Sosial / Slayd (1-02-2015, 23:06)
Şirvan şəhəri “Sənaye ili”ni uğurla başa vurmuşdur
Bildiyimiz kimi, ötən 2014-cü il cənab prezident tərəfindən ölkədə “Sənaye ili” elan olunmuşdu. İl ərzində iqtisadiyyatın sənaye sektoru hökumət tərəfindən ciddi dəstəklənmiş, bu müstəvidə fəaliyyət göstərən sahibkarlara lazımınca şərait yaradılmış, yeni-yeni sənaye müəssisələri istifadəyə verilmiş, mövcud olanların da fəaliyyəti stimullaşdırılmışdır.
Aran iqtisadi rayonunun əsas sənaye mərkəzlərindən biri olan Şirvan şəhərində keçən il uğurlarla yaddaqalan olmuşdur. Bildiyimiz kimi, elektrik enerjisi istehsalına görə respublikamızda ikinci yeri tutan Şirvanda həmçinin neft sənayesi, yüngül və yeyinti sənayesi inkişaf edib. Şəhərdə “Şirvan” DRES, “Şirvanneft” NQÇİ, yağ kombinatı, dəmir-beton məmulatları, saxsı boru, süni dəri zavodları fəaliyyət göstərir və ölkə iqtisadiyyatının formalaşmasını, dövlət büdcəsinin zənginləşməsinə, əhalinin məşğulluğunun təminatına əhəmiyyətli töhfələr verirlər.
Şirvan şəhərində sosial-iqtisadi inkişafı təmin edən mühüm obyektiv amillərdən danışanda regionun inkişafına dövlət dəstəyi, karbohidrogen ehtiyatlarını sadalaya biliriksə, başqa mühüm faktor isə tərəqqipərvər Şirvan vətəndaşlarını zəhmət cəbhəsində səfərbər edən Şəhər İcra Hakimiyyəti başçısı cənab Mərdan Camalovun səmərəli idarəetmə səriştəsi, rəhbərlik keyfiyyətləridir.
Şirvanın yaxın illərdə dotasiyaya ehtiyacı olmayacağı proqnoz edilir
Şəhərdə dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Şəhər Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Həzi müəllim nikbinliklə proqnoz edir ki, yaxın illərdə Şirvan şəhəri inkişafı o səviyyəyə çatacaq ki, rayon dotasiyadan imtina edəcək, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Şəhər İcra Hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə hər cür, xüsusilə səhiyyə xidmətinin göstərilməsini daim diqqət mərkəzində saxlayır. Onların pulsuz dərman ləvazimatı ilə təmin olunmasına ciddi nəzarət edir.Təcrübəli mütəxəssis Çingiz Əhmədovun rəhbərlik etdiyi
Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. DSMF-nun səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara göndərilir.
Onu da qeyd edək ki, DSMF Şirvan şəhər Şöbəsi xidmət etdiyi sığorta ödəyicisi və pensiyaçıları arasında həm də maarifləndirmə işi aparır.
DSMF Şirvan şəhər şöbəsi tərəfindən iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay-mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF şəhər Şöbəsində yaradılmış «Yardım masajı»nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edirlər.
ƏSMM işini günün tələbləri səviyyəsində qurur.
Ötən 2014 ci il ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Nazim Hüseynovun rəhbərlik etdiyi Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tələb olunan qədər işlər görmüşdür.Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur
Şirvan səhiyyəsinin qabaqcıllıq ənənəsi qorunub saxlanılmaqdadır
Şəhərin iqtisadi inkişafı davamlı dəstəklənsə də, sosial sfera da daim diqqət mərkəzində saxlanılır. Bu sırada şəhər səhiyyəsinin uğurlu fəaliyyətini qeyd etməyə dəyər. Şirvan şəhəri üzrə 11 səhiyyə obyekti fəaliyyət göstərir. Tarixən formalaşmış ənənəyə görə qonşu Sabirabad, Hacıqabul, Kürdəmir sakinləri öz rayonlarında çarə tapmadıqları dərdlərinə Şirvan şəhərində şəfa axtarıb, Şəhər Mərkəzi Xəstəxanasına üz tutaraq daha keyfiyyətli tibbi xidmət görmüşlər. Bu stereotipin indi də davam etməsinin səbəbi şirvanlı həkimlərin yüksək peşəkarlığı, tibb işçilərinin insan həaytına qayğı və məsuliyyətlə yanaşmasıdır. Şəhər səhiyyə sisteminə başçılıq edən Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovun öz vəzifəsinin öhdəsindən ləyaqətlə gəlməsi, Şəhər İcra Hakimiyyətinin səhiyyə məsələlərini diqqət mərkəzində saxlaması da bu sahənin uğurlarını şərtləndirir.
Altı il əvvəl şəhərdə istifadəyə verilmiş, müasir tibbi texnologiya ilə təchiz olunmuş Müalicə-Diaqnostika Mərkəzi əhaliyə göstərilən tibbi xidməti günün tələbləri səviyyəsində qurmağa imkan yaratmışdır. Məhkəmə tibbi ekspertiza, doğum evi, şəhər mərkəzi xəstəxanası və poliklinikası müasir standartlar səviyyəsində əsaslı təmir edilmişdir. Hematologiya və Transfiziologiya İnstitutunun Şirvanda fəaliyyət göstərən bölməsinin nəzdində Qan Bankı yaradılmışdır, talassemiyalı xəstələr üçün yeni şöbə açılmışdır. Təcili yardımın keyfiyyətini yüksəltmək üçün 10-dan artıq müasir tibbi yardım avtomobilləri alınmışdır.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə, o cümlədən Şirvan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi, yüksək səviyyədə təşkil olunmuşdur. Qabaqcadan bu məqsədlə Şirvan Şəhər İcra Hakimiyyətində aildiyyati qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunmuşdu. Tibbi müayinələr şəhərin üç məntəqəsində - 1 saylı sahə inzibati ərazi dairəsində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələri üzrə aparılmışdır. Yaradılmış komissiya məntəqələr üzrə tbbi müayinələrin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək məqsədilə əhali arasında təşkilati-izahat işləri aparılmış, əhalinin tibbi müayinələrdə rahat iştirakını təmin etmək məqsədi ilə nəqliyyat vasitələri ayrılmışdı. Eyni zamanda, qəsəbələrdə yaşayan ağır xəstələrin müayinə və müalicələrinin həkim komissiyasının üzvləri tərəfindən evlərdə aparılması təşkil edilmişdi. Ümumilikdə şəhər ərazisində 23000 nəfər əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulsa da, bu rəqəm 45.000-ə çatdı. Bu tədbirlərin uğurla yerinə yetirilməsinin mühüm səbəblərindən birincisi bu idi ki, hörmətli cənab M.Camalov şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrə, idarə, müəssisə rəhbərlərinə əhalinin tibbi müayinəsinin sürətləndirilməsi, mütəşəkkilliyinin təmin edilməsi ilə bağlı mütəmadi tapşırıqlar verirdi.
Mədəniyyət siyasəti uğurla yerinə yetirilir, turizmin potensialı araşdırılır
Əziz Abbasovun rəhbərlik etdiyi Şirvan Mədəniyyət və Turizm Şöbəsi şəhərdə mədəniyyət, incəsənət, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, kinematoqrafiya, muzey, kitabxana və klub işi, xalq yaradıcılığı, musiqi təhsili sahələrində dövlət siyasətini həyata keçirən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin işi tabeliyində olan orqan kimi, 2014-cü ildə də öz vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, tabeliyində olan mədəni-maarif müəssisələrinin fəaliyyətinə nəzarət etmiş, onların işini istiqamətləndirmiş və əlaqələndirmişdir. Şöbənin tabeliyində olan Mərkəzi Mədəniyyət Evi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Musiqi Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Şirvan” Mədəniyyət Evi, Füzuli adına mədəniyyət və istirahət parkı, Kinovideo Birliyi, Heydər Əliyev Mərkəzi və digər müəssisələr fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Şirvan şəhəri ərazisində dövlət mühafizəsinə götürülmüş nekropol, Kür sahilindəki bağ, yaşayış evi, təsərrüfat binası, məscid yaxşı qorunur və şəhərin gələcək turizm potensialı nəzərə alınaraq, ölkəmizin qonaqlarının marağına səbəb ola biləcək obyektlərin tərtib olunan reyestrinə daxil edilmişdir. Həmçinin turistlər üçün Şirvan şəhərinin qədim dövr tarixini əks etdirən kitab nəşr olunmuşdur.
Keçən ilin sentyabr ayında Şirvan şəhərinin mədəniyyət kollektivi Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq “Anadolu günləri-11” festivalında Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Festivalın sonuncu gecəsi “Azərbaycan gecəsi” adlandırılmışdır. Festivala getmiş iyirmi nəfərlik nümayəndə heyətində ŞİH başçısı Mərdan Camalov da təmsil olunub.
***
Şirvan şəhərinin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələrin hətta ötəri, vizual müşahidəsi belə qənaətə gəlməyə imkan verir ki, bütün sahələrdə tərəqqinin təmin olunması ŞİH başçısı cənab M.Camalovun diqqət mərkəzindədir. Şəhər rəhbəri yalnız göstəriş və tapşırıqlar verməklə kifayətlənmir, hadisələrin bilavasitə iştirakçısı olmaqla, göstərişlərin necə yerinə yetirilməsinə nəzarət edir. Mübaliğəsiz deyə bilərik ki, idarəetmədə bu cür yanaşma bütün müvəffəqiyyətlərin açarıdır.