Sosial / Slayd (1-08-2015, 21:55)
"Azərişıq" şefinin qaranlıq işləri... - İTTİHAM VAR
Bildiyiniz kimi, bir neçə ay öncə "Azərenerji" ASC-nin səlahiyyətlərinin böyük hissəsi yeni yaradılmış "Azərişıq" ASC-yə verildi. Prezidentin sərəncamına əsasən, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək. Bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək. Məlumat üçün bildirək ki, yeni yaradılan qurumun əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini dünya standartlarına uyğun yenidən qurmaqdır. Əfsuslar olsun ki, "Azərişıq" ASC-nin sədri Baba Rzayev hələ ki, bu vəzifədə özünü doğrulda bilmir və Etibar Pirverdiyevin nöqsanlarını təkrarlamaqla məşğuldur. Belə ki, qurumun yenidənqurma və təmir adı altında gördüyü bəzi işlər sahibkarlara əməlli-başlı problem yaradıb. Redaksiyamıza daxil olan məlumatlara əsasən, Novxanıda bir sıra ticarət obyektləri elektrik enerjisi təchizatından məhrum edilib: "Bu proses artıq neçə gündür ki, davam edir. Baba Rzayevin Qadir adlı adamı qəsəbə ərazisində yerləşən bütün ticarət obyektlərinin elektrik təchizatının dayandırılması barədə göstəriş verib. Bunu isə yerüstü elektrik naqillərinin bundan sonra yerin altı ilə aparılacağı ilə əlaqələndiriblər. Bir sözlə, sahibkarlardan aşkar şəkildə pul tələb edirlər. Nəyə görə naqillərin yerin altı ilə aparılması iş adamlarının hesabına həyata keçirilməlidir? Cənab prezident bu kimi işlərin həyata keçirilməsi məqsədilə "Azərişıq"a büdcədən kifayət qədər vəsait ayırıb. Lakin ASC-nin rəhbər şəxsləri sahibkarlardan pul qoparmağa çalışırlar. Məbləğ ticarət obyektlərinin sahəsinə görə dəyişir. İri ticarət mərkəzlərinin sahiblərindən 1500-2000 manat tələb olunur. Deyirlər ki, elektrik xətləri kabellə yerin altı ilə çəkilməlidir. Ancaq iş adamlarına əvvəlcədən heç bir xəbərdarlıq edilməyib. Gəlib işığı kəsib çıxıb gedirlər. Qəsəbə ərazisində neçə-neçə obyekt fəaliyyət göstərir. Elektrik enerjisinin verilişinin dayandırılması sahibkarlara böyük ziyan vurur". Məlumatlara görə, bəzi dükan və market sahibləri yerüstü xətləri yeraltı kabellərlə əvəzləsə də, xəttin qoşulması və istismara verilməsinə icazə ala bilmirlər: ""Azərişıq" ASC-nin nümayəndələri texniki şərti bəhanə gətirib sahibkarları süründürməçiliyə məruz qoyurlar. Dövlət ASC-yə milyonlarla vəsait ayırıb, nəyə görə hər kəs öz obyektindəki elektrik xətlərini yeniləməlidir? Ölkə başçısı sahibkarlığın inkişafına böyük dəstək göstərir, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə iş adamlarını incitməməyi tapşırır. Baba Rzayev isə müxtəlif əsassız bəhanələr gətirərək Novxanıdakı obyektlərin işiğını kəsir. Bunu necə başa düşmək olar?". Bildirək ki, yenidən qurulan, elektrik gücünü artıran, həmçinin enerji təchizatı sxemini dəyişən elektrik enerjisi tələbatçıları elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlər alınmalıdır. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri (yarımstansiya, transformator məntəqəsi, paylayıcı qurğu və ya paylayıcı lövhə, elektrik veriliş xətti və s.), gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir. Redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, Novxanıda işığı kəsilən obyektlərin bir çoxunun texniki şərti var, sadəcə olaraq "Azərişıq" ASC-nin əməkdaşları həmin obyektlərə elektrik enerjisinin verilməsini bilərəkdən bərpa etmirlər. Səbəb isə aydındır. Bütün bunlar onu göstərir ki, Baba Rzayev ölkə rəhbərliyinin ona bəslədiyi etimadı doğrulda bilmir və Etibar Pirverdiyevdən alınıb ona verilən səlahiyyətlərin öhdəsindən gəlməyi bacarmır. Məhz buna görə də ASC rəsmiləri ilə sahibkarlar arasında narazılıq halları yaranır. Ümid edirik ki, Baba müəllim fəaliyyətindəki bu tip neqativ halları tezliklə aradan qaldıracaq, sahibkarların fəaliyyətinə bir daha kənar müdaxilə etməyəcək.