Slayd / Təhsil (23-08-2023, 08:48)
Məktəbli forması ətrafında ikibaşlı oyun oynanır
Müstəqilliyimizə qovuşduğumuz gündən bəri təhsilimizin başına kimlər gəldi, kimlər getdi. Hər gələn ya özü ilə nəsə apardı, ya da özü ilə nəsə gətirdi. Gedəndə də ya qazandığı ilə təqaüdə göndərilib, ömürlük dərd-qəmdən uzaq həyat sürdü, ya da Təhsil naziri postundan başqa bir posta təyinat aldı. Bir qədər kobud səslənsə də, Azərbaycan təhsili bu posta təyin olunan bir çox məmur üçün təlim düşərgəsi rolunu oynadı. Onlar sanki ya təqaüdə çıxacaqları günü gözlədiklərindən, ya da daha yaxşı bir vəzifəyə təyinat alacaqlarından dolayı heç vaxt təhsil sahəsinə ciddi yanaşmadılar.
Vicdanla desək, Emin Əmrullayev digərləri kimi olmadı. Ən azından, onun tənqidi qəbul etmək, problemi böyütmək, ya da malalamaq yox, onun həlli istiqamətində addımlar atmaq, jurnalistlərin suallarını sonadək dinləyib, özünəxas üslubu ilə cavablandırmaq kimi başqalarında az-az rastgəlinən nümunəvi davranışları var. Məmur təkəbbüründən uzaq olan bu adam əlindən gəldiyi qədər təhsil sahəsində nələrisə dəyişməyə cəhd etsə də, yumşaqxasiyyət olmağındanmı, səbrli, təmkinli olmağındanmı bilmirəm, eləbil, tabeliyindəkilərə sözünü həddindən artıq "şirin dil"lə deyir. Adam göstəriş verir, dəfələrlə bəyan edir ki, məktəblərdə forma geyinmək zəruri deyil, heç kimi buna görə məcbur etmək olmaz. Bu tərəfdən "oldu, cənab nazir" deyilir, o biri tərəfdən də kim nə bilir, onu da edir. Məktəblər valideynləri övladlarına hansısa formanı almaq haqda bir başa göstəriş verir, deyir, "bax, ölçüsü, rəngi və tikilişi belə olacaq, get, al". Valideyn yazıq da məktəbin açılmasına hələ bir ay qalmış gedib Bakı Tikiş Evinin qabağında başına günəş döyə-döyə növbə tutub, sırasını gözləyir. Ölkənin təhsili 90-cı illərin əvvəlindəki Azərbaycan hakimiyyətini xatırladır. Rəhmətlik Elçibəyin sözü olmasın, bir fağır nazir tapıblar, sağdan da döşəyirlər, soldan da. Adam tapşırıq verir, verdiyi tapşırıq havada qalır. Məktəb direktorları öz bildiyi havanı çalır. Biraz araşdırırsan ki, bu nə haqq-hesabdır? Dərindən səs gəlir ki, Təhsil İdarəsi belə göstəriş verib. İdarədən soruşursan, onlar da deyir ki, biz elə göstəriş verməmişik. Elə isə bu direktorların valideynlərlə, şagirdlərlə dərdi nədir? Əgər bu formalar könüllülük prinsiplərinə dayanırsa, niyə hər dərs ilinə yaxın BTE-nin qarşısı valideyn-uşaq selinə məruz qalır? Kim öz xoşu ilə işini-gücünü atıb, istinin altında uşağı ilə növbə gözləyər?
İndi sistemi izah edim, bu formalar valideynlərə necə aldırılır, bilin. Deməli, sinif rəhbəri ilə "babat" münasibəti olan bir valideyn vatsapdakı "valideynlər qrupu"na yazır: "Hörmətli valideynlər, uşaqların sinif rəhbəri mənə dedi ki, qrupdakı valideynlərə tapşırım, şagirdlər bu il məktəbə filan geyimdə gəlsinlər. Qoy, sinifimiz digərlərindən fərqlənsin, hamı səliqəli görsənsin". Vəssalam, bu mesajdan sonra valideynlər axışır Bakı Tikiş Evinə. Ora əli çatmayanlar da "qara bazar" vasitəsilə övladına məktəbli forması təmin edir. Əsas odur, onun övladı digərlərindən fərqlənməsin, sinifdə gözümçıxdıya salınmasın, hər dəfə sinif rəhbərinin fısıltısını, deyinməsini eşitməsin. Bu məktəbli forması elə bir balıq sümüyü olub, keçib camaatın boğazına. Neçə universitet bitirmiş, işinin peşəkarı olan o boyda nazir də bu "bazar"ın öhdəsindən gələ bilmir. Hansısa məktəbdə qapıdan içəri girməkdə çətinlik çəkən bir sinif rəhbəri ölkənin Təhsil nazirinin birbaşa göstərişini bir qulağından alır, o birindən buraxır. İndi Azərbaycanda hər bir sinif rəhbəri öz sinfinin, hər məktəb direktoru da öz məktəbinin naziridir.
Mətin Şükürlü, Bizimyol.info
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024