Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-10-2014, 20:27)
Zəngilan torpaqları Suriya ermənilərinə paylanır

Artıq 21-ci ildir ki, 1993-cü ildə işğal edilmiş digər bölgələrimiz kimi, Zəngilan haqqında da bu sözləri deyirik: “İnşallah, gələn Yeni İli, gələn Novruzu Zəngilanda keçirərik!..”. Amma dünyanın və regionun mövcud gerçəklikləri bu arzunu həqiqətə çevirməyə hələ ki, imkan vermir. Gücümüz hələ ki, BMT-nin qətnamələrini təkrarlamağa, ATƏT-in filan sammitindəki prinsiplərini sadalamağa, Qarabağdakı qeyri-qanuni “seçkilərə” və digər “rəsmi” tədbirlərə qarşı bəyanat verməyə, bir də ermənilərin faktiki yaşadıqları ərazimizdəki quruma qondarma deyib, adını dırnaq arasında yazmağa çatır. Ancaq biz nə qədər dırnaqarası baxsaq da, ermənilər XX əsrdə Qərbi Azərbaycan torpaqlarından əlavə, 10-dan çox şəhərimizə, 1000-dən çox kənd və qəsəbəmizə pis-yaxşı sahibləniblər. Və bir gerçəklik də budur ki, biz Bakıda Zəngilan qaçqınlarını Müşfiqabadda yaraşıqlı evlərə yığdığımız bir vaxtda, ermənilər Zəngilanın özündə yeni yaşayış binası, yeni bağça, yeni xəstəxana tikir və üstəlik, oraya Suriya qaçqınlarını da yığırlar. Və bu gün o torpaqlarda de-fakto Zəngilan rayonu yoxdur. “Kaşatak rayonuna” daxil olan “Kovsakan şəhəri” var. Və Zəngilan adlandırdığımız məkanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov deyil, “Kaşatak rayonunun icra başçısı” Suren Xaçaturyan və “Kovsakan şəhər inzibati idarəsinin başçısı” erməni dığası Razmik Markaryan idarə edir.

1997-ci ildən məskunlaşdırılmağa başlayan Zəngilanda bu gün 135 ailə, 857 nəfərin yaşadığı bildirilir. Şəhərdə daimi işıq olsa da, hələ qaz yoxdur. Ermənistanın Qafan şəhərindən qaz balonları gətirilir. Həm də çoxbilmiş ermənilər yanacaq problemini başqa cürbəcür yollarla da həll etməyə çalışırlar. Məsələn, Zəngilanın keçmişdə qəsəbə olan Mincevan kəndində “Aravud” kampaniyası qamışdan qənaətli istilik almaq üçün avropalıların istifadə etdiyi xüsusi qurğu işə salıb.

Zəngilan daha çox cəmi 25 km məsafədə yerləşən Qafanla əlaqədədir. Həftədə 3 dəfə Qafana avtobus gedir. 110 km uzaqlıqda yerləşən “Berdzor” adlandırılmış “Kaşatak rayonunu”nun mərkəzi” olan Laçına isə Zəngilan erməniləri avtobusla hər gün gedib-gələ bilərlər. Xankəndiyə və İrəvana isə həftədə iki dəfə avtobus yollanır.

İndi Zəngilanda ermənilər su problemlərini həlli etməyə çalışırlar. Ötən qış sudan çox əziyyət çəkiblər. Sakinlər 3 ay dalbadal suyu yalnız məktəbin yanındakı mənbədən götürə biliblər. 2013-cü ilin sentyabrında “Karabaxtelekom” şirkəti şəhərdə simsiz telefon rabitəsi və internet xidmətinin təşkilinə start verib. Artıq Mincevan və Van kəndlərində də internet işləyir. Ermənilərin “Tufenkyan” xeyriyyə fondu bütün “Artsaxda” olduğu kimi, Zəngilanda da bir sıra tikinti işlərinə dəstək verir. 2014-cü ilin aprelində qondarma DQR “prezidenti” Bako Saakyan Zəngilanda çoxmənzilli yaşayış binasının açılışında iştirak edib, yeni təmir edilməkdə olan xəstəxanada olub və təzə uşaq bağçasının tikinti meydançasına baş çəkib. Cəmi iki gün öncə - oktyabrın 27-də isə yenidən Zəngilanda olan B.Saakyan məşhur erməni “xeyriyyəçisi” Vardan Sermakeşlə birgə uşaq bağçasının və yeni təmir edilmiş xəstəxananın açılışında iştirak edib.

Hazırda Zəngilanda Suriyadan qaçmış 14 erməni ailəsi (təxminən 150 nəfərə yaxın) də yaşayır. Suriyalı ermənilərə adambaşı 50-100 hektar torpaq, yaşayış yeri və kredit verilir. Qeyd edək ki, “DQR” “qanunları”na görə Suriya qaçqınları 10 ildən sonra bu gün onlara pulsuz verilmiş evlərin “tamhüquqlu sahibi” olacaqlar. Suriyadan işğal edilmiş Azərbaycan ərazilərinə gəlmiş ilk ermənilərdən olan Jirayr Tonopetyan deyir ki, onların ailəsi 2009-cu ildə 100 hektar sahədə buğda əkirdilərsə, 2011-ci ildə artıq 180 hektardan məhsul götürməyə başlayıblar. Gələcəkdə 250-300 hektarda taxıl yetişdirməyi planlaşdırırlar. Mqer Tonopetyan isə digər suriyalı Pol Alaqaçla birgə qarpız becərməklə məşğuldur. Onlar 600 hektar sahədən qarpız yığmağı qarşılarına məqsəd qoyublar. Hətta ərazidə pambıq becərməyi də düşünürlər. Jirayr isə noxud və lobya yetişdirməyə daha çox üstünlük verir. Göründüyü kimi, Zəngilanda boş qalmış məhsuldar torpaqlarımızı suriyalı ermənilər əkib-becərir. Sabah onların arasından PKK-çı və ya İŞİD-çinin peyda olacağına heç kəs zəmanət vermir. Və onların Qarabağa daha hansı “toxum” səpəcəkləri də sual altındadır...

Zəngilanın İranla sərhədində ermənilər 2010-cu ildə yeni sərhəd zastavası tikiblər. Ancaq sovet dövründən qalma sərhədçi əsgər abidəsi yerində qalır. Sərhədin İran tərəfində Arazın düz yanından Bakıdan Naxçıvana gedən avtomobillər görünür. Ermənilər Qarabağda ən dadlı Zəngilan qarpız-yemişini də elə sərhəd yaxınlığında yetişdirirlər.

Bəzi erməni mənbələrinin verdiyi məlumata görə, Rusiyanın “RECO-Qarantiya” sığorta şirkətinin sahibləri olan məşhur erməni milyarderlər Nikolay və Sergey Sarkisovların ayırdığı maliyyə hesabına işğal altındakı Kəlbəcər, Ağdərə və s. bölgələrdə olduğu kimi, Zəngilan yaxınlığındakı Tondirqet qızıl yatağının da istismarına başlanılıb. Qeyd edək ki, oktyabrın 27-də Zəngilanda səfərdə olmuş separatçı qurumun rəhbəri B.Saakyan sözügedən qızıl yatağına da baş çəkib.

“DQR” rəhbərliyi Zəngilanda erməni qadınları da işlə təmin etmək üçün tədbirlər görür. “Artsaxfond” kampaniyasının təşəbbüsü ilə şəhərdə Qadın Əl İşləri Assosiasiyası yaradılıb. Qurumda artıq 20 qadın çalışır, tezliklə onların sayını 50-yə qaldırmağı düşünürlər. Bu il oktyabrın əvvəlində Zəngilanda erməni qadınların əl işləri sərgisi keçirilib. Sərgidə məhrəbalar, papaqlar, mobil telefonlar üçün qablar, mürəbbələr, quru meyvələr, suvenirlər və rəsmlər nümayiş etdirilib. Üzərinə müxtəlif dillərdə “Qarabağda düzəldilib” yazılan məhsullar xaricdə, əsasən Livanda satılır. Sonuncu sərgidə qadınlardan birinin çəkdiyi rəsmin hərracda ilkin qiyməti 80 dollar olub və sonda həmin rəsm 300 dollara satılıb.

Əlbəttə, ermənilərin torpaqlarımızda gördüyü işlərin, keçirdikləri tədbirlərin səviyyəsi və miqyası bizim üçün gülməli, bizim Bakıda, bölgələrdəki tikintilərimiz, abadlıq işlərimiz isə ermənilər üçün əlçatmaz nağıldır. Amma təəssüf ki, bütün çalışmalarımıza rəğmən Qarabağın, o cümlədən, Zəngilanın azadlığı da bizim üçün hələ ki, nağıl olaraq qalır...

Sultan Laçın

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024