Sosial / Slayd (25-01-2023, 08:37)
Göyçayda veterana ƏL TUTAN YOXDUR... - GİLEY
Göyçayın Mırtı kənd sakini 29 yaşlı Vüqar İsayev on ildir ki, təməli qoyulan evini tikib yekunlaşdıra bilmir. Səbəb isə imkansızlıqdır.
Meydan TV-yə danışan müharibə veteranı deyir ki, 2 yaşında anasını xəstəlikdən itirib, nənəsinin və bibisinin himayəsində böyüyüb. Hərbi xidmətini başa vurduqdan sonra dəfələrlə iş üçün müraciət etsə də, fəhləlikdən başqa iş tapa bilməyib.
Hazırda atasının ikinci ailəsi və bibisi ilə birlikdə köhnə, yaşayışa yarasız iki otaqlı evdə məskunlaşıb. Ötən əsrin 50-ci illərində tikilən evin isə nə tavanı, nə divarı, nə də şəraiti yaşayışa uyğundur.
Deyir ki, onun istəyi bir müharibə iştirakçısı kimi aidiyyəti qurumların onun evinin tikintisinə kömək etməsidir, ancaq müraciətlərinə baxan yoxdur. Əvəzində: “Get özümüz səni çağırarıq”, – deyib yola salırlar.
Vüqar İsayev 2020-ci ilin sentyabrın 21-dən dekabrın 31-dək Suqovuşan, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib:
“Çətinlik, soyuq bilməmişəm. Topçu olmuşam. Canımı belə verməyə hazır idim. İki medalım var. İki dəfə Göyçayın icra başçısının qəbuluna getmişəm. İlk dəfə görüş oldu, dedilər ki, özümüz, çağıracağıq. Sonra yenə qəbula getdim, buraxmadılar. Dəfələrlə vəd verib aldadıblar. Heç bir rəsmi işim yoxdur, işsizəm, ancaq torpaq əkib, heyvan saxlamaqla dolanırıq. Ailədə 6-7 nəfərik, 52 yaşlı bibimə də mən baxıram. Tək gəlirim 80 manat veteran pensiyasıdır”.
“Yaşadığımız tikili 70 ilin evidir. İki ailə hər an uçub-dağılma ehtimalı olan evdə qalır. Arada digər əmimin evində qalırıq. Onun da şəraiti yoxdur. İş də yoxdur ki, gedib işləyəsən, ayda maaş alasan. Hazırda dükana 600 manat borcluyam”, – deyə İsayev bildirib.
“6-7 nəfər iki darısqal otaqda qalırıq”
O deyir ki, heyvanlarını sataraq, eləcə atasının və qazi əmisinin köməkliyi ilə yeni tikilən evinin divar hörgüsünə yetəcək qədər mişar daşı alıb.
Divarın hörgü işlərini kənd sakinləri ilə birlikdə vurub yekunlaşdırmağı planlaşdırsa da, evini tikib köçməyə ümüdsizdir. Çünki nə maddi vəsaiti, nə tikinti materialı var ki, işi tamamlasın:
“10 ildir ki, bu evi tikməyə başlamışam. Tikinti materiallarına kömək lazımdır ki, başladığım işi bitirim. İmkansızlıqdan heyvanlarımı satdım. Bilirəm ki, vəsait və tikinti materialı olmadığından ev yenə yarımçıq qalacaq. Aylıq 80 manatlıq təqaüd isə ancaq ərzaqa gedir. Banklar da kredit vermirlər ki, təqaüdün məbləğ azdır. Əlavə gəlir yeri tələb edirlər. Evin tikintisinə gücüm çatmır, yaş da ötür. 6-7 nəfər iki darısqal otaqda birgə qalırıq. Subayam, ailə qurmalıyam. Evsiz necə? İndi bibimlə evsiz, şəraitsiz bir durumda qalmışıq. İş olsa, yaxşı olar. İki otaqlı evin ərsəyə gəlməsi üçün bundan sonra 20 min lazımdır. Lap 15 mininə kömək olsa, nəsə etmək olar. Hansı quruma gedirəmsə, xahiş edirəm ki, pul deyil, material şəklində kömək etsinlər. Çox istərdim ki, aidiyyəti qurumlar müraciətlərimi nəzərə alsınlar. Biz də heç olmasa, bir otağı tikib köçə bilək”.
“Müharibə olsa, yenə birinci bizim uşaqları aparacaqlar”
Müharibə iştirakçısının atası Gündüz İsayev işsizdir, arada fəhləliklə gunəmuzd qazana bilir. Özü də iki il birinci Qarabağ döyüşlərində iştirak edib. İndi isə köhnə evdə yaşadığını, xəstə həyat yoldaşı, iki qız övladına güclə baxdığını deyir.
Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarına etdikləri müraciətlər nəticəsiz qalır:
“1994-96-cı illərdə iki il Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Mən bir ata kimi dəfələrlə aidiyyəti qurumlara evə, veteranlığıma görə müraciət etmişəm. Heydər Əliyev Fonduna, ölkə başçısına, rayon icra hakimiyyətinə yazıb kömək istəmişəm. Məktublarıma cavab veriblər ki, ərizənizə baxılacaq, amma nə nəticə var, nə də dəstək. Qardaşım Nüsrət İsayev də (Vüqar İsayevin əmisi – red) Qarabağ qazisidir. Ona da ev tikilməli idi, ancaq tikilməyib. Oğlum da döyüşüb, iki medalı var. Nə olar ki, dövlət bizim bu müraciətə baxa. Qaldığımız evin arxa divarı çökür. Hər yer çatlaqdır. İş olandan-olana fəhlə işləyirəm. Pul istəmirik ki, material versinlər. Yenidən aidiyyəti qurumlara məktub yazmışıq. Hələ də cavab yoxdur, amma müharibə olsa, yenə birinci bizim uşaqları aparacaqlar”.
“YAŞAT” Fondu və ƏƏSMN onlara aid olmadığını deyir…
“YAŞAT” Fondunun mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev Meydan TV-yə bildirib ki, müraciət edən şəxs müharibə veteran olduğundan fondun subyekti hesab olunmur:
““YAŞAT” Fondunun subyektləri Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvləri olduğundan şəxsin müraciətinə baxılması Fondun səlahiyyətləri xaricindədir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Sosial Xidmətlər Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov da vətəndaşın müraciəti ilə bağlı sorğuya oxşar cavabı verib:
“Şəhidlərimizin ailə üzvləri və müharibə əlillərimizin mənzil şəraitinin yaxşılaşdırılması ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər. İsayev Vüqar Gündüz oğlu qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili olmadığı üçün onun mənzil ya fərdi evlə təminatı Nazirliyin səhahiyyətləri xaricindədir”.
“Hələ bilmirik ki, bizə nə ayrılacaq, nə edə bilərik…”
Göyçayın icra başçısının müavini Zivər Zeynalova Meydan TV-yə deyib ki, bu cür müraciətlər üçün büdcədən pul ayrılsa da, imkanları çərçivəsində qismən kömək olunur:
“O da ancaq yerindəcə baxış keçirilib, yekun rəy verildikdən sonra. Bu il üçünsə hələ büdcədən pul ayrılmadığından dəqiq heç nə deyə bilməyəcəyik”.
“Ötən il icra hakimiyyətinə vəsait ayrılmışdı. Müəyyən vətəndaşlar üçün işlər görüldü. İndi isə il yeni başlayıb. Hələ büdcəmiz formalaşmayıb. Hələ bilmirik ki, bizə nə ayrılacaq, nə edə bilərik?! Ona görə də gəlib yerindəcə baxış keçirəcəyik, memarlığın əməkdaşlarını yönləndirəcəyik ki, baxsınlar. Ancaq deyim ki, o evi tamamilə tikəcəyik yox. Bunu hələ dəqiq bilmirik. İşə gəlincə, ancaq marketdə və konserv zavoduna minumum əməkhaqqına fəhlə işi var. İstəsə, gedib orada çalışar, yox, istəməsə, artıq başqa işimiz də yoxdur”, – deyə icra başçısının müavini bidirib.
Meydan TV
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024