Sosial (25-02-2015, 10:52)
Masallı kəndləri 4 gündür zülmət içindədir
Ölkə ərazisində son kəskin hava şəraitinin fəsadları hələ də aradan qaldırılmayıb. Xüsusən də bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında bu gün də ciddi problemlərin qalması haqda məlumatlar gəlməkdədir.
Onların sırasında Masallı rayonun bir çox kəndləri də var. Musavat.com-a çatan bilgilərə görə, hazırda rayonun Emilli yarımstansiyasından elektriklə təmin olunan kəndlərin heç birində - Hacıtəpədə, Xırmandalıda və digərlərində 4 gündür işıq yoxdur. Sakinlərin bununla bağlı israrlı şikayətləri də vəziyyətə müsbət təsirini göstərə bilməyib.
Sakinlərin sözlərinə görə, kəndlərdəki elektrik dirəkləri əslində sovet dövründən qalma olsa da, sənədlərdə guya “təzə” kimi gedir. Guya onlar indiyədək 3 dəfə dəyişdirilib və növbəti dəfə yalnız 2018-ci ilə yeniləri ilə əvəzlənə bilər. Görəsən, insanlar gözlərinə inansınlar, yoxsa pripiskaya?
Əlavə edək ki, Masallının başqa kəndlərində (Mollaoba, Babaser və başqaları) 3 gündən sonra işıq olsa da, fasilələrlə verilir.
