İqtisadiyyat (18-05-2015, 15:37)
“Mərkəzi Bank kapital çatışmazlığı ilə üzləşib”
Samir Əliyev: “Son illər davamlı olaraq Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı problemlər ortaya çıxır”
“Bankların kapital probleminin həlli ilə məşğul olan Mərkəzi Bankın hazırda özü kapital çatışmazlığı ilə üzləşib”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. O, qeyd edib ki, 2014-cü ildə Bankda kapital çatışmazlığının həcmi 57,7 milyon manat olub: “Ötən il Bankın 277,3 milyon manat həcmində zərəri olub və bunun 219,5 milyon manatı onun kapitalı hesabına örtülüb. Kapitalın həcmi zərərin həcmindən az olduğundan 57,7 milyon manatlıq çatışmazlıq yaranıb. Halbuki 2013-cü ildə 251 milyon manat kapital artıqlığı qeydə alınmışdı. “Mərkəzi bank haqqında” Qanuna edilməsi nəzərdə tutulan son dəyişiklik mövcud problemi həll etmək və gələcəkdə belə halların qarşısını almaq üçün mövcud mexanizmləri təkmilləşdirməkdir. Bankın məcmu zərəri ötən il 308,7 milyon manat olub. Bu zərərin şişməsində əsas rolu xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 454,7 milyon manatlıq zərər olub. Bankın cari əməliyyatdan zərəri 245,3 milyon manat olub. 2013-cü ildə qalan 31,5 milyon manat həcmində bölüşdürülməmiş mənfəət zərəri 277,7 milyon manata qədər azalda biliblər”.
Ekspert qeyd edib ki, yeni dəyişikliyə görə, əvvəllər kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilirdisə, bundan sonra nizamnamə kapitalından, yəni 10 milyon manatdan az olmamaq şərti ilə müəyyənləşdiriləcək. “Kapital ehtiyatının dövriyyədə olan nağd pulun həcmindən asılılığı aradan qaldırılır. Onsuz da Mərkəzi Bank üçün bu normativə əməl etmək qeyri-mümkün idi. Çünki bu halda kapital ehtiyatı indiki kimi 210 milyon manat yox, dəfələrlə çox olmalı idi. Asılılığın aradan qaldırılması Mərkəzi Bankın manevr imkanını artıracaq və ona kapital ehtiyatını istədiyi həcmdə formalaşdırmağa imkan verəcək”,- deyə o, qeyd edib.
S.Əliyevin sözlərinə görə, son illər davamlı olaraq Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı problemlər ortaya çıxır: “Qanunvericiliyə görə, mənfəət ilk növbədə Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülməlidir. Ancaq son illər Mərkəzi Bank tərəfindən dövlət büdcəsinə vəsait köçürülməsi halları müşahidə edilməyib. Bank əldə etdiyi mənfəəti nə kapital ehtiyatının artırılması yönəldir, nə də dövlət büdcəsinə ödəyir”.
Ekspert qeyd edib ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq: “Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Əslində əvvəlki versiyada da zərərin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu. Sadəcə bunun ödənilməsi mexanizmi yox idi. Yeni düzəlişdə isə konkret olaraq qiymətli kağızlar hesabına ödənilməsi qeyd edilir. Bir sözlə, problem yaranacağı təqdirdə, Mərkəzi Bankı Maliyyə Nazirliyi xilas edəcək”.