Sosial (13-08-2015, 13:03)
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) balıqçılıq sahəsi üzrə mütəxəssis hazırlığı üçün müasir tədris bazası yaradılıb
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi növbəti tədris ilinə hazırlıq işlərində əsas yerlərdən birini tutur. Tələbələrin təcrübi bilik və bacarıqlarını inkişaf etdirmək üçün müvafiq baza olmadan aqrar təhsili təsəvvür etmək qeyri-mümkündür. Bunu nəzərə alaraq, universitetdə “balıqçılıq və balıqçılıq təsərrüfatı işi” ixtisası üzrə mütəxəssis hazırlığının keyfiyyətini yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti və zoomühəndislik fakültənin nəzdində ümumi sahəsi 72 m2 olan qapalı balıqyetişdirmə laboratoriyası yaradılmış və müxtəlif növ balıqlarıların yetişdirilməsinə başlanmışdır. Həmin ərazidə 16 ədəd açıq su hovuzunun inşası başa çatdırılmış və burada müxtəlif cins balıqlar bəslənilir. Bu günlərdə tədris laboratoriyasına növbəti balıq cinsləri gətirilib və onların bəslənilməsinə başlanılıb. Laboratoriyada tələbələr balıq kürüsünün alınması və mayalandırma məsələlərindən başlayaraq balıq alınmasınadək bütün texnoloji prosesdə iştirak edir, müxtəlif növ balıqların yetişdirilməsi və yemləndirilməsi texnologiyasına yiyələnirlər.
