Sosial / Slayd (8-08-2015, 17:10)
Arzu Rəhimovun adamı narazılıq yaradır - Ağdamda
Hər kəsə bəllidir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra yerli şöbə və idarələrində ciddi neqativ hallar hökm sürür. Misal kimi, Seymur Qurbanovun rəisi olduğu SHXÇDX-nin Ağdam rayon şöbəsini göstərmək olar. Əldə etidyimiz bilgilərdə qeyd olunur ki, Seymur Qurbanovun ailəsi, eləcə də onun yaxınları Ayaz Mütəllibovun ən qatı tərəfdarlarından olublar və deyilənlərə görə, bu gün də belədir.
Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, SHXÇDX-nin Ağdam rayon şöbəsinin rəisinin babası, odlu-alovlu Mütəllibov tərəfdarı kimi tanınan İbrahim Qurbanov hətta ümummilli lider, ulu öndər, mərhum prezident Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır: «Seymur Qurbanovun babası İbrahim Qurbanov Hacıqabul rayonunun katibi vəzifəsində çalışıb və geniş maliyyə imkanlarına sahib olub. O, həmçinin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun yaxın dostlarından hesab olunur. Seymur Qurbanovun atası Pənah Qurbanov isə Şirvan Vergilər Departamentində məsul vəzifədə çalışıb. İbrahim Qurbanov hətta ümummilli lider Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır. Məhz elə bu səbəbdən də Seymur Qurbanovun bu gün Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsinə rəhbərlik etməsi heç cür başadüşülən deyil. Onu da qeyd edim ki, Seymur Qurbanov Atdam rayonuna təyinat almazdan öncə Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. Məhz həmin dönəmlər o, işində kobud nöqsanlara yol verməsi səbəbindən Respublika Hərbi Prokurorluğunun, eləcə də Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizəİdarəsinin siyahısına düşmüşdü. Çünki Seymur Qurbanov Hacıqabul rayonunda çalışarkən gəncləri həqiqi hərbi xidmətdən yayındırmaq üçün bir sıraəməllərə baş vurub. İndi isə o, eyni əməllərini Ağdam rayonunda təkrarlamaqdadır».
"Gündəlik Bakı" bildirir ki, SHXÇDX-nin Ağdam rayon şöbəsində hökm sürən acınacaqlı vəziyyətin göz önündə olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Seymur Qurbanovun keçmişi, eyni zamanda xidməti tərcümeyi-halı ilə bağlı xeyli müəmmalı məqamlar mövcuddur: «O, çoxsaylı nöqsanlı əməlləri ilə əhalinin narazılığını qazanıb. Belə ki, Ağdam Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi. Hər çağırış dövrü xidmətin Ağdam rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Seymur Qurbanov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Seymur Qurbanovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Seymur Qurbanov nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir. Bundan başqa, son dövrlər Ağdamda sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Seymur Qurbanov yenə də öz bildiyini edir. Məhz bu səbəbdən də artıq onun barəsində müvafiq ölçü götürülməlidir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.