Sosial / Slayd (26-09-2015, 20:57)
Binədəki “parnik”ləri susuzluqdan yandıran kimdir?
Binə qəsəbəsində su qıtlığıdır.
Bu barədə qəsəbə sakinləri “Qafqazinfo”ya şikayət məktubu ünvanlayıblar. Vətəndaşların əsas gileyi isə Binənin əkin sahələrini su ilə təmin edən əsas suvarma kanalının bağlanmasıdır.
Belə ki, artıq 2 gündür həmin kanal Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən sakinlərə heç bir xəbərdarlıq olunmadan bağlanıb.
Sözügedən ərazidə 20-yə yaxın istixananın, xeyli sayda heyvandarlıq kompleksinin olduğunu qeyd edən əhali həmin qurumdan heç bir cavab ala bilmir.
Suvarma kanalının bağlanması ilə yerli camaata dəyəri min manatlarla ölçülən ziyan dəyib.
Xatırladaq ki, Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC ilə bağlı mətbuatda dəfələrlə şikayətlər dərc olunub. Əhalinin ənənəvi narazılığı isə yay-payız aylarında qışa hazırlıq adı altında Binə, Pirşağı, Məhəmmədi, Bilgəh, Hövsan, Zirə kimi nasos stansiya binalarının, idarəyə məxsus olan maşın mexanizmlərinin təkrar-təkrar təmir olunmasıdır.
Qeyd: İstirahət günü olduğundan sözügedən qurumla əlaqə yaratmaq mümkün olmayıb. ASC-nin sakinlərin şikayəti ilə bağlı mövqeyini dərc etməyə hazırıq.