Sosial (6-07-2015, 21:33)
Kənd təsərrüfatı sistemi də elekronlaşır
Bölgələrdə aqrar sahəyə marağı artırmaq üçün yeni layihəyə start verilib
Bu ilin iyun ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Çağrı Mərkəzində 662 müraciət qeydə alınıb. Sözügedən müraciətlərdən 7-si nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda istirak etmək ilə bağlı olub.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev «Həftə içi»nə bildirir ki, yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə satılmış kənd təsərrüfatı texnikalarının dəyərinə tətbiq edilən güzəştlər barədə 34 müraciət ünvanlanıb. Onun dediyinə görə, müraciətlərdən 37-si yeni alınan traktorlarda və texnikalarda yaranmış nasazlıqlar və təmir üçün ehtiyat hissələri ilə təchiz olunma, 27-si ot biçini, presbağlama və daşınması ilə əlaqədar «Aqrolizinq» ASC-nin Aqroservis filialları tərəfindən müvafiq texnika və avadanlıqların ayrılması, 8-i kənd təsəsrrüfatı texnikalarına texniki baxış keçirilməsi barədə olub. Müraciətlər arasında sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikalara dövlət nömrə nişanlarının verilməsi, 305-i taxıl biçini ilə əlaqədar kombaynlara olan tələbatın ödənilməsi, 48-i subsidiya sənədlərinin qəbul edilməsi, kənd ərazi komissiyaları tərəfindən sənədləşmə işlərinin aparılması, aralıq əkinlər üçün subsidiyaların verilmə mexanizmi barədə məlumatlar da var. Müraciətlərdən 18-i güzəştli şərtlərlə kreditlərin verilməsi qaydaları və gübrələrin güzəştli satış qiymətləri barədə, 74-ü əkin və bağ sahələrinin suvarılmasına köməklik göstərilməsi, yarmarkalarının yenidən fəaliyyətə başlaması, 14-ü iri buynuzlu mal-qara arasında damazlıq işinin təşkili barədə olub. Eyni zamanda baytarlıq nəzarəti xidməti tərəfindən profilaktiki tədbirlərin gücləndirilməsi, 26-sı kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən digər məsələlərlə əlaqədar olub.
Bununla bərabər digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan 21 müraciət, o cümlədən taxıl biçinində yanğın təhlükəsi barədə 5, torpaqdan istifadə məsələləri barədə 8, nazirliyin tabeli qurumlarında işlə təmin olunma barədə 6 müraciət daxil olub.Hər bir müraciətə nazirliyin müvafiq strukturları tərəfindən baxılıb. Qaldırılan məsələlər öz müsbət həllini tapıb və məzmununa uyğun olaraq informasiya-məsləhət xidməti göstərilib. Çağrı Mərkəzində qeydə alınan 24 müraciətdə şikayətlərə operativ qaydada baxıldığı və qaldırılan məsələlərin həllinə köməklik göstərildiyi üçün Nazirliyin rəhbərliyinə minnətdarlığın çatdırılması xahiş edilib.
Murtuzəli Haçıyev deyib ki, «Kənd Təsərrüfatı ili» ilə əlaqədar olaraq adıçəkilən nazirlik bir sıra yeni layihələr üzərində çalışır. Onun sözlərinə görə,
Azərbaycanda nazirlik binaları ilə onun yerlərdəki idarələri arasında fiber-optik bağlantı qurulur. Artıq bununla əlaqədar olaraq bir neçə nazirlik tərəfindən tədbirlər həyata keçirilib: “Hazırda KTN-in məlumat mərkəzi ilə onun 52 rayon və şəhər idarələri arasında yüksəksürətli korporativ şəbəkənin yaradılması məqsədilə kənd təsərrüfatı idarələrinin inzibati binasına fiber-optik xəttinin çəkilməsi və sonlandırılması üzrə işlərin təkliflər sorğusu üsulu ilə satın alınması və quraşdırılması işinə başlanıb».
Yeni layihələrdən biri də elektron kənd təsərrüfatı ilə bağlıdır. Murtuzəli Hacıyev qeyd edir ki, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılması və inkişaf etdirilməsi kənd təsərrüfatı ilində görülən ən vacib işlərdən biridir: «Biz sözügedən sistemlə bağlı həm Bakı şəhərində, həm də bölgələrdə təşviqat işləri aparırıq. Bununla bağlı keçirdiyimiz tədbirlərdə məlumatların elektron bazasının yaradılması, heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi haqqında ətraflı məlumat veririk. Ümidvarıq ki, bu cür təbliğat və təşviqat yolu ilə bölgələrdə kənd təsərrüfatı sahəsinə marağı daha da artıracağıq. Yəni aqrar sahəyə marağı artırmağa, məhsul bolluğu və ucuzluq yaratmağa çalışırıq».
