Tokio-2020 Yay Olimpiya oyunlarında idmançılarımızın qızıl medal qazana bilməməsi cəmiyyətdə müzakirə mövzularından biridir. Bu da səbəbsiz deyil: Azərbaycan idmana dövlət qayğısı baxımından dünyada nümunəvi ölkə imicinə malikdir, "idman ölkəsi" olaraq tanınır. Odur ki, son Olimpiadanı həm qızıl medalsız başa vurmağımız, həm də London-2012 və Rio-2016 Yay Olimpiya oyunları ilə müqayisədə daha zəif nəticə göstərilməsi təəccüb doğurur. Lakin son illərdə Gənclər və İdman Nazirliyi (GİN) daxilində baş verən neqativliklər belə bir təəccübə əl yeri qoymur. Adıçəkilən qurumda əməlli-başlı korrupsiya mexanizmi qurulub, nəticədə nazirliyin məsul olduğu sahələrdə əməlli-başlı durğunluq hökm sürür.
Olimpiya idman komplekslərinə ayrılan pullar hara gedir? Başlayaq GİN-in idman sahəsinə məsul nazir müavini İsmayıl İsmayılovdan... Uzun illər boyunca Azərbaycanın şəhər və rayonlarında olimpiya idman kompleksləri inşa edilib, bu komplekslərin tikintisi üçün milyonlarla manat xərclənib. Üstəlik, sözügedən idman qurğularının saxlanılması üçün büdcədən hər il külli miqdarda vəsait ayrılır. Məqsəd? Məqsəd aydındır: Azərbaycanda bacarıqlı, qabiliyyətli idmançılar yetişdirmək və onlardan mötəbər turnirlərdə faydalanmaq! Lakin son Olimpiadada ölkəmizi təmsil edən yığmanın əksər üzvləri başqa ölkələrdən cəlb edilən və əksəriyyəti də uğurzu nəticə göstərən idmançılar – legionerlər idi. Sual olunur: bir halda ki, Azərbaycanın beynəlxalq yarışlarda bu qədər legionerə ehtiyacı var, elə isə olimpiya idman komplekslərinin funksionallığı nədən ibarətdir? Məsələ burasındadır ki, nazir müavini İsmayıl İsmayılovun kurasiya etdiyi bu idman qurğuları korrupsiya mənbəyinə çevrilib. Məsələn, həmin komplekslərin saxlanılması üçün tələb olunan büdcə şişirdilir, ardınca ayrılan vəsaitlərin 25-30 faizi geri qayıdır və faktiki olaraq İ.İsmayılovun cibinə gedir. Üstəlik, GİN-in yerli idarələri də adıçəkilən nazir müavininin nəzarətindədir və oxşar hal həmin idarələrlə bağlı da yaşanır. Əvəzində isə olimpiya idman komplekslərinin əksəriyyətinin fəaliyyəti tamamilə iflic vəziyyətindədir, təyinatından kənar fəaliyyət göstərir və bəziləri üçün gəlir rolunu oynayır. Qaranlıq qrantlar... Başqa bir nazir müavini İntiqam Babayevlə bağlı da xoşagəlməz iddialar mövcuddur. Bildirilir ki, nazirlikdə QHT-lərlə və idman federasiyaları ilə işi kurasiya edən Babayev hansısa (!) səbəbdən bir neçə deputatın himayəsindəki qeyri-hökumət təşkilatlarını böyük bir "səxavət"lə maliyyələşdirməkdədir.


Həmin millət vəkilləri arasında Şahin İsmayılov, Vüqar İsgəndərov, Nigar Arpadari, Könül Nurullayeva var. Maraqlıdır ki, burada da olimpiya idman kompleksləri ilə bağlı "ssenari" işə düşür: həmin QHT-lər üçün ayrılan vəsaitlərin də 35-40 faizi geri qayıdır və faktiki olaraq mənimsənilir. Məlumatlı mənbələrin sözlərinə görə, GİN rəhbərliyi faktiki olaraq sağlam gənclərə və onların təmsil olunduqları qeyri-hökumət təşkilatlarına qarşı laqeyd davranır, həmin gənclərin layihələrinə maliyyə dəstəyi verməkdən imtina edir. Əli Həsənov – Azad Rəhimov – İntiqam Babayev üçbucağının "məhsulu" olan sözügedən ayrıseçkilik isə ölkə rəhbərliyinin gənclər siyasətinin məqsəd və hədəflərinə tamamilə ziddir. İddialara görə, nazir müavini İntiqam Babayev həmçinin ayrı-ayrı şəhər və rayonlarda yaradılan Gənclər Evlərini də nəzarətində saxlayır, həmin Gənclər Evlərinin fəaliyyətinin maliyyələşdirilməsi adı altında da böyük məbləğdə pullar "silinir". Nazirliyin torpaq sahəsində göydələn tikilibmiş... GİN daxilində dərin kök salan korrupsiya ilə bağlı faktlar bununla kifayətlənmir. İddialardan belə məlum olur ki, nazirliyin sabiq və mərhum rəhbəri Azad Rəhimovla yanaşı, onun müavinləri də vəzifədə olduqları müddətdə sərvətlərini görünməmiş dərəcədə artırıblar. Məsələn, A.Rəhimov vaxtilə nazirliyin "Gənclik" metrostansiyası yaxınlığındakı torpaq sahəsini özəlləşdirib, daha sonra isə onun oğlu Arif Rəhimov həmin torpaq sahəsində göydələn inşa etdirib. Həmin yüksək mərtəbəli yaşayış binasındakı mənzillər fantastik qiymətə satışa çıxarıldıqda isə alıcılar arasında mərhum nazirin müavinləri, həmçinin nazirliyin digər yüksək vəzifəli şəxsləri də olublar. Azad Rəhimovun Bakıda təşkil olunan "Formula-1" yarışları üçün ayrılan pulların bir qismini də müxtəlif vasitələrlə mənimsədiyinə dair iddialar var. Hazırda isə həmin pullar onun Londonda yaşayan oğlu tərəfindən İngiltərə paytaxtında şəxsi biznes məqəsdləri üçün "fırlanır". Nazir müavinləri İsmayıl İsmayılovla İntiqam Babayevə gəlincə, onlar da özlərinə dəbdəbəli həyat və geniş biznes şəbəkəsi qumağa nail olublar. Hər iki nazir müavininin paytaxtın "milyonçular məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində, eləcə də digər mərkəzi yerlərində mənzilləri, Novxanı, Mərdəkan və Şüvəlanın dənizkənarı ərazilərində çoxmilyonluq mülkləri var. Əvəzində isə məlum deyil ki, məsələn, külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq Gəncə şəhərindəki olimpiya idman kompleksinin inşası niyə yubanır, bu kompleksin tikintisi hansı səbəbdən başa çatdırılmır? Yoxsa həmin idman qurğusu üçün nəzərdə tutulan pulların bir hissəsi də kirli maraqlara qurban gedib?! Yeri gəlmişkən, nazir müavinlərindən İ.İsmayılovun tiknti biznesinin varlığı kimsəyə sirr deyil. Onun bu işləri Akif adlı qudası ilə birgə həyata keçirdiyi, vəzifəsinin verdiyi imkanlardan yararlanaraq hətta nazirliyin bir çox tikinti layihələrini də öz şirkətlərinə gördürdüyü barədə məlumatlar dolaşır. Gəncədə təhvil verilməsi yubanan olimpiya idman kompleksi ilə bağlı müəmma da məhz bu kontekstdə ayrıca maraq doğurur. Sadalanan bütün bu iddialar fonunda, yazının lap əvvəlində də qeyd elədiyimiz kimi, nə sonuncu Yay Olimpiya oyunlarında idmançılarımızın qeyri-qənaətbəxş çıxışı, nə də ayrı-ayrı idman federasiyalarının artıq formal xarakter daşıyan fəaliyyəti təəccüb doğurmamalıdır. Eyni zamanda cənab Prezidentin Azərbaycanda gənclər və idman siyasətinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyi, bu məqsədlə isə dövlətin hər cür dəstək və qayğı göstərməsinin müqabilində GİN-də çoxsaylı nöqsanların varlığı qəbuledilməzdir. Aydın görünür ki, adıçəkilən qurumda aidiyyatı qurumların genişmiqyaslı yoxlamalar aparmasının, təftişlər həyata keçirməsinin vaxtı çatb. Şübhə yoxdur ki, belə yoxlamalar, təftişlər aparılacağı təqdirdə, məsələn, Əbülfəs Qarayevin zamanında Mədəniyyət Nazirliyini çulğamış rüşvət və korrupsiya mexanizmindən geri qalmayan nöqsanlar, qanunsuzluqlar ortaya çıxacaqdır.

Unikal.org