Sosial / Redaktor seçimi (Dünən, 23:25)
240 min vergi borcu, ölüm və koma qalmaqalları... – “MedAura” klinikası adını niyə dəyişir? – ARAŞDIRMA
240 min manatdan çox vergi borcu, uğursuz əməliyyatlar, ölüm və koma qalmaqalları ilə gündəmə gələn “MedAura” klinikası fəaliyyətini dayandırmaq əvəzinə adını dəyişərək yenidən bazara qayıtmağa hazırlaşır.


- 2019-cu il Estetik əməliyyat zamanı 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra həyatını itirib. 2023-cü il Lamiyə Kərimova burun əməliyyatının uğursuz olduğunu bildirərək klinikadan şikayət edib.
- 2024-cü il aprel Lətafət Məmmədova septoplastika əməliyyatından sonra səhhətinin daha da pisləşdiyini iddia edib. 2024-cü il may Pasiyent üzərində lipoma əməliyyatı aparılmalı olduğu halda əməliyyatın liposaksiya kimi icra edildiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə klinika 6000 manat cərimə olunub.
- Ən böyük qalmaqal isə ötən il baş verib. 2024-cü il aprelin 30-da Nigar İlham qızı Budaqlı burun əməliyyatı zamanı komaya düşüb. Hadisə ilə bağlı lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb. Pasiyentin əməliyyatdan sonrakı ağır vəziyyətini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş yayılıb və hətta xarici mediada da işıqlandırılıb.


Qalmaqallı baş həkimin yeni klinikası
MedAura-da uzun müddət baş həkim olmuş Nigar Məhəmmədova daha sonra MediHall adlı klinikada fəaliyyətini davam etdirib. Lakin bu müəssisədə də qalmaqal yaşanıb. 2025-ci ilin fevralında bədənşəkilləndirmə əməliyyatı etdirən 41 yaşlı Nigar İsmayılova həyatını itirib. Səhiyyə Nazirliyi isə açıqlayıb ki, Nigar Məhəmmədova rəsmi plastik cərrahlar siyahısında yoxdur.
Faktla bağlı Baş Prokurorluq araşdırma aparır.

Ad dəyişmək problemləri həll edəcək?
Onlarla şikayət, ölüm hadisələri, cinayət işləri, vergi borcu və lisenziya pozuntuları… Bütün bunlardan sonra MedAura klinikasının sadəcə adını dəyişərək fəaliyyətini davam etdirməsi ciddi suallar doğurur. Əgər klinika həqiqətən də yeni adla bazara qayıdacaqsa, o zaman əsas sual dəyişməz qalır: Bu qədər qalmaqala baxmayaraq, klinikanın arxasında duran kimdir?
Aygün Musayeva
MEDİCİNA.AZ


























