canbaxışov qeyd edir ki, hələ körpə ana bətnində ikən həkimlər bu
patologiyadan xəbərdar olublar: “Ana 7 aylıq hamilə ikən gəlmişdi. Həmin
vaxt müayinələr göstərdi ki, ana bətnində ikən uşağın döş qəfəsinin
içinə, ağciyər və ürəyinin ətrafında maye yığılır.
Bu da ürəyin fəaliyyətinə əngəl olmuş, ürək çatışmazlığına gətirib çıxarmışdı.
Bildiyimiz kimi, ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla
işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə, qan dövranı
pozulmuş, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı və mayenin
miqdarı getdikcə daha da artırdı. Bu, həm də dəri ödemi (şişkinliyinin)
artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.
Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye
yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər
iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə
çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub:
“Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni,
ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan
bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa
olunsun və ağciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə
bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci
həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də
üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ananı gəzdirib
uşaq əvvəlki vəziyyətə qayıdandan sonra prosedura davam edirdik”.
ATU həkim briqadasının müdaxiləsi nəticəsində bu körpə heç bir ürək
qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin
fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər
də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır
və hər ay müayinə olunur.
