Sosial / Slayd (1-07-2015, 13:41)
“Azərkörpü” ilə bağlı Abid Şərifovun adı keçən ilginc faktlar - İDDİA
Bu günlərdə mətbuatda baş nazirin müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifovanın “Avro-Asiya Inşaat Korporasiyası Evrascon” ASC-də (keçmiş “Azərkörpü”) 22 min 920 səhmə (12,15 faiz) sahib olduğunu təsdiqləyən reyestr ortaya çıxdı. KIV-də yer alan məlumatlara görə, “100 nömrəli körpütikinti dəstəsi bir vaxtlar ”Azərnəqliyyatyoltikinti” trestinə daxil olub və 2001-ci ildə “Azərkörpü” ASC-yə çevrilən bu komanda ilə Şərifovu möhkəm bağlar birləşdirir”. Bu məlumatlar baş nazirin müavini tərəfindən bu vaxta qədər təkzib olunmayıb.
Cəmiyyətin 600 qiymətli kağızla səhmdarı Vəzir Rəcəbov “Bizim Yol” qəzetinin əməkdaşına bildirib ki, “Azərkörpü” bu il görünməmiş bir iclas keçirib. 128 səhmdardan cəmi 29 nəfərin iştirak etdiyi yığıncaqda məlum olub ki, ilbəil müəssisənin gördüyü iş həcmi artsa da, verilən dividendin məbləği və idarəetmə ssenarisi hər zamankı kimi qalır. Səhm-nəzarət paketi sahibini təmsil edən idarə heyətinin əbədi sədri Manaf Şirinov (ASC-də 6000 səhmi olduğunu bildirib) yenə iclasa sədr olub. Cəmi səhmlərinin sayı 186145 ədəd, nizamnamə kapitalı 372290 manat olan ASC-nin verilən hesabatına görə cəmiyyətin 2014-cü ildə gəliri 390498430,15 manat olub. Devalvasiya zamanı xarici valyutanın manata nisbətən məzənnə fərqindən də 3417227,22 manatlıq bir qazanc, sonradan isə 2052094,82 manatıq bir itki olub, nəticədə məzənnə dəyişikliyindən 1365132,40 manatlıq uduş əldə edilib. Ümumilikdə isə keçən il ASC-nin gəliri 391945758,15 manat təşkil edib. Xərclərə gəldikdə isə müəssisə qazandığının 386521971,88 manatını sərf edib. Ən böyük xərclər də üç istiqamət üzrə olub: əmək haqqı və ona bərabər tutulan ödəmələr 33329651 manat, xammal və materialların alınması 221121818,47 manat, bank xidməti üzrə xərclər də 16453971,60 manat aparıb. Müsahibimizən yüksək korrupsiya riskinin də xammal və materialların alınmasında olduğunu düşünür. Gəlirdən xərclər çıxılanda yerdə vergiyə cəlb olunan 5423786,27 manat mənfəət qalır. Bundan da 1084757,25 manat mənfəət vergisi çıxılıb, sonda 4339029 manat xalis mənfəət yaranıb. Səhmdarın fikrincə xalis mənfəət səhmlərin sayına bölünsəydi, bir səhmə 23,31 manat dividend düşə bilərdi. Lakin cəmiyyətin idarə heyətinin sədri cənab Şirinov təklif edib ki, mənfəət tamamilə dividendə yönəldilməsin, hər səhm üzrə yalnız 1 manat ayrılsın. Paket təmsilçisi kimi əlini bir dəfə qaldırıb və qərar qəbul edib. Qalan 4152884 manat bölüşdürülməmiş mənfəət isə müəssisənin balansında saxlanılıb. Verilən 186145 manat dividend ümumi gəlirin 4,29 faizini təşkil edir. V.Rəcəbov deyir ki, hər il mənfəət milyonlar təşkil edir, ilbəil daha da çox olur, amma dividendin həcmi artmır ki, artmır. Belə bölüşdürülməmiş mənfəətlər illərdir üst-üstə yığılır və onun hesablamalarına görə söhbət 40-50 milyon manatlıq bir vəsaitdən gedir. Səhmdarlar bu dəfə də balansda göstərilməyən, lakin indiyə qədər yığılan bölüşdürülməmiş mənfəətin taleyi ilə maraqlanıblar. Heç bir cavab ala bilməyiblər.
Mətbuatda A.Şərifovun oğlu Elçin Şərifovun “Azərbaycan Beynəlxalq Bankı” AS-nin Abşeron filialına rəhbərlik etdiyi yazılır. Burada da bir “bank izi” görünür. Müəssisənin dövlət büdcəsinə də 3411921,91 manat vergi borcu qalır. Ilkin mərhələdə görülən iş həcmi 392 milyon manat təşkil edib, nəticədə sonda yaranan 4,3 milyon manat xalis mənfəət görülən işlərin cəmi 1,11 faizini təşkil edir. Səhmdar bildirir ki, “Bakı Taxıl” ASC də eynilə 7 milyon manatlıq iş görüb, sonda 66 min manat mənfəətlə çıxıb.