Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-06-2015, 23:32)
Şərqli qızların ölümcül qorxusu: “İki ayaq arasında deyil...”

Şərqli qızların ölümcül qorxusu: “İki ayaq arasında deyil...”

 

Bir neçə gün əvvəl Tovuz rayonunda intihar edən 18 yaşlı gəlinin qətlinin təfərrüatları hamının diqqətini çəkdi. Rayonun Bozalqanlı kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Nəzərova toyundan bir gün sonra özünü körpüdən ataraq intihar etmişdi. Qızın həyat yoldaşı və qayınanası 18 yaşlı Aytənin bakirə olmadığı üçün bu addımı atdığını iddia etsə də, həkim müayinəsindən sonra qızın bakirə olduğu müəyyən edilmişdi.

 

Bir kişinin bacarıqsızlığı, bir qadının şəri gənc qızı ölümə sürüklədi. Günahsız bir qız bəkarət anlayışının qurbanı oldu.

 

Nədir bu bəkarət? Onun mənəvi yükü, cəmiyyətimizdəki dəyəri nədir ki, onun itirilməsini insan hətta həyatı ilə ödəməli olur?

 

Nədir qızlıq pərdəsi?

 

Qızlıq pərdəsi - latınca adı himen. Yunan və Roma mifologiyasında Dionis və Afroditin oğlu olan “evlilik və toy tanrısı”nın adıdır. Gərdək gecəsi bu Tanrıya həsr edildiyi üçün qızlıq pərdəsi də “evlilik və toy tanrısı”nın şərəfinə himen adlandırılıb.

Hələ qədim zamanlardan qızın toxunulmazlığının və təmizliyinin simvolu olan himen son dövrlərdə müxtəlif üsullarla yenidən bərpa olunsa da, yenə müxtəlif cəmiyyətlərdə böyük əhəmiyyət daşıyır. Xüsusən də müsəlman ölkələrində bu məsələ əxlaq meyarı kimi daha böyük əhəmiyyətə malikdir. İndiki dövrdə bəzi müsəlman ölkələrində qızın toy gecəsi bakirə çıxmaması onun ölümünə, evliliyinin dağılmasına, qızın valideynlərinin təhqir edilməsinə səbəb olur.

 

Qızlıq pərdəsi nəyə lazımdır?

 

Qızlıq pərdəsinin fizioloji vəzifəsi bu günə qədər tam olaraq müəyyən edilməyib. Bəzi araşdırmaçıların fikrincə, qızlıq pərdəsi mikroorqanizm və xarici cisimlərin vagina daxilinə girişinin qarşısını almaq üçündür.

 

Həkim ginekoloq Yayla Babayevanın sözlərinə görə, himen vaginanı əmələ gətirən  mukoza adı verilən toxuma qıvrımıdı. Yəni qızlıq pərdəsi vaginanın içində deyil, girişində dodaqların təxminən 1-1,5 sm daxilindədir və kiçik dodaqlara bağlıdır. Çölə baxan üzü dəriyə, daxilə baxan hissəsi isə mukozaya bənzəyir. 

 

Qız uşaqlarının hamısında olan himen çox nadir hallarda anadangəlmə olmaya və ya çox incə quruluşa malik olub cinsi əlaqə zamanı qanamaya bilər. Qızlıq pərdəsi uşaqlıq dövründə daha möhkəm toxumadan ibarət olur və yaş artdıqca elastikləşir: “Qızlıq pərdəsi vaginanı tamamilə bağlamır. Orada menstruasiya qanını və vaginal axıntıları ifraz etmək üçün kiçik bir dəlik vardır. Bu dəliyin quruluşu ilə himen növlərini müəyyən etmək mümkün olur. Qızlıq pərdəsinin həddindən artıq qalın olması zamanı cinsi əlaqəyə maneə - vaginizm ortaya çıxa bilər”.

 

Qızlıq pərdəsinin formaları, qalınlığı və elastikliyi fərdə görə dəyişir. Qızlıq pərdəsinin bir çox formaları vardır: “Halqalı himen forması zamanı qızlıq pərdəsi halqa şəklindədir və ortası açıq olur. Ortadakı dəlik böyükdürsə, penis daxil olduğu halda belə pərdə dağılmaya bilər. Bu pərdə elastik pərdə adlanır. Və daha çox təsadüf edilən növdür. Qızların demək olar ki, 60 faizində belə pərdə müşahidə edilə bilər”.

 

İkinci növ qızlıq pərdəsi kresentrik himen adlanır. Bu zaman qızlıq pərdəsi yarımay şəklində olur. Üst qismində pərdə nazik olur, altı qismində isə qalın. Və bu növ 20 faiz qızlarda ola bilər. Bu cür pərdələr cinsi əlaqə zamanı cırılmır. Yalnız həkim müdaxiləsi ilə açıla bilər. 

 

Üçüncü növ qızlıq pərdəsi septalı (aralıqlı) himen adlanır. Yəni qızlıq pərdəsinin ortasında olan dəliyi bölən bir toxuma vardır. Bu növ çox az - 5 faiz qızlarda müşahidə edilə bilər.

 

Digər bir növ isə  kiribriformdur. Yəni çox dəlikli qızlıq pərdəsi. Bu zaman himenin ortasında birdən çox dəlik olur. Ancaq bu qızlıq pərdəsi 1 faiz halda müşahidə edilə bilər: “Qızlarda çox nadir halda imperfore - dəliksiz himen müşahidə edilir. Bu qızlar menstruasiya olmazlar və çirkli qan vagina daxilinə yığılır, əməliyyatla açılaraq təmizlənir. Buna “himen imperforatus” da deyilir. Qızlıq pərdəsinin digər bir növü  mikroperfor himen adlanır. Bu pərdənin ortasındakı dəlik çox kiçik olduğu üçün  menstruasiya qanaması olduqca ağrılı olur. Bəzi hallarda cərrahi müdaxilə ilə açılmasına da ehtiyac duyula bilər. Çox nadir hallarda uşaq doğan qadınlarda belə, qızlıq pərdəsi cırılmaya bilər. Bu multipar himen adlanır”.

 

Ginekoloq bildirir ki, artıq çəkili qızlarda qızlıq pərdəsi 4-5 sm dərinlikdə olur.  Masturbasiya, sürtünmə və ya genital bölgəyə zərbə zamanı qanaxma müşahidə edilərsə, mütləq həkimə müraciət etmək lazımdır: “Qızlıq pərdəsi sərt və ya elastik ola bilər. Onun sərt, qalın olması qızın ilk cinsi əlaqəsinin də çətin olacağını ifadə edər. 

Ümumiyyətlə, qızlıq pərdəsi ilk cinsi əlaqə, xarici cisimlə təmas və ya müayinə zamanı cırıla bilər. Qızlıq pərdəsində olan dəlik penisdən kiçik olduğu üçün ilk cinsi əlaqə zamanı  cırılar və azacıq qan müşahidə edilər. Bu vəziyyət üçüncü gün sağalar və daha qan görülməz. Bəzi qızlarda isə ümumiyyətlə, qan görülməz. Lakin bu, o demək deyil ki,  onlarda qızlıq pərdəsi yoxdur və ya onlar bakirə deyil. Əgər şübhəniz varsa, həkimə müraciət edin. Qeyd edim ki, bəkarətin pozulması 7 gün müddətində müəyyən edilə bilər. Yəni bir qız 7 gün içində qızlığını itiribsə, bunu müəyyən etmək mümkündür. Əgər qız əvvəlcədən bakirə deyilsə, bunu da müəyyən etmək mümkündür. Qızlıq pərdəsinin sonradan bərpa olunub-olunmadığını da həkim müayinə edərək müəyyən edə bilər”.

Bioloji faydasına gəldiksə isə, həkim  deyir ki, himenin qadın orqanizmi üçün heç bir faydası yoxdur. Sadəcə olaraq bu, qızların toxunulmamış, təmiz olduğunu ifadə edir.

 

Psixoterapevt Nihad Məmmədov bildirir ki, bəkarət anlayışı bu gün də insanlar üzərində böyük təsirə malikdir: “Bu primitiv qızlıq pərdəsi - “bəkarət simvolu” əvəzinə qız uşaqlarına ruh və bədən sağlamlığı naminə cinsi həyat haqqında məlumatların öyrədilməsi daha yaxşı olardı. Çünki bəkarət iki ayaq arasında deyil, beyində formalaşmalıdır. Bu gün ölkəmizdə və müsəlman ölkələrində qızların hər hansı bir cinsi əlaqə, sevişmə, qarşı cinslə təmas, toxunma, oral və anal seks yaşamamasına bəkarət deyilir. Amma bu gün vaginal olaraq bakirə olan qızın hər hansı bir seks növü yaşamadığına, hər hansı bir oğlanla sevişmədiyinə, təmasda olmadığına heç kim zəmanət verə bilməz. Yəni bu, bəzi qızlara aiddir. Bakirəliyi vaginal olaraq axtarmaq çox gülüncdür. Bakirəlik insanın beynində olmalıdır. Valideynlər qızlarına bunu başa salmalıdır. Bakirəlik qorxusu əsasən 14-29 yaşlarında qızlarda daha çox olur. Heç bir sekslə məşğul olmasalar belə, özlərinə şübhə ilə yanaşırlar”.

 

Psixoterapevt deyir ki, qıza “sən bakirə deyilsən”, - deyərək günahlandırmaq onda şok, kədər, hirs, günahkarlıq, günahlandırma, qayğı, narahatlıq, qorxu, təklik, yorğunluq, çarəsizlik, istəksizlik, ümidsizlik, azad hiss etməmə və peşmanlıq duyğuları yaradır.  Mədədə boşluq duyğusu, ürəkdə və boğazda sıxışma, səs-küyə qarşı həssaslıq, özünü hiss etməmə, nəfəsdə darlıq, zəiflik, ağız quruluğu da müşahidə edilir. İnamsızlıq,  düşüncələrində dağınıqlıq və ya qarışıqlıq, səhv düşüncələr, diqqət dağınıqlığı, unutma, narahat edici düşüncə və ya yuxular kimi problemlər yaşanır. Yuxu və iştaha pozuntusu,  diqqətsiz və əsəbi davranış, spirt və ya başqa maddə istifadəsi müşahidə edilə bilər. Belə halla qarşılaşan qız intihar belə edə bilər: “Bəkarətini itirən və ya bunda günahlandırılan qız günahkarlıq duyğusu yaşayır. Onda yenidən ailə qura bilməmə, sevilə bilməmə, tənhalıq, öldürülmək, döyülmək, alçaldılmaq qorxuları yaranır. Və o, bu qorxularla bacara bilmədiyi üçün intihara əl atır. Yəni bəkarətini itirən qız üçün ölüm   son çarə olur. Bəzi qızlar isə bəkarətini itirəndən sonra yenidən ailə qura bilmək üçün  yalan danışır və himenoplastikaya üstünlük verir. Mən düşünürəm ki, cəmiyyətdə   qızlara bəkarət anlayışını aşılamaqdansa, onlara dürüstlük və cinsi həyat öyrədilməlidir. Bu zaman qız cinsi əlaqədə olarkən qarşısındakı insanın kimliyi barəsində düşünər. Bəzi kişilər var ki, qarşısında olan qızın himenoplastikadan çıxıb yanına gəldiyini heç ağlına da gətirmir. Yəni bunu ancaq həkim müayinə ilə bilə bilir. Himenoplastika edən qadın yalan danışır və qız adı ilə ailə qurur, onun düşüncəsi təmiz deyil. Əgər bir qadının düşüncəsi bakirə deyilsə, cisminin “bakirə” olması nəyə yarayır? Belə ailələr çox zaman 6 ay-3 il müddətinə dağılır. Çünki qızın məqsədi sadəcə ailə qurub üzərindəki “adı” götürməkdir.   Buna görə də düşünürəm ki, cəmiyyətdə bəkarət anlayışının üzərinə gedilməməlidir.  Həyatında sevgi yaşamış, həyat yoldaşını itirmiş o qədər bədəni bakirə olmayan, düşüncəsi bakirə olan qadınlar var ki, onlara “ikinci əl məhsul” kimi baxılır. Məncə, kişilərimiz bir qədər bu barədə düşünməlidir. Bakirəlik insanın düşüncəsində olmalıdır. Düşüncəsi bakirə olan qadın bədənini də qoruya bilir”.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025