Slayd / Təhsil (22-04-2023, 15:29)
“Məni yüksək nəticə ilə ehtiyata saldılar, 6 bal toplayanı direktor etdilər”
Bu şikayətlə “Qafqazinfo”ya hazırda Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov müraciət edib.
16 ildir müəllim olaraq çalışan Rauf Məlikov müraciətində bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən keçirilən seçimlər zamanı ona qarşı haqsızlıq olub: “Məktəbimiz iki ildir fəaliyət göstərir. Açıldığı vaxtdan burada çalışıram. 2021-ci ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatıldım və 33 bal topladım. Həmin il pandemiya səbəbi ilə bizi müsahibəyə çağırmadılar. 2022-ci ilin aprel ayında vakansiya seçiminə çağırdılar. Vakansiya kimi elə öz çalışdığım təhsil ocağını, Cəlilabad şəhər 9 saylı məktəbi seçdim və müsahibəyə qatıldım. Müsahibədə də region üzə ən yüksək nəticəni topladım. Mənimlə yanaşı ikinci müavin də imtahana qatıldı. Lakin o müsabiqədən keçə bilmədi. 60 baldan cəmi 6 bal topladı. Məni ehtiyat kadra atdılar və əsas kimi də göstərdilər ki, guya 9 nömrəli məktəb müsahibə vaxtı 500-dən çox şagirdi olan məktəblər siyahısına düşüb. Biz isə 500-ə qədər şagirdi olan məktəblər üçün imtahan vermişik”.
Müəllimin sözərinə görə, əslində onlar imtahan verən zaman belə bir anlayış olmayıb: “Bizim məktəbin şagird sayı yanvar ayının hesabatında artıq 500-dən yuxarı olub. Mən isə vakansiyanı aprel ayında seçmişəm. Bu regionun günahıdır. Niyə yanvar ayının hesabatında 500-dən yuxarı şagirdi olan məktəbi aprel ayında 500-dən aşağı şagirdi olan məktəblər siyahısına salıblar? Nəticə etibarilə mən də bu məktəbi seçmişəm. Məni ehtiyat kadra atdılar, lakin 6 bal toplayan digər müavini müvəqqəti əmək müqaviləsi bağlayaraq direktor vəzifəsini verdilər”.Rauf Məlikov bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumların qəbulunda da olub: “Region idarəsinin rəhbərinin də, inzibati şöbənin də qəbulunda olmuşam. Məsələ ilə bağlı nazirliyə də müraciət etmişəm. Mən ehtiyat kadra düşməkdən şikayətçi deyiləm. Lakin işin şəffaf olması üçün ən azı 6 bal toplayan müəllimlə yox, mənimlə müqaviləni bağlayardılar. Mən olmasam belə biliyi və bacarığı olan bir şəxsin direktor təyin edilməsi daha məqsədəuyğun olardı”.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimiz belə cavablandırıldı: “Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində 2022-2023-cü tədris ilinin birinci yarısında I-XI siniflər üzrə şagird sayı 601 nəfər, tədris ilinin ikinci yarısında isə I-XI siniflər üzrə şagird sayı 608 nəfər olub.
Müraciətinizə cavab olaraq bildiririk ki, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə, eləcə də Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbinə direktorların işə qəbulu prosesi Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə həyata keçirilir”.